
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Meydançıların növbəti məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı tərəfindən Xəyalə Ağayevaya qarşı ittihamelan edildikdən sonra hakim ondan ittihamın mahiyyəti ilə tanış olması və özünü təqsirli bilib-bilməməsi barədə soruşub. 13 aydır həbsdə saxlanılan jurnalist hakimə cavabında deyib:
“Biz “ittiham aktı” adı altında bir səfsətə dinlədik. Məsələ ondan ibarətdir ki, basqıçı rejimlər idarəetməni sərtləşdirəndə ilk hücumu mətbuata qarşı həyata keçirir. Çünki heç bir diktator mətbuatı azad olan cəmiyyətlə bacara bilməz. İndi Azərbaycan hökuməti də öz pəncələrini bizim media və ifadə azadlığımıza keçirib. Jurnalistikamız qürub çağını yaşayır. Lakin yolumuz hələ uzundur. Qarşımıza sizintək çıxarılan bütün əngəlləri aşacaq, qaranlıq ölkədə işıq yandırmağa davam edəcəyik”.
Bu iş üzrə məhkəmə prosesi 2025-ci ilin dekabrın 12-dən davam edir. Sonuncu prosesdə jurnalistlərlə hakimlər arasında gərginliklər yaşanıb. Jurnalistlərin mikrofonları söndürüldüyündən və çıxış etmələri üçün imkan yaradılmadığından onlar qışqıraraq çıxışlarını səsləndirib, bir neçə dəqiqə əlləri ilə şüşə qəfəsə döyəcləyərək etiraz ediblər.
