
Sabiq deputat və siyasi şərhçi Cümşüd Nuriyev fevralın 3-də Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq məktub ünvanlayıb. Bu müraciətində o, TikTok-un ölkəni faicəyə apardığını vurğulayaraq “LGBT qadağan edilsin” şüarlı çağırış edib.
Cəmi iki gün sonra, 5 fevralda “Crossmedia.az” saytının xəbərində TikTok “qaranlıq tərəf” kimi təqdim edilir və “LGBT nümayişi” kimi ifadələr “etik dəyərlərə zidd” kontent kimigöstərilir. Həmin yazıda Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu “mənfi kontent”in gəncləri təsirləndirdiyini deyir və platformada “mənfi qəhrəmanların təbliğ edilməməsi” fikrini önə çəkir.
Bu ardıcıllıq təsadüfi də görünə bilər, amma diqqət yetiriləsi məqam, burada mövzunun yalnızca TikTok-dakı söyüş, təhqir, alçaltma və ya yetkinlik yaşına çatmayanlara zərərli kontent riski olmamasıdır. Tiktok platformasını tənqid etmək adı ilə “moral panika” yaradacaq ifadələrdən istifadə olunur, daha sonra isə konkret hədəf qrupu LGBTQİ+ kimlikləri seçilərək cəmiyyət üçün “təhlükə” obrazı yaradılır.
Mətbuat Şurasının 3 fevral tarixli başqa bir açıqlaması bu mənzərəni daha da paradoksal edir. APA-nın yaydığı məlumatda Mətbuat Şurası sosial şəbəkələrdə “söyüş, təhqir, nifrət nitqi”nin artdığını bildirir və vurğulayır ki, ifadə azadlığı heç bir halda təhqirə və nifrət nitqinə haqq qazandıra bilməz. Bu prinsip özlüyündə doğru olsa da problem, iki gün sonra eyni diskurs xəttində “LGBT nümayişi”nin mənfi kontekstdə ifadə olunmasıdır. Şura təmsilçiləri özləri də ölkədə onsuz da marginal olan bir icmanı hədəf etməyə çəkinmirlər.
Ölkəmiz kontekstində kifayət qədər real problemlər var – təhsildə keyfiyyət, gənclərin məşğulluğu, psixoloji dəstək, ailədaxili zorakılıq, o cümlədən sosial ədalətsizlik kimi önəmli mövzular müzakirə olunmaq əvəzinə, diqqət “Tiktok” və “LGBTQ+” kimi iki simvolik hədəfə yönəlir. Gülünc şəkildə bu hədəflərdən biri texnoloji infrastruktur, digəri isə yaşayan vəmövcud olan insanların kimliyi və hüquqlarıdır. Onları eyni çərçivə altına salmaq, ictimai emosiyanı alovlandırmaq məqsədi daşıyır. Ümumilikdə isə “TikTok bağlansın” kimi total həll təklifi, mahiyyət etibarilə, bütün istifadəçilərin ifadə və informasiya alma hüququna kollektiv müdaxilə deməkdir. Beynəlxalq insan hüquqları standartlarına görə onlayn məkanın məhdudlaşdırılması yalnız qanuni əsasla, zərurət və proporsionallıq prinsiplərinə uyğun şəkildə tətbiq edilməlidir. “Platformanın hamısının bağlanması” isə ən ağır vasitələrdən sayılır. BMT-nin insan hüquqları çərçivəsində də internet kəsintiləri və geniş miqyaslı məhdudiyyətlərin ifadə azadlığını zədələdiyi vurğulanır.
Qeyd etmək lazımdır ki, Cümşüd Nuriyev daha əvvəl AzTV efirində Qarabağ müharibəsində döyüşən qadınlardan ibarət batalyon barədə səsləndirdiyi təhqiramiz ifadələrlə gündəmə gəlmişdi. Bu ifadələrdə o, həmin qadınlara qarşı alçaldıcı sözlərdən istifadə edir, daha sonra isə bunun tənqid olduğunu vurğulayır. Tənqidi ifadə altında ard-arda müxtəlif azlıq qrupları hədəfə alan Cümşüd Nuriyev, “əxlaq” və “milli kimlik” anlayışlarını etalon kimi istifadə edərək özlüyündə fərqli olan insanları kənarlaşdırmaq üçün bir vasitə yaradır. Bu tip yanaşma isə ictimai müzakirəni birbaşa əngəlləyir, insanları qəliblərə yerləşdirərək təhlükəli süjet yaradır.
Müəllif: Null
