Jurnalist Aytac Tapdığa zorakılıq edən Cəmil Hüseynovun fotosu yayılıb

Jurnalist Aytac Tapdığa zorakılıq edən Cəmil Hüseynovun fotosu yayılıb

Həbsdə olan Meydan TV jurnalisti Aytac Tapdığa qarşı fiziki zorakılıq göstərən fotodakı Cəmil Hüseynovun konvoy rəisi olduğu bildirilir.

Hadisə 26 sentyabr tarixində jurnalist, Bakı Apelyasiya Məhkəməsinə gətirilərkən baş verib. Aytac Tapdıq məhkəmə binasının koridorunda həmkərlarını görərək onları səsləyib. Bu zaman Cəmil Hüseynov onu uzun koridor boyunca zorakılıqla itələyərək məhbusların saxlanıldığı məntəqəyə aparıb və məntəqəyə çatdıqda sürətli formada hər tərəfində kişi məhbusların oturduğu otağın ortasına itələyib.

Aytac Tapdıq məhkəmə prosesi zamanı bildirib ki, uzun koridor boyunca Cəmil Hüseynov onu zorakılıqla itələyərək aparkən xəsarət almamaq üçün özü ilə onun arasında çantası vasitəsilə baryer yaratmağa çalışıb.

Qeyd edək ki, Aytac Tapdıq “Meydan TV işi” üzrə həbs olunan 12 nəfərdən biridir. O, 10 aydan çoxdur ki, həbsdə saxlanılır və qaçaqmalçılıq da daxil olmaq üzrə cinayət məcəlləsinin 7 maddəsi ilə ittiham olunur.

Həmçinin, feminist kimliyi ilə tanınan və Bakıdakı feminist yürüşlərinin bəyanatlarını səsləndirən jurnalist, ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir, məhz müstəqil jurnalistika fəaliyyəti səbəbindən həbs olunduğunu bildirir.

Ötən dövr ərzində Avropa Parlamenti, Amnesty International, Sərhədsiz Reportyorlar və çox sayıda beynəlxalq insan haqları təşkilatı bəyanatlar yayaraq Aytac Tapdığı və “Meydan TV işi” üzrə həbs olunan digər şəxsləri siyasi məhbus adlandırıb.

Azərbaycan hakimiyyəti rəsmiləri isə öz çıxışlarında bu iddiaları qəbul etmir, Azərbaycanda heç bir jurnalistin fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.

Paylaş