
Vüsal Murtuzəliyev, “Qafqazinfo”nun efirində homofob fikirlər səsləndirib.
Onun bu fikirləri aparıcının “Müsahibələrinizdən birində qırmızı xəttinizin olmadığını bildirmisiniz. Maraqlıdır, hansısa rolunuz həyat yoldaşınızın qısqanclığına səbəb olub?” sualına cavabda yer alıb:
“Qırmızı xəttim yoxdur deyəndə yəqin ki, orada bir anlaşılmazlıq olub. Təbii ki, qırmızı xəttim var. Məsələn, heç vaxt LGBT üzvünü oynamaram. Heç vaxt… Yəni nəyin müqabilində olursa-olsun, oynamaram. Amma ondan başqa qırmızı xəttim yoxdur. Həyat yoldaşım da bunu normal qarşılayır. Dəfələrlə bununla bağlı söhbətimiz də olub. Orada olan orada qalır. Təbii ki, insandan insana, aktyordan da aktyora fərq var. Bunu şəxsi həyata gətirmək peşə etikasına ziddir, sənətinə böyük hörmətsizlikdir”.
Aktyorun Dilarə Əliyeva ilə birlikdə qonaq olduğu veriliş uzun olsa da onun məhz bu sözləri “Qafqazinfo” tərəfindən başlığa çıxarılıb.
Qeyd edək ki, Azərbaycanda aktyorlar arasında homofob çıxışlara tez-tez rast gəlmək olur. Daha öncə Rasim Balayev də kuir aparıcı İsmayıl Cəlilovun verilişinə qonaq olarkən homofob fikirlər səsləndirməsi ilə gündəmə gəlmişdi.
Hökumətin mediasında isə homofobiya sistemli həyata keçirilən və onun mühafizəkar/patriarxal dayaqlarını qorumaq üçün aşılanan ideolojik təbliğat kimi qarşımıza çıxır. “Qafqazinfo”nun da Vüsal Murtuzəliyevin məhz homofob tərkibli fikirlərini verilişin başlığına çıxarmasını bu vahid ideolojik yanaşmanın nəticəsi olaraq görürük.
