Azərbaycanda lezbiyan qadın qətli: 2014-cü ildə bacısı tərəfindən öldürülən Günel Nuriyevanı xatırlayırıq

Azərbaycanda lezbiyan qadın qətli: 2014-cü ildə bacısı tərəfindən öldürülən Günel Nuriyevanı xatırlayırıq

25 Noyabr, Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Uğrunda Beynəlxalq Mübarizə Günündə Qıy Vaar! olaraq 2014-cü ildə Bakıda öldürülən lezbiyan qadın Günel Nuriyevanı xatırlayırıq. Bu qətl o vaxt az adamın diqqətini çəkdi və illər keçdikcə unuduldu.

2014-cü ilin oktyabrında Bakının Xətai rayonunda 20 yaşlı Günel Nuriyeva öz evində kiçik bacısı tərəfindən bıçaqlanaraq qətl edildi. Bacısı saxlanıldı, ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürüldü və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi.
Yerli mediada qətl “mübahisə zəminində” baş vermiş bir hadisə kimi verildi. Günelin lezbiyan olduğu isə yerli xəbərlərdə çox yer almadı, bunu əsasən xarici LGBTİ+ mediası yazdı. İstintaq zamanı bacısı Günelin qadınlarla münasibətlərinə qarşı olduğunu və bunu dayandırmasını istədiyini deyib.

Günelin qətlini ailə içində baş verən bir hadisə kimi təqdim etmək patriarxal zorakılığın sistemli olduğunu və dövlətin məsuliyyətini görünməz edir. Günel öz istəkləri, münasibətləri və gələcəyi olan gənc bir qadın idi. Kimi sevəcəyinə və necə yaşayacağına qərar vermək ancaq onun haqqı idi. Patriarxiya isə qadının bədəni, seksuallığını və şəxsi həyatı üzərində sahiblik iddia edir, öz yolunu seçən qadını itaətsiz sayır və cəzalandırır.

Qadın qətllərindən yalnız fərdi cinayətlər kimi danışmaq kifayət deyil. Zorakılığı mümkün edən gender bərabərsizliyinə, lezbifobiyaya və qadınları qorumalı olan dövlət institutlarının məsuliyyətinə də baxmaq lazımdır. Dövlətin vəzifəsi yalnız qətldən sonra cəza vermək deyil, qadınları və LGBTİ+ları zorakılıqdan qoruyan işlək hüquqi və sosial mexanizmlər yaratmaqdır.

Paylaş