Türkiyədə LGBTQ+ olduğunu bəyan etmək həbsə yol aça bilər

Türkiyədə LGBTQ+ olduğunu bəyan etmək həbsə yol aça bilər
Haber Global

Türkiyədə tezliklə parlament müzakirəsinə çıxarılması gözlənilən 11-ci Qanun Layihəsi Paketində LGBTQ+lər üçün narahatedici hüquqi dəyişikliklərin yer aldığı bildirilir. Layihədəki maddələr təsdiqlənərsə, həm şəxsi ifadə azadlığı, həm də sağlamlıq hüququ baxımından ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Təklif edilən dəyişikliklərə görə, bioloji cinsiyyətə və “ümumi əxlaq prinsiplərinə” zidd davranışları açıq şəkildə təşviq edən və ya tərifləyən şəxslər 1 ildən 3 ilədək azadlıqdan məhrum edilə bilər. Bu müddəa birbaşa LGBTQ+ olmağa qarşı tətbiq oluna biləcəyi üçün hüquqşünaslar bunun ayrı-seçkilik riski yaratdığını bildirirlər.

Daha bir ciddi məsələ də odur ki, eynicinsli partnyorların nikah və ya evlilik mərasimləri təşkil etmələri cəzalandırılacaq. Qeyd edək ki, qeyri-rəsmi, şəxsi tədbirlərin belə qanunla qadağan oluna biləcəyi artıq indidən insan haqları müdafiəçiləri tərəfindən şəxsi həyata müdaxilə kimi qiymətləndirilir.

Eyni zamanda, layihədə gender adaptasiya əməliyyatları üçün yaş həddi 18-dən 25 yaşa qaldırılır. Əməliyyat icazəsi almaq üçün şəxs, 25 yaşı tamamlamalı, evli olmamalı və trans olduğunu, həmçinin bu əməliyyatın psixoloji cəhətdən zəruri olduğunu dörd mərhələli tibbi yoxlamadan keçərək sübut etməlidir. Bu şərtlərin çox çətin və subyektiv olduğu, transların sağlamlıq hüquqlarını pozacağı bildirilir.

Layihədə həmçinin, qanuna zidd şəkildə cərrahi əməliyyatlarla gender adaptasiyası prosedurlarına yardım edən həkimlərə və şəxslərə də 3 ildən 7 ilədək həbs və yüksək məbləğdə pul cərimələri kimi ağır cəzalar nəzərdə tutulur. Bunun isə transların sağlamlıq xidmətlərinə çıxışını daha da məhdudlaşdıracağı gözlənilir.

Əlavə olaraq, LGBTQ+ mövzulu seriallar, filmlər və rəqəmsal məzmunlar da Radio və Televiziya Üst Quruluşu (RTÜK) tərəfindən cəzalandırıla və yayımdan çıxarıla bilər. Hüquq müdafiəçiləri bu tədbirlərin ifadə azadlığını məhdudlaşdıracağını və LGBTQ+ hekayələrinin görünməz edilməsinə yönəldiyini vurğulayırlar.

Ekspertlərin fikrincə, bu qanun layihəsi beynəlxalq insan hüquqları normalarına ziddir, vətəndaşların özünüifadə, şəxsiyyət və sağlamlıq hüququnu məhdudlaşdırır və LGBTQ+ icmasını daha da təzyiq altına salır.

Paylaş