
İranda qadın hüquqları və ifadə azadlığına qarşı təzyiqlərin yeni simvoluna çevrilən bir iş beynəlxalq ictimaiyyətin diqqətindədir. 67 yaşlı elektrik mühəndisi və ictimai fəal Zəhra Şahbaz Təbəri yalnız üzərində “Qadınlar, Müqavimət, Azadlıq” yazılmış pankart daşıdığı iddiası ilə ölüm cəzasına məhkum edilib. İttihamın əsasını təşkil edən “Qadınlar, Müqavimət, Azadlıq” şüarı 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində ölümündən sonra yayılan “Qadınlar, Həyat, Azadlıq” etiraz hərəkatına istinad kimi qiymətləndirilib. İnsan hüquqları müdafiəçiləri bu hökmün siyasi motivli olduğunu və ağır prosessual pozuntularla verildiyini bildirirlər.
Məlumata görə, Təbərinin işi üzrə məhkəmə cəmi 10 dəqiqə çəkib və videokonfrans vasitəsilə keçirilib. Ona öz seçdiyi vəkillə müdafiə olunmaq imkanı verilməyib. İran məhkəməsi onu “İslam Respublikasının əsaslarına qarşı silahlı üsyan” (baghi) maddəsi ilə təqsirli bilib. BMT-yə bağlı 8 müstəqil ekspert isə iş materiallarında zorakılıq, silahlı fəaliyyət və ya hər hansı qəsdən adam öldürmə faktı olmadığını açıqlayıb.
Qadın fəalın edam təhlükəsinə qarşı aralarında dörd Nobel mükafatı laureatı, keçmiş prezident və baş nazirlərin də olduğu 400-dən çox nüfuzlu qadın İran hakimiyyətinə açıq məktub ünvanlayıb. Onlar müraciətlərində edamın dərhal dayandırılmasını və Təbərinin azadlığa buraxılmasını tələb ediblər. London mərkəzli “İranda 1988-ci İl Qırğınının Qurbanları üçün Ədalət” adlı təşkilatın yaydığı müraciətdə vurğulanır ki, qadınların zülmə qarşı etirazını ifadə edən sadə bir pankart belə İranda ölüm cəzası ilə nəticələnə bilər.Müraciət müəllifi olan bu təşkilatda 1988-ci ildə edam edilən minlərlə siyasi məhbusun ailə üzvləri, keçmiş siyasi məhbuslar, beynəlxalq hüquq üzrə ekspertlər və insan haqları müdafiəçiləri təmsil olunurlar.
Zəhra Təbəri İsveçdə dayanıqlı enerji sahəsində təhsil alıb. Onun ilk dəfə təxminən 4 il öncə sosial mediada etdiyi paylaşıma görə saxlanıldığı, 3 ay sonra isə elektron nəzarət qurğusu ilə sərbəst buraxıldığı bildirilir. Onu sonuncu dəfə 2025-ci ilin aprelində Gilanda yerləşən evinə basqın edərək saxlayıblar və həmin tarixdən bəri həbsdədir.
Norveç mərkəzli “İran İnsan Hüquqları” təşkilatının məlumatına görə, təkcə bu il İranda 40-dan çox qadın edam edilib. Beynəlxalq insan haqları təşkilatları isə tez-tez qeyd edirlər ki, İranda qadınlar, gender bərabərliyi və azadlıqlar uğrunda mübarizə aparan bütün icmalar üçün risklər getdikcə artır.
