

Bakıda daha bir kuir, üç nəfər tərəfindən hücuma məruz qalıb. Hadisə Hornet sosial şəbəkəsi vasitəsilə tanışlıq zəmnində baş verib. Zərərçəkən şəxslə görüşə gələn adam, özü ilə birlikdə iki dostunu da gətirərək ona qarşı soyğunçuluq edib.
Musavat.com qeyd edir ki, cinayəti törədən şəxslərin 17, 18 və 19 yaşları olub. Məlumata görə, onlar öncədən plan quraraq sosial şəbəkədə qeydiyyatdan keçərək zərərçəkənlə tanışlıq qurublar. Daha sonra onu görüşə dəvət edən şəxslər zərərçəkənin mobil telefonunu və çantasını zorla ələ keçirərək hadisə yerindən qaçıblar.
Gənclər oğurladıqları telefonu satıb əldə etdikləri vəsaiti öz aralarında bölmək niyyətində olublar. Hadisədən sonra izləri gizlətmək məqsədilə telefonu yol kənarındakı torpaq sahədə basdırıblar. Lakin ertəsi gün geri qayıtdıqda telefonu gizlətdikləri yerdə tapa bilməyiblər.
Zərərçəkənin şikayəti əsasında həmin şəxslər həbs edilib. Məhkəmə hökmünə əsasən, hər üç şəxsə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq məhkəmə zalından azadlığa buraxılıblar. Bildirilir ki, həbs edilən şəxslərlə zərərçəkmiş arasında barışıq baş tutub.
Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə, məhkəmə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq cəzanın şərti tətbiqinə qərar verə bilər. Lakin bu hadisədə belə halların olub-olmaması sual doğurur.
Bu cür halların artması, xüsusilə LGBTQ+ şəxslərə qarşı həyata keçirilən planlı fırıldaq və zorakılıq aktları təhlükəli tendensiyaya yaradır. İctimai və hüquqi reaksiyanın bu halların qarşısının alınması üçün yetərsiz olduğu görünür.
Onu da qeyd edək ki, Azərbaycanda LGBTQ+ayrıca sosial qrup hesab edilmir və onlara qarşı diskriminativ xarakterli cinayətlər digər cinayətlər ilə eyni tutulur. Bunun təməl səbəbi Azərbaycanda LGBTQ+ və gender hüquqlarını təmin edən və qoruyan qanunların mövcud olmamasıdır. Qanunvericilikdəki bu boşluqlar LGBTQ+ şəxsləri qoruyan sistemin olmamasına və nifrət cinayətlərinə səbəb olur.