
Son günlərdə Türkiyədə LGBTQ+ sosial media fenomenlərinə qarşı həyata keçirilən saxlanılma və həbs qərarları bütün LGBTQ+ icmalarının və insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olub. Hüquq müdafiəçiləri baş verənləri LGBTQ+lərin görünürlüyünə qarşı yönəlmiş sistemli təzyiq kimi adlandırırlar.
Universitetlərin LGBTİ+ klublarının yaydığı birgə bəyanatda bildirilir ki, kuirlər son dövrlərdə siyasi ritorikada açıq şəkildə hədəf göstərilir. Bildirilir ki, əvvəllər nifrət və damğalanma əsasən sözlü səviyyədə müşahidə olunurdusa, indi hüquq-mühafizə və məhkəmə mexanizmləri vasitəsilə xüsusilə ictimaiyyət qarşısında proseslər aparılır.
İcma fəalları və təşkilatlar bloggerlər Arya Bektaş, Mükremin Gezgin və Mika Can Raun haqqında başlanılan istintaq və həbs qərarlarının təsadüfi olmadığını vurğulayaraq, narkotik əməliyyatları çərçivəsində aparılan bu tədbirlərin LGBTQ+lərin ictimai məkanda açıq kimliklə mövcudluğuna qarşı mesaj xarakteri daşıdığını bildiriblər. Murat Övüç və Kerimcan Durmazın yaşadıqları bu mənzərəni daha da aydın göstərir. Övüç, aylar əvvəl paylaşdığı başörtülü videosunun yenidən yayılması səbəbilə “xalqı kin və düşmənçiliyə təhrik etmə” ittihamı ilə həbs edilmişdi. O, bir aydan artıqdır ki, Tekirdağ Karatepe Cəza İnfaz Müəssisəsində saxlanılır. Durmaz isə ötən il qanunsuz mərc ittihamı ilə həbs olunmuşdu və bu həftə onun 1 il 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi məlum olub.
Türkiyədə LGBTQ+ hüquqları sahəsində fəaliyyət göstərən Kaos GL-nin yaydığı məlumatlarda isə İnsan Hüquqları Dərnəyinin (İHD) mövzu ilə bağlı mövqeyinə yer verilib. Təşkilat son dövrlərdə LGBTQ+lərə qarşı təzyiq, kriminalizasiya və məhkəmə yolu ilə susdurulma hallarının artdığını qeyd edir. Bildirilir ki, nifrət ritorikası artıq istintaq və həbs praktikaları vasitəsilə daha sistemli şəkildə həyata keçirilir.
İHD bu tendensiyanın nümunələrindən biri kimi 17 May Dərnəyinin İdarə Heyətinin sədri Defne Güzel haqqında açılan cinayət işini göstərir. İnterseks hüquqlarına dair kitab və sərgi kataloqunun “ümumi əxlaqa zidd” iddiası ilə ittiham predmetinə çevrildiyi, onun barəsində 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunduğu və ilk məhkəmə iclasının 12 may 2026-cı ildə Ankarada keçiriləcəyi bildirilir. Hüquq müdafiəçiləri bu işi “ifadə azadlığı və hüquq müdafiəçiliyinə qarşı təzyiq” kimi qiymətləndirirlər.
Eyni açıqlamalarda Murat Övüç haqqında hazırlanmış ittiham aktının ifadə tərzinin məhkəmə tərəfsizliyi və ayrı-seçkiliyin qadağan olunması prinsipləri baxımından narahatedici olduğu vurğulanır. Hüquq müdafiəçilərinin fikrincə, LGBTQ+ kimliyinin dolayı şəkildə “cinayət elementi” kimi təqdim edilməsi sistemli yanaşmanın göstəricisidir.
Məlumatlarda həmçinin son dövrlərdə xüsusilə görünən LGBTQ+ sosial media istifadəçilərinə qarşı aparılan istintaqlarda günahsız sayılma prinsipinin pozulduğu qeyd olunur. Bildirilir ki, şəxslər məhkəmə qərarı olmadan ictimai şəkildə hədəf göstərilir və bu proseslər ictimai ifşa vasitəsinə çevrilir.
Hüquq müdafiəçiləri cəzaçəkmə müəssisələrində LGBTQ+ məhbusların vəziyyəti ilə bağlı da narahatlıqlarını ifadə edirlər. Bildirilir ki, trans və digər LGBTQ+ məhbuslar ayrı-seçkilik, uzunmüddətli təcrid, tibbi xidmətə çıxışın məhdudlaşdırılması və pis rəftar riski ilə üzləşə bilirlər.
İHD təşkilatının məlumatına görə, Ankara Sincan Həbsxanasında “Poyraz” adlı trans kişi məhbusun 1 dekabr 2025-ci ildə şübhəli şəkildə ölü tapılması hadisəsi də diqqətə çatdırılır. Hadisə ilə bağlı istintaqın gecikməsi və şahid ifadələrinin vaxtında alınmaması barədə yayılan məlumatların, həbsxanalarda LGBTQ+ məhbusların təhlükəsizliyi ilə bağlı ciddi suallar yaratdığı bildirilir.
İnsan hüquqları təşkilatları vurğulayırlar ki, ifadə azadlığı, təşkilatlanma hüququ, şəxsi azadlıq və təhlükəsizlik hüququ, işgəncə və pis rəftarın qadağan olunması, eləcə də ayrı-seçkiliyin yolverilməzliyi həm milli qanunvericilik, həm də beynəlxalq insan hüquqları mexanizmləri ilə qorunur. Qeyri-müəyyən anlayışların LGBTQ+ icmasını susdurmaq məqsədilə istifadə olunmasının hüquq dövləti prinsiplərinə zidd olduğu qeyd edilir.
