Rusiyanın Volqoqrad şəhərində onlayn LGBTQ+ icma qrupunun admini yeddi il, onunla birlikdə mühakimə olunan üç nəfər isə 2 ildən 2 il 6 aya qədər həbs və iki il məcburi əmək cəzasına məhkum edilib. Məhkəmə onları Rusiyada “ekstremist” elan edilərək qadağan olunan LGBTQ+ hərəkatının fəaliyyəti ilə əlaqəli ittihamlar üzrə təqsirli bilib.
Volqoqradın Sovetski rayon məhkəməsinin hökmü noyabrın 17-də elan edilib. Mediazona və Kavkazski uzel nəşrlərinin məlumatına görə, proses iyundan etibarən qapalı keçirilib və mühakimə olunan şəxslərin adları açıqlanmayıb.
İstintaqın və məhkəmənin iddiasına görə, Volqoqrad sakini 2023-cü ilin oktyabrında “VKontakte” sosial şəbəkəsində hesab yaradıb, noyabrda isə LGBTQ+ mövzulu açıq icma qurub. Məhkəmə materiallarında icmanın azyaşlılar üçün də əlçatan olduğu qeyd edilib. Adminin bu qrupda LGBTQ+ münasibətlərini müsbət təqdim edən 67 foto və video paylaşdığı, müzakirələr üçün qapalı çat yaratdığı, 2024-cü ilin aprelində isə icmanın inkişafı üçün ianə çağırışı ilə elektron pul kisəsinin linkini yerləşdirdiyi bildirilib.
2024-cü ildə digər bölgələrdən üç nəfərin də adminliyə qoşulduğu iddia olunur. Onlardan ikisi öz məzmununu hazırlayıb, üçüncüsü isə foto və videoları toplayaraq adminə göndərib. Məhkəmənin məlumatına görə, ekspertiza həmin materialları pornoqrafik hesab edib.
Məhkəmə dörd nəfəri müxtəlif maddələr üzrə təqsirli bilib. İttihamlar arasında ekstremist təşkilatın fəaliyyətini təşkil etmək, ekstremist fəaliyyətin maliyyələşdirilməsinə cəhd, internet vasitəsilə qrup halında pornoqrafik materialların qanunsuz yayılması və ekstremist təşkilatın fəaliyyətində iştirak yer alıb. Administrator 7 il ümumi rejimli koloniyaya, digər iki nəfər 2 il 6 ay və 2 il 2 ay həbsə, dördüncü şəxs isə 2 il məcburi əmək cəzasına məhkum edilib.
Rusiyada LGBTQ+ hərəkatının “ekstremist” elan edilməsi 2023-cü il noyabrın 30-da Ali Məhkəmənin qərarı ilə baş verib. Məhkəmə Ədliyyə Nazirliyinin müraciəti əsasında “Beynəlxalq LGBTQ+ ictimai hərəkatını” ekstremist elan edərək fəaliyyətini qadağan edib. Bundan sonra LGBTQ+ mövzulu fəaliyyətlərə qarşı cinayət təqibi halları artıb.
