Rəqsanə İsmayılova: “Konsertim Velizara görə ləğv olunmayıb”

Rəqsanə İsmayılova: “Konsertim Velizara görə ləğv olunmayıb”
Sosial media

Müğənni Rəqsanə İsmayılova Tolikin verilişində Gəncədə planlaşdırılan konsertinin ləğv olunması səbəbi haqqında danışıb. Müğənni deyib ki, konserti Velizara yönəlik tənqidlər səbəbindən ləğv olunmayıb.

Onun Gəncədə planlaşdırılan konsertindən öncə Velizarla birlikdə etdiyi paylaşımda insanlar konsertə dəvət olunurdu. Bəzi izləyicilər isə bu paylaşıma, Velizarın cinsi oriyentasiyasını hədəf alaraq əleyhdə şərhlər yazmışdılar. Daha sonra müğənninin konserti ləğv olunduqda sosial şəbəkələrdə bunun Velizara qarşı qınaq səbəbindən baş verdiyi yazılırdı. O, verilişdə məsələyə aydınlıq gətirib.

“Mən heç kimi cinsi oriyentasiyasına görə qınamaram. Mənim başımın üstündə Allahım var. Konsertimiz Velizara görə yox, sadəcə təşkilatçı səbəbindən təxirə düşüb.

Biz qanuni ölkədə yaşayırıq. Velizar da bu ölkənin bir vətəndaşıdır. Onun canlısına 100 min adam baxır. Hansı qanunda yazılıb ki, Velizar Gəncəyə və ya Mingəçevirə gedə bilməz, belə bir şey yoxdur”, – Rəqsanə İsmayılova qeyd edib.

Velizar son aylarda ölkə gündəmində tez-tez müzakirə olunan kuir TikTokerdir. Onun canlı yayımları geniş insan kütlələri tərəfindən izlənilir. Bu yayımlarda sosial təminatı zəif insanlar üçün yardımlar da toplanılır. Fevral ayında o, “sosial şəbəkələrdə ictimai əxlaqa sığmayan paylaşımlar“ səbəbilə 30 gün müddətinə inzibati qaydada hıbs olunmuşdu.

Paylaş