Bakıda daha bir kuir əmisi tərəfindən təhdid edilir – polis iddialara qeyri-ciddi yanaşır

Bakıda daha bir kuir əmisi tərəfindən təhdid edilir – polis iddialara qeyri-ciddi yanaşır

Xırdalanda yaşayan bir kuir dünən təxminən saat 17:40 radələrində əmisi Sübhan Mahmudov Tofiq oğlu və yanında olan bir başqa şəxs tərəfindən zorla maşına mindirilərək aparıldığını iddia edir. 

Zərərçəkən Qıy Vaar!-a bildirir ki, hadisə yaşayış kompleksin mərkəzi hissəsində: insanların, komendantın və polis məntəqəsinin gözünün qarşısında baş verib. Ruslan (şərti ad), deyir ki, zorla maşına mindirildiyi zaman bir neçə dəqiqə fiziki güc tətbiq olunub, o kömək üçün qışqırsa da, heç kim müdaxilə etməyib.

Ruslanın sözlərinə görə, son günlər ərzində davamlı olaraq qohumu tərəfindən təqib etdirilib.

Maşında ona qarşı fiziki təzyiq, aşağılama, təhqirlər və xüsusilə də ölüm təhdidləri edilib. Ruslanı qaçırmağa cəhd edənlər onu “normal biri olmamaqda”, “adlarını ləkələməkdə” ittiham ediblər və açıq şəkildə deyiblər ki, “belə davam etsən, səni öldürəcəyik”. Həmçinin onun saçlarını zorla kəsməyə cəhd ediblər.

Ruslan bu vəziyyətdən çıxmaq üçün həmin an məcburiyyət qarşısında qalaraq onlardan bir gün möhlət istəyib və yalnız bu yolla həmin şəxslərin əlindən qurtula bilib. Lakin əmisi 1 gün sonra yenə gələcəyini deyib. 

Zərərçəkənin əmisi Sübhan Mahmudov onun yerini polis tanışları vasitəsilə öyrəndiyini, polisə şikayət etsə də heç nə olmayacağını kinayə ilə deyib. Qeyd etmək istəyirik ki, adı çəkilən şəxs keçmiş polis əməkdaşıdır.

Ruslan bu gün Abşeron Rayon Baş Polis İdarəsinə şikayət ərizəsi yazıb, lakin polis əməkdaşları məsələyə qeyri-ciddi yanaşaraq, zərərçəkmişi evə göndəriblər. Ruslan bildirir ki, polis idarəsində ona məsələnin ciddi olmadığını inandırmağa çalışıblar. 

Daxili İşlər Nazirliyini, Abşeron Polis İdarəsini irəli sürülən iddiaları araşdırmağa, zərərçəkənə təhlükəsizliyini təmin etməyə çağırırıq. İctimaiyyətin və medianın dəstəyini xahiş edirik.

Paylaş