
Avqustun 23-də Türkiyədə saxlanılan veqan feminist fəal Xanım (Nana) Babazadə Qıy Vaar!-a geniş müsahibə verib. O, 54 gün geri göndərmə mərkəzində (miqrasiya idarəsi) saxlanıldıqdan sonra 14 oktyabr günü gecə saatlarında Azərbaycana deportasiya edilmişdi. Xanımın saxlanıldığı müddətdə onun azadlığı tələbilə Türkiyədə çox sayıda etiraz aksiyaları keçirilmiş, sosial medialarda kampaniyalar başladılmışdı. Türkiyə mediasının da diqqət mərkəzində olan “Nanaya Özgürlük” kampaniyasında heyvan haqları fəalları, feministlər, kuir aktivistlər və tələbə hərəkatları birləşmişdi. Onun pis rəftar gördüyü, döyüldüyü, veqan yeməklə təmin edilməyərək ac saxlanıldığı ictimailəşdirildi. Xanımın müsahibəsini aşağıda təqdim edirik:
– İlk sualımız belə olsun: Özünü necə hiss edirsən?
– Yaxşı hiss edirəm. Sadəcə pişiyim və dostlarım üçün çox darıxıram.
– Necə saxlanıldın?
– İş yerimə gəldilər. Beş nəfər kişi polis tərəfindən saxlanıldım. Hər şey çox ani baş verdi, nəyə görə aparıldığımı belə düzgün izah etmədilər.
– İlk pis rəftara harada məruz qaldın?
– Elə iş yerimdə. Üstümü dəyişməyə icazə vermirdilər, otağa girməyə çalışırdılar. Telefonumu əlimdən alıb içindəkilərə baxmağa cəhd etdilər. Onların əlindən telefonu almağa çalışanda məni itələdilər. Pilləkəndən düşərkən də bir neçə dəfə itələnmişdim.
– Su istədiyin üçün üzünə polis tərəfindən yumruq atıldığı yazılırdı. Bu doğrudurmu?
– Bəli, doğrudur. Saçımdan tutub başıma bir neçə dəfə yumruqla vururdular. Sadəcə su istəmişdim.

– Vəkilinlə neçə saat sonra görüşə bildin?
– Göçmənlərin vəkili ilə istədiyi vaxtda görüşmək hüququ yoxdur. Sadəcə həftə içi saat 09:00-dan 17:00-a qədər görüş icazəsi verilir. Məni axşam saatlarında saxlamışdılar, ona görə də yalnız səhər vəkillə görüşə bildim. O vaxta qədər nə baş verdiyini belə tam anlamamışdım.
– Səncə səni nə üçün könüllü deportasiya olunmağa razı salmaq istəyirdilər?
– Bu, tək mənə yox, bütün miqrantlara qarşı tətbiq olunan sistemli təzyiq formasıdır. “Könüllü deport” anlayışı sadəcə zorakılığı gizlətmək üçün istifadə olunur. Sistem istəmir ki, insanlar haqlarını bilsin və müqavimət göstərsin. Məqsəd insanı qorxudub susdurmaq, təzyiq altında “razılıq” almaq və bununla da məsuliyyəti üzərlərindən atmaq olur. Mənim məsələmdə bu, açıq-açıq hüquq pozuntusu idi.
– Geri göndərmə mərkəzində rəftar necə idi? Normal yataq, gigiyena var idimi?
– Geri göndərmə mərkəzində şərait insan ləyaqətinə uyğun deyildi. Duş almaq üçün isti su təmin edilmirdi və bir otaqda 16 nəfər üçün yataq nəzərdə tutulsa da 30 nəfər saxlanılırdı. İnsanlar koridorlarda, hətta tualet qapısının yanında yatırdılar. Təhlükəsizlik və gigiyena şərtləri ciddi şəkildə pozulmuşdu; həm tualet, həm də hamam təmizliyi kritik səviyyədə idi. Qadınlara tarixi keçmiş pedlər verilir və bəzən hətta iki həftə boyunca belə təmin edilmirdi. Sonradan isə tək-tək paylanmağa başlandı. Dərmanlar vaxtında verilmirdi. “Çox məşğuluq” bəhanəsi ilə ciddi tibbi ehtiyaclar nəzərə alınmırdı. Yeni gələn qadınlar üçün isə geyim və uyğunlaşdırma problemləri mövcud idi.
– Xüsusilə sənin veqan yeməklə təmin olunmadığın yazılırdı.
– Mənim veqan olduğumu, heyvan mənşəli məhsul qəbul etmədiyimi dəfələrlə bildirməyimə baxmayaraq, bu tələbi insan haqları kontekstində qəbul etmədilər. Biz bununla bağlı rəsmi şəkildə ərizə də vermişdik. Buna baxmayaraq, uyğun veqan yemək yalnız iki həftə sonra çatdırıldı. Hətta o yeməklər də bəzən xarab vəziyyətdə gəlirdi. Onların gözündə veqanlıq sadəcə “kaprız” kimi görünürdü. Halbuki veqanlıq həm etik, həm ekoloji, həm də siyasi mövqedir.
– Millət vəkili görüşə gələndə nələr danışdınız?
