
Bakıda yaşayan kuir sosial şəbəkələrdə etdiyi paylaşımlara görə inzibati məsuliyyətə cəlb olunaraq 30 sutka həbs edilib.
Bu haqda “Qafqazinfo”nun məlumatına görə, paytaxtda yaşayan,2005-ci il təvəllüdlü M.Məmmədov (ad şərtidir) polis tərəfindən saxlanılıb. Bildirilir ki, onun “TikTok” və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində intim xidmətlər təklif etdiyi və istifadəçilərlə seksual məzmunlu yazışmalar etdiyi deyilir.
Məlumata əsasən, o, Nəsimi rayonunda keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü maddəsi (fahişəliklə məşğul olma) və 510.2-ci maddəsi üzrə protokol tərtib edilib (internetdə və ya informasiya şəbəkələrində ictimai mənəviyyatı təhqir edən və ya cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən davranışlara görə məsuliyyət nəzərdə tutur).
İş məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə M.Məmmədov 30 sutkalıq inzibati həbs cəzası alıb.
Xəbərdə şəxsin seksual orientasiyası və ya gender kimliyinə işarə edən ifadələr işlədilərək “fahişəliklə məşğul olma”, “xırda xuliqanlıq” kimi təsnif edilən maddələrlə hökm oxunub. Azərbaycan qanunvericiliyində “cinsi azlığın təbliği” adlı ayrıca hüquqi norma mövcud deyil, xəbərdə istifadə olunan bu ifadə hüquqi termin deyil və İnzibati Xətalar Məcəlləsində belə bir maddə yoxdur. Belə təqdimatın mümkün nəticələrindən biri ictimaiyyəti LGBTQ+ icmasına qarşı qızışdırmaqdır. Kuir kimliyinin qabardılaraq vətəndaşın həbs edilməsi auditoriyada qınaq və ya “cəzalandırma haqlıdır” kimi reaksiyalar doğurur. Azərbaycanda seks işçiliyi ilə bağlı inzibati cəzaların tətbiqi də çox vaxt sosial və iqtisadi baxımdan ən həssas qruplara yönəlir. Praktikada məsuliyyətə cəlb edilən şəxslərin əhəmiyyətli hissəsi maddi imkanları məhdud olan insanlardır, halbuki daha çox resursa malik şəxslərin hüquqi nəticələrdən yayınması ilə bağlı iddialar mütəmadi olaraq ictimai müzakirələrdə səsləndirilir. Sosial təcrid, əmək bazarında məhdud imkanlar və sistemli diskriminasiya bir çox kuiri qeyri-rəsmi və yüksək riskli əmək sahələrinə yönəldir. Bu fəaliyyətin kriminallaşdırılması onsuz da həmin insanlar üzərində əlavə təzyiq yaradırdı. İndi isə bu təqdimatlarla LGBTQ+ kimliyinin özünün “problemli” kimi göstərilməsi bu təzyiqi daha da artdırır.
