
Sovet Dövründən Bu Günə Qısa Tarixi Kontekst
Sovet dövründə 1933-cü ildən bütün SSRİ ərazisində homoseksuallıq qanunla qadağan olunmuş və ciddi repressiyalarla müşayiət olunmuşdur (Azərbaycan daxil olmaqla SSRİ-nin tərkibində olan müsəlman ölkələrində isə homoseksuallıq 1920-ci illərdən kriminallaşdırılıb). 1930-cu illərdə homoseksual əməllər “sosial xəyanət” kimi qiymətləndirilmiş, çoxsaylı insan hüquqları pozuntuları baş vermişdir. LGBTİQ+ şəxslər sosial izolyasiya və stiqmaya məruz qalmış, hüquqi qorunmadan məhrum edilmişdir. Sovet sonrası dövrdə qısa liberal mərhələlər olmuş olsa da, hüquqi və sosial baxımdan davamlı irəliləyiş əldə edilməyib; əksinə, 1990-cı illərin sonlarından etibarən, dövlət siyasəti və ictimai rəy transfobik və homofobik mövqeləri gücləndirmişdir.
Hüquqi Çərçivə və Beynəlxalq Monitorinqlər
Azərbaycanda LGBTİQ+ hüquqlarının qorunması hüquqi baxımdan ciddi çatışmazlıqlarla üzləşir. Danimarka İnsan Hüquqları İnstitutunun Avropa Şurasının dəstəyi ilə hazırladığı hüquqi və sosioloji hesabatlar göstərir ki, ölkədə cinsi oriyentasiya və gender kimliyinə görə diskriminasiya geniş yayılıb və hüquqi mexanizmlər qeyri-kafi səviyyədədir (Avropa Şurası, 2011–2015). HRW-nin 2017-ci il hesabatı isə dövlət qurumlarının anti-gay repressiyaları sənədləşdirib, xüsusilə sosial media və polis vasitəsilə təqiblərin baş verdiyini vurğulayır. ECRI və ILGA Europe-un dövri hesabatları göstərir ki, LGBTİQ vətəndaşlar hüquqi və sosial müstəvidə müdafiəsizdir. Müvafiq insan hüquqları təşkilatlarınınAzərbaycanda kuir hüquqları ilə bağlı hazırlayıb BMT İnsan Hüquqları Komitəsinə təqdim etdiyi kölgə hesabatlardaAzərbaycanda kuirlərin hüquqlarının davamlı olaraq pozulduğu əks olunub (ILGA Europe, 2007; 2009).
Medianın Rolu və Nifrət Nitqi
Azərbaycan mediasında LGBTİQ+ mövzusunun işıqlandırılması ciddi problemlərlə üz-üzədir. Kuiradar (Queeradar) layihəsinin2021-ci il monitorinqi göstərir ki, 23 media qurumunun onlayn platformalarında yayımlanan 501 materialın 62.5%-i qərəzli olub. Media qurumları kuir şəxsləri kriminal, patologik və sosial cəmiyyət üçün təhlükəli kimi təqdim edib. Bu qərəzli yanaşmanın üç əsas təzahürü mövcuddur:
1. Birbaşa nifrətə, ayrıseçkiliyə və zorakılığa çağırış;
2. Diskriminativ əsasla təhdid və təhqir;
3. Ayrıseçkilik və stiqma ehtiva edən ifadələr.
Terminologiyada “üzdəniraq”, “mavi”, “azlıqlar”, “petux” kimi alçaldıcı ifadələr geniş istifadə olunur. Nifrət nitqi yalnız medianın yox, həm də ictimai fiqurların – siyasətçilər, psixoloqlar, həkimlər – çıxışlarında da müşahidə olunur. Bu çıxışlar medianın sensasion başlıqları ilə tirajlanaraq LGBTİQ+ icmasının səsini susdurur.
Zorakılıq və Praktik Problemlər
2021-ci il və sonrakı illərdə bir sıra ciddi zorakılıq hadisələri qeydə alınıb. Avqustda Qaradağ rayonunda bir trans qadın qətlə yetirilib, cəsədi əli-qolu bağlı halda tapılıb. Noyabr ayında isə digər bir trans qadına hücum baş verib. Sosial media və kütləvi informasiya vasitələri bu hadisələri qərəzli işıqlandırıb, zərərçəkənlərin perspektivini görməzdən gəlib. Kirayə mənzillərdən zorla çıxarılma hallarına da rast gəlinib; Ombudsman aparatına şikayətlər isə qəbul olunmayıb. Bloqer Sevinc Hüseynovanın homofobik və transfobik videomüraciətləri isə ictimaiyyətə yayılıb, amma ənənəvi(mainstream) media onun çağırışlarına diqqət yetirməyib. Nəticədə kuir jurnalist Əvəz Hafizli cinsi oriyentasiyasına görəaldığı açıq təhdidlərdən sonra intihara cəhd etmiş və sonrakı mərhələdə qətl edilmişdir.
Dövlət və İctimai Fiqurların Rolu
Dövlət qurumları və siyasətçilərin çıxışları LGBTİQ+ icmasına qarşı nifrət nitqini legitimləşdirir. Media dövlətin mövqeyi iləüst-üstə düşərək kuir insanları kriminal, patologik və ictimai təhlükə kimi təqdim edir. 2021-ci ildə “Media haqqında” qanunun qəbul edilməsi bu qərəzli işıqlandırmanın daha da sistemləşməsinə səbəb olmuşdur. İctimai fiqurların çıxışları medianın gündəminə inteqrasiya olunmuş, homoseksuallıq və transidentlik barədə fobik stereotiplər gücləndirilmişdir.
Azərbaycanda kuir icmanın qarşılaşdığı əsas hüquqi problemlər
Kuirlər Azərbaycanda ilk növbədə, icma və ailə dəstəyindən məhrumdurlar. Gender kimliyi bəlli olan şəxslərin ailələri onlardan imtina edir və onlarla hər cür əlaqəni kəsməyə çalışırlar. Bununla yanaşı, ailədə və icmada kuirlər məişət zorakılığı daxil olmaqla zorakılıqla və qısnama ilə üzləşirlər. Bundan sonra, onlar yaşayış yerlərini dəyişmək məcburiyyətində qalırlar. Ailə və icma dəstəyini itirmiş kuirlərin növbəti problemi təhsil və məşğulluqla bağlı üzə çıxır. Onlar təhsil müəssisələrində davamlı olaraq ağır qısnama ilə üzləşdikləri üçün əksər hallarda ya təhsillərini natamam saxlamalı olurlar,yaxud təhsil müəssisələrindən qeyri-rəsmi qaydada kənarlaşdırılırlar.
Təhsildən yayınma halları isə öz növbəsində kuir fərdləri yaxşı karyera imkanlarından məhrum edir. Növbəti problem isə məşğulluqla bağlıdır. Gender kimliyi aşkar olunmuş şəxslər iş yerlərində iş yoldaşları tərəfindən qısnamaya məruz qalırlar; və ya müdiriyyətlər onları müxtəlif bəhanələrlə işdən çıxarır. Bu isə kuir vətəndaşların özlərini təmin etmək imkanlarını əllərindən alır. Başqa sözlə, anti-kuir diskriminasiyası ailə və icmada zorakılıq və qısnama ilə başlayaraq icma dəstəyinin itirilməsi ilə nəticələnir və bu ayrı-seçkilik öz növbəsində təhsil və məşğulluqda davam edərək kuir vətəndaşların iqtisadi müstəqillik imkanlarını aradan qaldırır. Belə olduqda bir çox kuir ancaq seks işçiliyi ilə məşğul olmağa məcbur olur (kuirlərin çox az bir qismi gözəllik industriyası və ya incəsənət sahəsində iş tapa bilirlər; son dövrlər vətəndaş cəmiyyəti təşəbbüslərinə qoşula bilirlər, lakin əksəriyyət bu iş sahələrindən məhrumdur). Azərbaycanda seks işçiliyi qadağan olduğu üçün isə kuir icma polis orqanlarından asılı vəziyyətə düşür. Polis qurumları həm kuirləri seks işçiliyi ilə mübarizə bəhanəsi altında təqib edirlər, həm də bu cür qanunsuz mühitdə işləməyə görə onları özlərindən asılı vəziyyətə salaraq aylıq rüşvət ödəməyə vadar edirlər. Bu mərhələdə işsiz, icma dəstəyindən və karyera imkanlarından məhrum kuirlərin əksəriyyəti daimi polis diskriminasiyası və təqibi altında yaşamağa məcbur olur. Yerli polis orqanları onları qara siyahıya salır və müəyyən dövriliklə reydlər keçirməklə onları həbs edir. Nəticə etibarilə, kuirvətəndaşlar sosial və hüquqi təminatlardan məhrum vəziyyətdə qeyri-qanuni mühitdə işləməklə yerli polis orqanlarından asılı vəziyyətdə və müəyyən dövrlərlə təqib olunmaqla yaşamaq məcburiyyətində qalırlar. Həmçinin bu ümumi mənzərəyə kuirlərin sosial təminat və səhiyyəyə çıxış imkanlarının olmamasını da əlavə etmək lazımdır.
Azərbaycanda gender transiziyasının tibbi çatımlığının yolxuğundan və tranzisiya keçirmiş şəxslərin sənədləşdirilməsinin (yeni sənəd almasının) vahid mexanizmi olmadığından transgender icma əlavə əziyyət çəkir. Onlar ölkə daxilində tibbi yardım ala bilmədiklərindən tranzisiya əməliyyatlarını xaricdə qeyri-rəsmi qaydada və bahalı formada keçirirlər. Ölkəyə qayıtdıqdan sonra isə Ədliyyə Nazirliyi daxil olmaqla bir çox dövlət orqanları onların yeni gender kimliyini rəsmiləşdirmək üçün lazımi addımlar atmırlar. Bu isə onları hüquq qarşısında tanınma haqqından məhrum edir.
Tövsiyələr və Yekun Təhlil
Mövcud vəziyyət göstərir ki, Azərbaycan mediasında və dövlət siyasətində LGBTİQ+ hüquqları ciddi təhlükə altındadır. Tövsiyələr aşağıdakılardır:
• Medianın kuir-inkluziv təlimlər və təcrübə proqramlarına cəlb edilməsi;
• Nifrət nitqi və diskriminativ ifadələrin sistemli monitorinqi;
• Zərərçəkmiş LGBTİQ+ şəxslərin perspektivinə media tərəfindən yer verilməsi;
• Dövlət və hüquq-mühafizə orqanlarının LGBTİQ+ hüquqlarının qorunmasına dair konkret addımlar atması;
• Seks işçiliyi qadağasına moratorium qoyulması və bununlakuir icmaya qarşı polis təqibinin aradan qaldırılması;
• Gender tranzisiyasına tibbi çatımlığının təmin edilməsi və gender tranzisiyasının rəsmiləşdirilməsinin vahid mexanizminin yaradılması;
• Beynəlxalq monitorinqlərin və raportların nəticələrinin yerli siyasətə tətbiqi.
Nəticə olaraq, Azərbaycan mediasında və dövlət qurumlarındakuirfobik və homofobik yanaşma hələ də geniş yayılmaqdadır. Zorakılıq, diskriminasiya və stiqma sistemli problemdir və sosial, iqtisadi və mədəni baxımdan LGBTİQ+ icmasının marginalizasiyasına səbəb olur. Bu problemin həlli üçün media, dövlət və vətəndaş cəmiyyəti arasında koordinasiyalı və davamlı fəaliyyət tələb olunur.
İstinadlar:
2017-ci ilin sentyabrında olan təqiblərlə bağlı
ILGA Europe-un BMT İHK-na verdiyi Azərbaycanla bağlı shadow report (2009)
ILGA Europe-un hazırladığı report Azərbaycanla bağlı (2007)
Freedom House hesabatı- Əvəz Hafizlinin ölümü
“Bakının Neftçilər metrosu yaxınlığında, küçədə transfob hücum hadisəsi baş verib”
LGBTIQ+ fəalı: “Nifrət nitqi yayan blogerin fəaliyyəti dövlətin siyasəti ilə üst-üstə düşür”
Trans qadın gender kimliyinə görə evindən çıxarılıb.
Sovet dövrü LGBTIQ+ hüquqları: qısa proqressdən davamlı reqressə
Müəllif: Nərmin Şahmarzadə