– Millət vəkili ilə görüş zamanı əsas mövzum geri göndərmə mərkəzində qarşılaşdığım haqsız rəftar, qeyri-insani şərait və hüquqlarımın pozulması oldu. Görüş zamanı, həmçinin, mənə “agent olma” təklifi edilməsi məsələsini də müzakirə etdik. Mənə dəstək olmaq üçün hansı mexanizmlərin işlədilə biləcəyi və hüquqlarımı qoruma yollarını danışdıq.
– İçəridəykən çöldə sənin üçün böyük bir kampaniyanın getdiyindən və səninlə bağlı medialarda yayımlanan xəbərlərdən məlumat ala bilirdin?
– İçəridə olduğum müddətdə mediada və sosial şəbəkələrdə mənim üçün aparılan kampaniyadan xəbərim olurdu. Bu xəbərləri, əsasən, vəkilim vasitəsilə əldə edirdim. Bunlar mənim üçün böyük bir motivasiya mənbəyi idi, çünki tək olmadığımı və insanlar tərəfindən dəstəkləndiyimi göstərirdi.
– Səninlə həmrəylik göstərən kuir platformalardan və onların paylaşdığı xəbərlərdən bir az danışa bilərsənmi? Bu dəstək sənin üçün nə ifadə edirdi?
– Mənim üçün həmrəylik göstərən kuir səhifələr və aktivist icmalarının dəstəyi çox önəmli idi. Xüsusilə, Kuir Baykuş, LubunFanzin, Demir Leblebi, ÜniKuir, Direnişin Renkleri, Qıy Vaar! və digər platformaların paylaşdığı xəbərlər və çağırışlar mənə güc verdi, tək olmadığımı və mübarizənin yalnız şəxsi olmadığını xatırlatdı. Bu, həm də ictimai diqqət yaratdı və sistemə qarşı dayanmaqda mənə əlavə bir qüvvə verdi. Onların dəstəyi mənim üçün həm emosional, həm də siyasi anlamda çox qiymətli idi.
– Geri göndərmə mərkəzində kuir miqrantlara qarşı xüsusi ayrı-seçkilik və ya təhlükə müşahidə etdinmi?
– Bəli, geri göndərmə mərkəzində kuir miqrantlara qarşı açıq və gizli şəkildə ayrı-seçkilik mövcud idi. Qazaxıstan vətəndaşı olan bir kuir miqrant sırf kimliyinə görə telefon saxlamaqdan məhrum edilmişdi. Nə ailəsinə, nə də dostlarına harada olduğunu xəbər edə bilirdi. Onu tamamilə təcrid etdilər və bir müddət sonra deportasiya olundu. Xüsusilə, kuir miqrantlar görünüşlərinə görə məmurların aşağılayıcı sözlərinə və təhqiramiz davranışlarına məruz qalırdılar.
– Orada digər kuir miqrantlarla tanış oldunmu? Onların vəziyyəti necə idi?
– Bəli, digər kuir miqrantlarla da tanış oldum. Onların vəziyyəti də çox ağır idi. Bəziləri, təhdidlərə, zorakılığa ya da psixoloji təzyiqlərə məruz qalırdılar. Çoxu tək idi, kiməsə açıq danışmaqdan qorxurdu. Bəziləri öz kimliyini gizlətməyə məcbur idi, çünki həm digər saxlanılanlardan, həm də bəzi mərkəz işçilərindən real təhlükə hiss edirdilər. İraq, İran, Qazaxıstan, Sudan və digər ölkələrdən olan kuir miqrantlar, həyatlarına real təhlükə olmasına baxmayaraq deport edilirdilər.
– Öz həbsini nə ilə əlaqələndirirsən?
– Mediada bunu İstanbul Universitetindəki yeməkxana qiymətlərinin artmasına etiraz aksiyaları ilə əlaqələndirdilər, amma bu, sadəcə görünən tərəf idi. Əsl səbəb, mənə edilən “əməkdaşlıq” və ya daha açıq desək, agentlik təkliflərini rədd etməyim idi. Bir neçə dəfə məndən siyasi hərəkat içindəki insanlar, aktivistlər və təşkilatlanmalar haqqında məlumat istədilər.
– Deport prosesi necə baş verdi? Öz razılığın olmadan gerçəkləşdi?
– Bəli, deport prosesi tamamilə mənim razılığım olmadan həyata keçirildi. Məhkəməni uduzdum, amma normal prosedura görə məmur nəticəni mənə bildirməli idi. Bunun əvəzinə, heç bir xəbərdarlıq edilmədən, hamamda duş alarkən məni oradan apardılar. Hava limanında əllərim, ayaqlarım və ağzım bağlanmış şəkildə, tamamilə təcrid olunmuş vəziyyətdə məni təyyarəyə mindirdilər. Təyyarədə də mənimlə üç jandarma vardı, hərəkətlərimə nəzarət edirdilər.
– Gələcək planların nədir? Masteri bitirmə mərhələsində idin. İndi özünü məyus hiss edirsən?
– Bəli, masteri bitirmə mərhələsində idim və hələlik bütün planlarım yarımçıq qalıb. Təbii ki, məyusluq hissi var. Mübarizə aparmaq da özlüyündə çox dəyərlidir. Şəxsi planlarım bir qədər təxirə düşsə də, haqq uğrunda çıxış etmək və başqalarının hüquqlarını qorumaq mənim üçün əvəzsizdir.

