Azərbaycanda LGBTQ+ “təbliğatının” qadağan olunmasını nəzərdə tutan qanun layihəsi barədə məlumatlar əvvəlcə hökumətyönlü mediada yayılıb, daha sonra müxtəlif media orqanları və sosial şəbəkələrdə geniş tirajlanıb. Deputatların açıqlamalarında belə bir qanun layihəsinin mövcudluğu təsdiqlənməsə də, müzakirələrin aparıldığına dair xəbərlər cəmiyyətdə suallar yaradıb.
Qıy Vaar! olaraq yayılan xəbərlərlə bağlı bildiririk ki, rəsmi əsası təsdiqlənməmiş məlumatların həssas sosial qruplarla bağlı qəti xəbər kimi yayılması LGBTQ+ icmasında qorxu və qeyri-müəyyənliyi artırır. Bizim kimliklərimiz gündəmi idarə etmək üçün bir əsas olmamalıdır. Xəbərin sonradan təkzib edilməsi isə bu məlumatların hansı mənbəyə əsaslandığı və hansı müzakirələrdən qaynaqlandığı ilə bağlı sualları aradan qaldırmır.
Biz bilirik və cəmiyyətə məlumdur ki, sözügedən xəbəri yayımlayan hökumətaltı medialar bu kimi yazıları yalnız onlara verilən tezis əsasında yayımlayırlar. Yəni, “Yeni LGBT qanunu”dan bəhs edən xəbərin cəmiyyətə hökumət tərəfindən təqdim ediməsi, siyasi təcrübədən dolayı, sual doğurmur. Xəbərin sonradan, yenə hökumət mediasında təkzib edilməsi isə bu gün içində baş verənlərin bir hədə olduğu fikrini daha da aydın edir.
Azərbaycan hökumətinin Rusiya və Türkiyədəki insan haqlarını məhdudlaşdıran qanunları izləməsi də onun agah olduğumumuz bir başqa ənənəsidir. Bu səbəbdən biz, yeni irticai qanun hədəsini həm də Türkiyədə LGBTQ+ icmasına yönəlik son həftələrdəki hökumət hücumundan ilhamlanan təşəbbüs olaraq görürük.
Əlavə edirik ki, LGBTQ+lər Azərbaycanda uzun illərdir ayrı-seçkilik, zorakılıq və təhlükəsizlik problemləri ilə üzləşən bir icmadır. Bu icmanın hüquqlarını müdafiə edən təşəbbüslərin kriminallaşdırılması və ya “əxlaqa zidd” kimi təqdim edilməsi üzvlərinin onsuz da məhdud olan müdafiə imkanlarını daha da zəiflədə bilər.
Biz dərhal LGBTQ+ icmasına qarşı qorxu yaradan ritorikaya son verməyə, media qurumlarını məlumatları dərc etməzdən əvvəl yoxlamağa, rəsmi mənbələrə istinad etməyə və ictimai narahatlığı artıran, təsdiqlənməmiş iddiaları fakt kimi təqdim etməməyə çağırırıq.
LGBTQ+lər təhlükə deyil. Onların hüquqları, təhlükəsizliyi və ləyaqəti hər bir vətəndaşla bərabər şəkildə qorunmalıdır.

