
Son illər müxtəlif ölkələrdə rəqəmsal platformalara qarşı tətbiq edilən qadağalar təkcə “uşaqların qorunması” arqumenti ilə məhdudlaşmır, eyni zamanda LGBTQ+ mövzularının görünürlüğü ilə də birbaşa əlaqələndirilir. Xüsusilə Roblox kimi istifadəçi tərəfindən məzmun yaradılan platformalar, bəzi hökumətlər tərəfindən “ənənəvi dəyərlərə zidd” hesab edilən ifadə və kimliklərin yayılması üçün riskli məkan kimi təqdim olunur. Bu yanaşma LGBTQ+ icmasının mövcudluğunu və özünü ifadə imkanlarını təhlükə kimi göstərən daha geniş senzura siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Məsələn, Rusiyada Roblox platformasına giriş rəsmi şəkildə “uyğunsuz məzmun”, “ekstremizm” və “LGBT təbliğatı” iddiaları ilə məhdudlaşdırılıb. Türkiyədə də son dövrlərdə Roblox ətrafında aparılan müzakirələrdə oxşar arqumentlər səsləndirilib və bəzi hallarda platformadakı LGBTQ+mövzulu məzmunlar uşaqlar üçün təhlükə kimi təqdim olunub. Bu cür yanaşmalar göstərir ki, Roblox məsələsi yalnız texnoloji və ya yaş məhdudiyyəti mövzusu deyil, eyni zamanda LGBT mövcudluğunun rəqəmsal məkandan sıxışdırılması cəhdləri fonunda baş verən ideoloji mübarizənin bir parçasıdır.
Qonşu ölkələrdə baş tutan Roblox qadağalarının ardından, bu oyun yanvarın 28-də Azərbaycan Milli Məclisinin də gündəmində olub. Bu haqda “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsində keçirilən müzakirəsi zamanı danışılıb.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, sosial şəbəkələr bu gün uşaqların tərbiyəsinə və təhsilinə ciddi təsir göstərən əsas platformalardan biridir. Onun sözlərinə görə, bu təsirin tənzimlənməsi üçün müəyyən qadağa və məhdudiyyətlərin tətbiqi gündəmdə olmalıdır. Nazir müavini qeyd edib ki, artıq Avstraliyada 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub, İngiltərə və İspaniya isə oxşar addımlara hazırlaşır.
Məsələyə münasibət bildirən Ombudsman Səbinə Əliyeva süni intellekt və rəqəmsal platformaların insan hüquqları üçün potensial risklər yaratdığını vurğulayıb. O, xüsusilə uşaqlar arasında zərərli vərdişlərin yayılması təhlükəsinə diqqət çəkib və Ombudsman Aparatının hesabatında Roblox platforması ilə bağlı narahatlıqların yer aldığını qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Bahar Muradova isə Roblox korporasiyasına rəsmi müraciət ünvanlandığını açıqlayıb. Onun sözlərinə görə, platformada uşaqlar üçün effektiv yaş və məzmun məhdudiyyətlərinin olmaması ciddi risklər yaradır. Muradova bildirib ki, uşaqların sərbəst şəkildə məzmun yaradıb yayması və digər uşaqları bu prosesə cəlb etməsi nəzarətsiz qaldıqda zərərli nəticələrə səbəb ola bilər.
Komitə sədri əlavə edib ki, problem əməkdaşlıq yolu ilə həll edilməzsə, qanunvericilik təşəbbüsləri irəli sürüləcək. O, həmçinin vurğulayıb ki, sosial şəbəkələrdə etik davranış məsələsi təkcə uşaqlarla məhdudlaşmır və ümumilikdə cəmiyyətdə rəqəmsal məsuliyyət anlayışının gücləndirilməsinə ehtiyac var.
Qeyd edək ki, Azərbaycanda son vaxtlar sosial media və digər internet portalları üzərində nəzarətin güclənməsi hökümətin gündəmindədir. Yanvarın 26-da ölkə başçısı da parlamentdədaha əvvəl qəbul edilən sosial medialarda təhqir və ictimai əxlaqa zidd hərəkətlərə görə məsuliyyətlər yaradan qanunu təsdiqləmişdi. Bu qanun insan hüquqları müdafiəçiləri tərəfindən tətbiq əhatəsi geniş olacağı və ayrı-seçkilik hallarına yol açacağı əsası ilə ciddi tənqid olunurdu.
