Bakıda LGBTQ+ icma üzvü Orxan Umayevi qətlə yetirməkdə təqsirləndirilən Röyal İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə materialları barədə yayımlanan xəbərlərə görə, İsmayılov LGBTQ+lərə nifrət etdiyini, onları “cəzalandırmaq” istədiyini və Orxan Umayevlə yanaşı, Günel adlı trans qadını da qətlə yetirməyi əvvəlcədən planlaşdırdığını bildirib.
Qətl əvvəlcədən planlaşdırılıb
Lent.az-ın məlumatına görə, elə sentyabrda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kəmranovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Röyal İsmayılov da ittihamla özünü təqsirli bildiyini deyib.
İttihama əsasən, İsmayılov sosial şəbəkələrdə tanış olduğu Orxan Umayev və Günel Allahverdiyeva ilə ayrı-ayrılıqda görüş təyin edib. O, fevralın 15-də Tovuz rayonundan Bakıya gəlib və özü ilə əvvəlcədən hazırladığı bıçağı götürüb.
Məhkəmə materialları barədə yayımlanan xəbərlərdə bildirilir ki, fevralın 19-da İsmayılov WhatsApp vasitəsilə Orxan Umayevə pul qarşılığında görüşmək təklif edib. Tərəflər 100-150 manat qarşılığında razılaşıblar. Onlar Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “Riva” hotelində görüşüblər.
İttihama görə, hotelin pilləkənləri ilə qalxarkən İsmayılov Orxan Umayevə bıçaqla zərbə endirib. Orxan aldığı xəsarətdənhadisə yerində həyatını itirib.
İsmayılov həmin gün Günel ilə də görüşmək üçün razılaşıb. Lakin Nəsimi rayonu ərazisində görüş yerinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb və ikinci şəxsi qətl etmək planını həyata keçirə bilməyib.
“Belə şəxsləri cəzalandırıb yox edəcəyimə söz vermişdim”
Lent.az-ın məhkəmə prosesi barədə dərc etdiyi xəbərdə Röyal İsmayılovun ifadəsindən sitat verilib. Təqsirləndirilən şəxs LGBTQ+lərə qarşı nifrətini belə izah edib:
“Belə həyat tərzi keçirən insanlara hər zaman nifrət etmişəm. Min bir əziyyətlə, kasıbçılıqla uşaq böyüyür, sonra belələrinin həyat tərzinə uyub yoldan çıxırlar, ailələrini bədbəxt edirlər. Bütün bunlar məndə qıcıq və nifrət yaradırdı. Bacardığım, gücüm çatan qədər belə şəxsləri cəzalandırıb yox edəcəyimə özümə söz vermişdim”.
İsmayılov ifadəsində Orxanla və Günellə görüşləri əvvəlcədən planlaşdırdığını da bildirib. O, Türkiyədən qayıtdıqdan sonra hər iki şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlayıb. Təqsirləndirilənin ifadəsində səsləndirdiyi fikirlər LGBTQ+lərə uşaqlara və yeniyetmələrə mənfi təsir göstərməkdə ittiham edən homofob stereotipləri təkrarlayır. O, bu inanclarını zorakılığa haqq qazandırmaq və insanları qətl etmək niyyətini izah etmək üçün istifadə edib.
Röyal İsmayılov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilir və barəsində həbs qətimkan tədbiri seçilib.
İttihamda qətlin homofob nifrət zəminində törədilməsi ayrıca göstərilmir. Halbuki, təqsirləndirilən şəxs ifadəsində LGBTQ+lərə nifrət etdiyini və onları öldürməyi planlaşdırdığını bildirib. Azərbaycanda LGBTQ+ icması ayrı-seçkiliyə qarşı qanunvericilikdə ayrıca qorunan sosial qrup kimi tanınmadığından, bu hadisə kimliyimizə görə hədəfə alınmağımız və belə cinayətlərə qarşı hüquqi müdafiənin yetərsizliyi ilə bağlı ciddi hallar yaradır.

