

Uzun zamandır Azərbaycan mediasında LGBTQ+ icmaya qarşı diskriminativ fikirlər tirajlanır. Yaxın zamanda da təəsüf ki, mediada queerlərə qarşı nifrət nitqinin nümunəsini “Elçin Bayramlı tərəfindən səsləndirilib. O ‘LGBT nümayəndələri qapalı müəssisələrə yerləşdirilməli və cəmiyyətdən təcrid olunmalıdır’ deyərək müsahibə verib. Onun sözlərinə görə, queer şəxslər ‘normal’ insan deyil və LGBT təbliğatını yaymaqla digər ‘normal’ gənclərin psixoloji sağlamlığına zərər verirlər. Bu yanaşma Bayramlının, queer şəxslərin cəmiyyətdəki mövcudluğunun, heteroseksual (onun anlayışında ‘normal’) gənclərin psixoloji rifahı üçün təhdid olduğunu düşündüyünü göstərir. Bununla belə, Elçin Bayramlı müsahibəsində queerlərə qarşı şəxsən bir nifrət hissi daşımadığını və onların cəmiyyətdə təbliğat aparmadığı halda yaşamasına qarşı çıxmadığını bildirib. Ancaq bu açıqlamalar bir sual doğurur: Niyə Bayramlı, cəmiyyətdəki müəyyən qrupların necə və hansı şərtlərlə yaşaması barədə mühakimə yürütmək hüququnu özündə görür?
Azərbaycan mediasında queerlərin hədəf alınması, lağa qoyulması və marginallaşdırılması yalnız cəmiyyətin LGBTQ+ icmasına qarşı olan qərəzini deyil, həm də dövlət rəsmilərinin insan hüquqlarını necə heçə saydığını bir daha sübut edir. Elçin Bayramlı, insan hüquqlarına “hörmət etdiyini” və təbliğatla məşğul olmayan queerlərin cəmiyyətdə işləməsində və yaşamasında heç bir problem olmadığını vurğulasa da, queerlərin, özünü ifadə tərzi və gender kimliyi səbəbindən iş tapmaq, həyatlarını yaşamaqda çətinliklərlə üzləşdiyi bir cəmiyyətdə onların necə rahat yaşaya biləcəyini sual altına alır.
Təəssüf ki, Azərbaycanda azad medianın olmaması, dövlətin mediasının LGBTQ+ əleyhinə apardığı təbliğatı gücləndirərək, bu qəbuledilməz və diskriminativ fikirlərin geniş yayılmasına səbəb olur. Mediada bu cür nifrət dolu nitqlərin, diskriminativ fikirlərin tirajlanması, Azərbaycanda yaşayan queer vətəndaşların həyatını daha da çətinləşdirir, LGBTQ+ icmanın marginallaşmasına səbəb olur. LGBTQ+ icmasının cəmiyyətdən kənarlaşdırılmasını müdafiə edən şəxslərdən biri də Xalq Artisti Rasim Balayevdir. Ötən illərdə, jurnalist İsmayıl Cəlilovun gey olduğunu öyrəndikdən sonra, Balayev “bilsəydim, ona müsahibə verməzdim” fikrini səsləndirib. Kuir olmağı bədbəxtlik kimi qiymətləndirən Balayev, xüsusilə “Babək” rolunu oynaması ilə tanınır. IX əsrdə yaşamış Babəkin rəhbərlik etdiyi Xürrəmilər qrupunun təşkil etdiyi seks yığıncaqları barədə məlumatlar mövcuddur. Tarixçilərin qeydlərinə görə, bu məclislərdə eynicinsli münasibətlər də baş verib. Maraqlıdır ki, Rasim Balayev bu tarixi faktı öyrənsəydi, hansı reaksiyanı verərdi? Cəlilov kimi şəxslərin orientasiyası, həmçinin keçmiş Millət Vəkili Gültəkin Hacıbəylini də narahat edir. Hacıbəylinin queerləri “üzdəniraq” adlandırması və LGBTQ+ların fundamental insan hüquqlarına sahib olmağını Qərbin oyunu kimi qiymətləndirir.
Azərbaycanda millət vəkilləri də queerlərə qarşı nifrət nitqində digərlərindən geri qalmır. Misal Tahir Rzayev dəfələrlə öz çıxışlarında queerləri hədəf alıb. Millət vəkilləri arasında homofob fikirlərlə çıxış edən, təbii ki, təkcə Tahir Rzayev deyil. Deputat Erkin Qədirli bu yaxınlarda ABŞ prezidenti Donald Trampın iki cinsiyyət qərarı ilə bağlı dəstəkləyici fikirlər səsləndirib. “Baku.ws”də yayımlanan verilişdə çıxış edən Qədirli düşünür ki, Trampın qərarı “məzlum qrup” axtaran və buna görə də LGBTQ+ icmasının haqqlarını dəstəkləyən və görünməsini artırmağa çalışan bəzi solçu beynəlxalq təşkilatlara bir cavabdır.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi Əziz Əlibəyli isə çərçivəni daha da daraldaraq diqqəti ailə dəyərlərinə çəkir. Kuir ideologiyasının dağıdıcı təsirə malik oldiğunu düşünən ekspert bunun, “ənənəvi” cinsi özünəməxsusluğa zərbə olduğunu deyir. “Ənənəvi” deyəndə Şah İsmayıldan günümüzə gələn “dəyərlərdən” danışırıqsa, şahın özünün də cavan oğlanlarla cinsi münasibətdə olduğunun tarixi qeydlərdə yazıldığını nəzərdən qaçırmayaq. Bu və bu kimi ekspertlərin ortaq cəhətləri odur ki, kuirləri marginallaşdırdıqdan sonra özlərinin bütün insanların hüquqlarına hörmət etdiklərini vurğulamalarıdır. Təbii ki, bu fikir hamısına aid deyil. Son dövrlərdə Gürcüstanda gedən “Anti-LGBT qanunu” ilə bağlı qalmaqlalar Azərbaycanda da müzakirələrə səbəb olub. Sosioloq Fatimə Hacıbəyli düşünür ki, Azerbaycanda da belə qanunlar qəbul edilməlidir. Fatimə Hacıbəyli düşünür ki, queerlərin sosial media istifadə etməsi və “öz xəstə həyat tərzlərini nümaiş etdirməsi” cəmiyyət üçün zərərlidir və dövlət bununla bağlı tədbir görməlidir.
Təəssüf ki, media mediada sadəcə tanınmış şəxlərin diskriminativ fikirlərini tirajlamaqla qalmır, homofop cinayət xəbərlərini də təhrif edərə paylaşır. Məsələn homofob cinayət xəbəri “Bakıda cinsi azlıqların qısqanclıq qətlləri” başlığı altında paylaşılıb.
Ümumilikdə mediada gedən propagandalar LGBTQ+ icması psixi problemli, cəmiyyətdən təcrid edilməli olan və “milli dəyərlərə” təhdid imici yaratmağa çalışır və LGBTQ+ fundamental hüquqlarının belə əllərindən alınması legitimləçdirilir. Queerlər hər zaman mövcud olub və bundan sonra da var olmağa davam edəcəklər. Bizim varlığımız nə keçici bir trenddir, nə də xarici təsirin nəticəsi.

Turan
Lezbiyan qadınam. Tərcümə sahəsində təhsil almışam və daha sonra təhsilimi İtaliyada davam etdirmişəm. Kitab oxumağı və yeni dillər öyrənməyi çox sevirəm.