Azərbaycanlı kuir, feminist və veqan aktivist Nana Xanım Babazadənin üzləşdiyi hüquq pozuntuları İstanbulda keçirilən mətbuat konfransında ictimaiyyətə təqdim olunub.
Mühacir və Qaçqın Həmrəylik Şəbəkəsi və Nanaya Azadlıq Platforması tərəfindən İnsan Haqları Dərnəyinin (İHD) İstanbul şöbəsində təşkil olunan konfransda Babazadənin Türkiyədə saxlanılması, Azərbaycana deportasiyası və hazırda üzləşdiyi təhlükəsizlik problemləri barədə məlumat verilib.
Platformanın açıqlamasında bildirilib ki, Nana Babazadə qadın hüquqları, LGBTİ+ hüquqları və heyvan hüquqları sahəsindəki fəaliyyətinə görə uzun müddətdir təzyiqlərlə üzləşir. Açıqlamada onun yaşadıqlarının insan hüquqları müdafiəçilərinə qarşı tətbiq olunan sistemli təzyiq mexanizmlərinin nümunəsi olduğu vurğulanıb.
Məlumata görə, Babazadə Azərbaycanda ailəsi tərəfindən cinsi orientasiyası, gender kimliyi və fikirlərinə görə təhdid olunduqdan sonra Türkiyəyə köçərək İstanbul Universitetində antropologiya üzrə magistr təhsili almağa başlayıb. Lakin 2025-ci il avqustun 21-də saxlanılıb və 53 gün Geri Göndərmə Mərkəzində tutulub. Bu müddətdə onun çılpaq axtarışa məruz qaldığı, ifadə azadlığının məhdudlaşdırıldığı və dəfələrlə əməkdaşlığa məcbur edilməyə çalışıldığı bildirilib.
Can təhlükəsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Babazadə sonradan Azərbaycana deportasiya olunub.
Azərbaycana qaytarıldıqdan sonra təhlükəsiz yaşamaq imkanı tapa bilməyən Babazadə bir müddət gizlənərək yaşayıb. Daha sonra ölkəni tərk etmək istəyərkən pasportunun Türkiyə tərəfindən ləğv edildiyini öyrənib. Hüquqi prosedurları tamamladıqdan sonra 10 noyabr 2025-ci ildə Gürcüstana keçib. Lakin burada da Azərbaycanlı müxaliflər, jurnalistlər və insan hüquqları müdafiəçilərinə qarşı artan təzyiqlər səbəbindən təhlükəsizliyini təmin edə bilməyəcəyini düşünərək 7 aprel 2026-cı ildə ölkəni tərk edib.
Hazırda Babazadə Azərbaycan vətəndaşları üçün vizasız giriş mümkün olan ölkələr arasında hər 90 gündən bir ölkə dəyişmək məcburiyyətində qalır. Daimi hüquqi statusa malik olmadığı üçün mənzil, təhlükəsizlik və əsas yaşayış ehtiyaclarını yalnız feminist və kuir təşkilatların həmrəyliyi hesabına qarşılaya bilir.
Mətbuat konfransında çıxış edənlər beynəlxalq ictimaiyyəti Nana Babazadənin təhlükəsizliyinin təmin olunması, ona daimi hüquqi müdafiə statusunun verilməsi və insan hüquqları müdafiəçilərinə qarşı siyasi motivli təqiblərə qarşı mövqe göstərməyə çağırıblar.

