Tiktoker Velizar həbs edildi: Yeni əxlaq qanunu fonunda ilk həbs

Tiktoker Velizar həbs edildi: Yeni əxlaq qanunu fonunda ilk həbs
Screenshot
Sosial media

Tiktokdakı canlı yayımları ilə məşhurlaşan və ətrafına böyük izləyici kütləsi toplayan Velizar həbs edilib. İzləyicilər onun həbsini kuir kimliyi və yayımlarında “18+” zarafatlar etməsi ilə əlaqələndirirlər.

“Qafqazinfo” yazır ki, Velizar ləqəbli Salman Məmmədov canlı yayım zamanı əxlaq normalarına zidd ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. Daha sonra məhkəmə qarşısına çıxarılan kuir tiktoker haqqında 1 aylıq həbs cəzası qərarı verilib.

Bildirilir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Qeyd edək ki, bu həbs yeni “əxlaq qanunu” 26 yanvarda qüvvəyə mindikdən sonra əxlaq normalarına sığmayan davranışla əlaqələndirilən ilk həbsdir. Velizar barəsində həmin qanunun müddəaları tətbiq edilməsə də, onun həbsi yeni dəyişiklik fonunda baş verir.

Qəbul edilən qanun ictimai əxlaqa sığmayan ifadələrin sosial şəbəkələrdə işlədilməsini və insanların bədənlərinin müəyyən hissələrini çılpaq formada çəkərək nümayiş etdirmələrini qadağan edirdi. Qanun, ilk dəfə cəmiyyətə təqdim edildiyi andan etibarən hüquq müdafiəçiləri xəbərdar edirdi ki, təklif olunan dəyişiklik çox geniş əhatəlidir və istənilən formada tətbiq edilərək ciddi insan haqları pozuntularına yol aça bilər.

Qeyd edək ki, Velizar, həm də öz canlı yayımlarında əlil və yoxsul uşaqlar üçün ianə toplamaqla onlara yardım etməsi ilə tanınır.

Qıy Vaar! olaraq hökuməti fərdlərin ifadə azadlığına hörmətlə yanaşmağa, sosial şəbəkədə işlətdiyi “18+” ifadə səbəbindən heç kəsi həbs etməməyə, Velizarın dərhal azadlığa buraxılmasına və irticai “əxlaq qanununun” ləğvinə çağırırıq!

Paylaş