Aytac Tapdıq: İttihamın mahiyyəti azad mətbuat dirənişimizdir

Aytac Tapdıq: İttihamın mahiyyəti azad mətbuat dirənişimizdir
Sosial media

Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Haqqında ittiham aktı elan olunan Aytac Tapdıq hakimin “İttihamın mahiyyəti sizə aydındırmı? Özünüzü təqsirli bilirsinizmi?” suallarına cavabında deyib:
 
“Bəli, ittihamın mahiyyəti elə mənə aydındır. Mahiyyət sizin üçün qaranlıqdır. Mahiyyət Meydan TV-dir, mahiyyət azad mətbuat üçün verdiyimiz savaşdır. Əlinizdə utanmadan tutduğunuz o kağız yığınına görə 12 nəfərin hər birinə bəraət verilməlidir. Sizin o qeyri-əxlaqi şəkildə apardığınız istintaq tamamilə fiaskodur. Meydan TV işində sinifdə qaldınız, bəylər.
 
Gəlin rolları düzgün müəyyənləşdirək. Durduğunuz pozisiyaya aldanıb bizi mühakimə etmək xəyalına qapılmayın. Təftiş etmək bizim işimizdir. Biz sorğulayacağıq, vasitəçiliyini etdiyiniz hökumət cavab verməli olacaq. Biz cinayətlərinizi aşkara çıxaracağıq, müqəssir yenə siz olacaqsınız”.

Jurnalist sonda əlavə edib:
 
“Bundan başqa, “özümü təqsirli bilirəmmi” sualınızı şəxsimə qarşı təhqir hesab edirəm. Və bütün proses boyu bu sualı mənə verməyi sizə qadağan edirəm”.

Meydan TV işi üzrə 12 media işçisi həbsdədir. Ötən ilin dekabrından etibarən onların açıq məhkəmə prosesləri keçirilir.

Meydançılar onlara qarşı irəli sürülən ittihamları qəbul etməyərək həbslərini siyasi sifariş adlandırır, beynəlxalq media və insan haqları təşkilatları da onların azadlığa buraxılmasına çağırır. Azərbaycan hakimiyyəti isə mütəmadi olaraq ölkədə heç bir siyasi məhbusun olmadığını vurğulayır.

Paylaş