

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsindəyerləşən məscidin axundu 37 yaşlı Tahirov Turab Əliqan oğlu Quran dəsrlərinə gələn 16 yaşlı qızı qaçırdığı haqqında xəbərlər Azərbaycan gündəmindədir. Hadisə 17 iyun tarixində baş verib.
Qızın atası Emin Babayev Musavat.com-a açıqlamasında hadisənin detalları barədə danışıb.
Onun dediyinə görə, qızı illərdir ki, məscidə gedir və son vaxtlar Quran dərslərini Ayşəgül adlı müəllimədən alırdı. Lakin məscidə təyin olunmuş axund 37 yaşlı Turab adlı şəxs qızı tanıyırdı. Onlar əvvəl ailəyə elçi göndərmək niyyətində olduğunu bildirib, lakin onun bu istəyi rədd edilib. Emin Babayevin sözlərinə görə, axund daha əvvəl ailəli olub. Lakin o həyat yoldaşına qarşı fiziki zorakılıq edib və onlar boşanıblar.
Qaçırıldığı deyilən azyaşlı polisə verdiyi ifadəsində və yayımladığı açıqlama videosunda isə atasının dediklərini təkzib edib. O bildirib ki, Turab Tahirovla öz istəyi ilə gedib, onu sevir və heçnəyə məcbur edilməyib. Eyni zamanda azyaşlı ailəsi tərəfindən mütamadi olaraq zorakılıq gördüyü haqda danışıb.
Bildirib ki, davamlı olaraq ailəsindən işgəncələr görüb, təhqirlər eşidib və döyülüb. O həmçinin qeyd edib ki, Tural Tahirovla 2-3 ildir ki, sevgi münasibəti yaşayırlar. Qeyd edək ki, bu zaman qızın 13-14 yaşı olub.
Turab Tahirov qızın ailəsi tərəfindən zorakılığa məruz qaldığını əlavə edib, hadisəni mərhəmət hissindən etdiyini bildirib.
Ata isə 16 yaşlı qızının “könüllü getməsi” versiyası ilə razılaşmır və hüquqi addımların atılmasını tələb edir.
Həmçinin iddia olunur ki, axund məscidin 20 min manat vəsaitini də mənimsəyib. O, otağının qıfılını dəyişib və məscidin kamera yaddaş blokunu da çıxarıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan yəni 18 yaşdan aşağı şəxslənikah bağlamaq və ya qeyri-rəsmi birlikdə yaşamaq, onu ailədən uzaqlaşdırmaq qanunla qadağandır və cinayət məsuliyyəti yaradır. Bu səbəbdən, hadisə qızın razılığı ilə olsa belə qanuna ziddir. Hazırda isə nə azyaşlı ilə “ailə həyatı” quran şəxs, nə də qıza zorakılıq göstərən ailə cəza almayıb.