
“Meydan TV işi” üzrə keçirilən son məhkəmə prosesinin başlanğıcında bu iş üzrə həbs olunan jurnalist Aytac Tapdıq təqsirləndirilən 12 nəfərin hər birinin şüşə qəfəsinin içərisindən çıxaraq vəkilinin yanında əyləşmək istədiyini bildirib. Bu zaman hakim Aytən Əliyeva onun sözünü kəsərək çıxış etməsinə imkan verməyib. Aytac Tapdıq çıxışına yüksək səslə davam etməli olub:
“Ötən məhkəmədən sonra prosesin gedişini pozmaq adı ilə bizə akt tərtib etmisiniz. Davamında təcridxanada rəis müavini Cavid Güləliyevin rəhbərlik etdiyi dəstə tərəfindən fiziki zorakılıq görmüşük. Buradan bəyan edirəm ki, təcridxana rəisi Elnur İsmayılov da, Cavid Güləliyev də şahmat taxtasının kiçik fiqurlarıdır. Bizə qarşı olan zorakılığın göstərişi onlardan yox, İlham Əliyevdən, Prezident Administrasiyasından gəlir.
Siyasi məhkəmə işlərindəki təcrübəsinin zəifliyindən dolayı Aytən Əliyevanın prosesi idarə edə bilməməsi başadüşüləndir. Bilinməlidir ki, qəfəsin içində saxlanılmaq insan ləyaqətini alçaldan davranışdır. Belə olarsa biz məhkəməyə gəlməkdən imtina edə bilərik. Hakimlər, bilin ki, İlham Əliyevin bacarmadığını siz bacara bilməyəcək, bizim səsimizi kəsə bilməyəcəksiniz”.
Məhkəmədə təqsirləndirilən şəxslər və vəkillər hakim heyətinə də etiraz edərək onların dəyişdirilməsini tələb ediblər. Çıxış edən vəkillər deyiblər ki, məhkəmənin əvvəl təqsirləndirilənlərin onların yanında əyləşə biləcəyi qərarı verməsi, indi isə, əksinə olaraq, şüşə qəfəsdə qalmaları yönündə qərar çıxarması hakimlərin müstəqil qərar verdiyini sual altına qoyur.
Sədrlik edən hakim təqsirləndirilən şəxslərin bu vəsatəti müdafiə etməsinə imkan vermədikdə Aytac Tapdıq yüksək səslə ona “Aytən Əliyeva, çıx zaldan!” deyib. Bu zaman hakimlər zalı tərk ediblər.
Jurnalist Bakı İstintaq Təcridxanasında məruz qaldıqları zorakılıq və cinsi qısnama ilə bağlı məhkəmə tərəfindən Baş Prokurorluğa təqdimat verilməsini, rəis Elnur İsmayılov və onun müavini Cavid Güləliyevin cinayət məsuliyyətinə cəlb olunmasını da tələb edib.
