
Qaraçay-Çərkəz Respublikasında 16 gey “ekstremist təşkilat” fəaliyyətində iştirak ittihamı ilə saxlanılıb. İnsan haqları qruplarının məlumatına görə, saxlanılanlar, kuir tanışlıq üçün olan yerli VKontakte qrupunun üzvləri olublar.
NC SOS qrupunun məlumatına görə, hadisə aprelin 27-si səhər saatlarında baş verib. Polis Vkontake platformasındakı həmin qrupda mesaj yazaraq fotosunu paylaşan gənclərdən birinin evinə gələrək onu harasa aparıb. Sonra gəncdən telefonunun şifrəsini vermək tələb olunub. Telefonda qrup çatındakı yazışmaları incələyən polislər daha sonra onu polis idarəsinə aparıblar. İdarəyə gəldikdə gənc, onunla birlikdə qrupda olan digər 15 nəfərin də orada olduğunu görüb. Onlar ayrı-ayrı sorğu otaqlarına aparılıblar. Polislə əməkdaşlıq etmək istəməyən bir nəfər isə zorakılığa məruz qalıb. O, sorğu otağına əliqandallı aparılıb və sorğu zamanı otaqdan qışqırıq səsləri gəlib. Geri qayıtdıqda onun üzərində açıq görünən xəsarət izləri var imiş.
Yerli Telegram kanalları bildirir ki, cinayət işi “ekstremist təşkilat yaratmaq” maddəsi üzrə açılıb və əsas “təşkilatçı” hələ açıqlanmır. Lakin “təşkilatçını” 6 ilə 10 il arasında həbs cəzası gözləyir. Həmçinin qeyd olunur ki, 16 nəfər “qeyri-ənənəvi praktikalarla məşğul olmaqda” və “qadağan olunmuş ideologiyanı yaymaqda” ittiham edilir. Telegram kanalı qeyd edir ki, ölkə qanunvericiliyində bu fəaliyyətin “ənənəvi ailə dəyərlərinə zidd olduğu” vurğulanır.
2023-cü ilin noyabrında Rusiya Ali Məhkəməsi “Beynəlxalq LGBT ictimai hərəkatını” ekstremist təşkilat elan edərək ölkədə fəaliyyətini qadağan etmişdi. İnsan haqları müdafiəçiləri həmin vaxtdan bəri xəbərdarlıq edirlər ki, istənilən kuir fəaliyyətdə iştirak cinayət təqibi riski daşıyır və görünən odur ki, buraya onlayn qruplarda yer almaq da daxil ola bilər.
Şimali Qafqazda əvvəlki illərdə də LGBTQ+lara qarşı təqiblər qeydə alınıb. 2017-ci ildə Novaya Gazeta, gey olma şübhəsi ilə saxlanılan və sonra öldürülən gənclərlə bağlı araşdırma yayımlamışdı. Çeçenistan rəsmiləri bu araşdırmanı inkar etmişdilər. 2019-cu ildə isə Çeçenistanda həyata keçirilən polis reydləri ilə 10-larla kuir fərdin saxlanıldığı, bəzilərinin zorakılığa məruz qaldığı Russian LGBT Network tərəfindən ictimailəşdirilmişdi.
