İranda sərt hicab qanununun icrası təxirə salınıb – qadınlara yeni nəfəs?

İranda sərt hicab qanununun icrası təxirə salınıb – qadınlara yeni nəfəs?
Michael Sohn/AP

İranda qadınların ictimai yerlərdə hicab taxmasını məcburi edən yeni sərt qanunun icrası hazırda təxirə salınıb. Bu qərar son illər artan ictimai narazılıq, beynəlxalq tənqidlər və qadın hüquqları uğrunda mübarizə fonunda verilib.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirməsi ölkə daxilində və xaricdə böyük rezonans doğurmuşdu. Bu hadisə İranda “Qadın, Həyat, Azadlıq” şüarı ilə müşayiət olunan geniş bir müqavimət dalğasına səbəb oldu. Minlərlə qadın, həmçinin LGBTQ+ icması bu etirazlara qoşularaq öz azadlıqları uğrunda səsini ucaltdı.

2023-cü ildə İran arlamenti yeni “Hicab və Tərtibat” qanununu qəbul etdi. Bu qanun ictimai yerlərdə hicabsız görünən qadınlara qarşı ağır maliyyə cərimələri və hətta azadlıqdan məhrumetmə cəzalarını nəzərdə tuturdu. Lakin 2024-cü ilin sonlarında və 2025-ci ilin əvvəlində İranın Ali Milli Təhlükəsizlik Şurası bu qanunun icrasını parlamentə göndərdiyi rəsmi məktubla dayandırmağı tələb etdi. Prezident Məsud Pezeşkian da bu yanaşmanı dəstəkləyərək bildirib ki, hazırkı sosial şəraitdə bu cür qanunların tətbiqi əlavə gərginlik yarada bilər.

Hazırda ölkə daxilində vəziyyət qeyri-bərabərdir: Bəzi bölgələrdə qadınlar hicabsız şəkildə ictimai yerlərdə gəzə bilirlər və bu, artıq adi hala çevrilib; digərlərində isə hələ də xəbərdarlıq mesajları və cərimələr tətbiq olunur. Qeyd etmək lazımdır ki, bu dəyişiklik hicab məcburiyyətinin tamamilə aradan qalxdığı anlamına gəlmir. Əxlaq polisi və nəzarət sistemləri tam ləğv olunmayıb, lakin onların fəaliyyəti zəifləyib və ictimai müqavimət daha çox görünür.

Bu inkişaf İranda qadın haqları və LGBTQ+ haqları sahəsində müəyyən qədər yeni nəfəs və təşkilatlanma fürsəti yarada bilər. Hökumətin geri addım atması göstərir ki, ictimai təzyiqlərin və davamlı etirazların real dəyişikliklərə yol açması mümkündür.

Paylaş