“Yoxsulluq taleyimiz deyil” – Yoxsulluqla Mübarizə Gününə ithafən

“Yoxsulluq taleyimiz deyil” – Yoxsulluqla Mübarizə Gününə ithafən

Yoxsulluq cəmiyyətdə mövcud olan bərabərsizliklərdən ayrı deyil. Ayrı-seçkiliyə və sosial təcridə məruz qalan  qruplar iqtisadi imkanlara çıxışda daha çox maneə ilə üzləşirlər. LGBTQ+ icması da bu qruplardan biridir. Ailəsi tərəfindən qəbul edilməmək, işə qəbul zamanı ayrı-seçkiliklə üzləşmək və təhlükəsiz mənzil tapa bilməmək insanların müstəqillik qazanmasını çətinləşdirir. 

Elə bu səbəbdən bu gün sənin də günündür. YOXSULLUQ HAMIMIZI VURUR. 17 oktyabr Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü 1987-ci il oktyabrın 17-də Parisdə yoxsulluq, aclıq və zorakılığa etiraz etmək üçün toplaşan 100 mindən çox insanın təşəbbüsünə gedib çıxır. İştirakçılar yoxsulluğun insan hüquqlarının pozuntusu olduğunu bəyan edərək həmrəyliyin vacibliyini vurğulayıblar. 1992-ci il dekabrın 22-də BMT Baş Assambleyasıbu günü Yoxsulluqla Mübarizə Günü elan edib.

Bu gün yoxsulluğun yalnız maddi resursların çatışmazlığı olmadığını, həm də insanların təhsil, səhiyyə, mənzil, əmək və sosial müdafiə kimi fundamental hüquqlara çıxışını məhdudlaşdıran struktur problem olduğunu xatırlatmaq üçündür.

Azərbaycanda LGBTİ+lər, ələxsus translar, gender kimliklərinə və seksual oriyentasiyalarına görə əmək bazarında və mənzil əldə etməkdə ayrı-seçkiliklə üzləşirlər. İşə qəbul zamanı qərəzli münasibət, iş yerində təzyiq və peşəkar fəaliyyətin məhdudlaşdırılması sabit gəlir əldə etməyi çətinləşdirir. Mənzil kirayələmək zamanı qarşılaşılan maneələr isə təhlükəsiz yaşayış şəraitinə çıxışı məhdudlaşdırır. Sistem o qədər qəddar qurulub ki, bəzən sənə fürsətlər tanımaq istəyən insanlar da cəzalandırılır.

Elə keçən ilin oktyabrında məktəb tədbirində çıxış edən trans qadın müğənni Samira Şah ilə bağlı hadisə bu problemə nümunə ola bilər. Samira Şahın Bülbülə qəsəbəsində yerləşən mədəniyyət evində keçirilən tədbirdə mahnı ifa etməsindən sonra tədbirin təşkilatçısı işdən çıxarılıb. Daha sonra Samira Şah Prezidentə müraciət edərək transların və LGBTİ+lərin iş yerlərində və ictimai məkanlarda üzləşdiyi ayrı-seçkiliyə son qoyulmasını tələb edib.

İş tapmaqda çətinlik çəkən Loren, trans olduğu üçün çalışdığı gözəllik salonlarından birinin bağlandığını deyirdi. 4 İl əvvəl verdiyi müsahibəsində o, transların peşə fəaliyyətinin və imkanlarının ayrı-seçkilikdən necə təsirlənə bildiyini göstərirdi. İndi isə, 2021-ci ildən bəri heç bir tərəqqi yoxdur.

Bu maneələr yoxsulluq riskini artıraraq insanları daha həssas vəziyyətə salır.

Yoxsulluqla mübarizə ayrı-seçkiliyin qarşısının alınmasını, əmək hüquqlarının qorunmasını, təhlükəsiz mənzilə çıxışın təmin edilməsini və sosial müdafiə mexanizmlərinin hər kəsi əhatə etməsini tələb edir. Yoxsulluğu aradan qaldırmaq üçün yalnız onun nəticələri ilə deyil, insanları yoxsulluğa sürükləyən bərabərsizliklərlə də mübarizə aparmaq lazımdır.

Paylaş