Rusiyada “ILGA World” arzuolunmaz təşkilat elan edilib

Rusiyada “ILGA World” arzuolunmaz təşkilat elan edilib

Rusiya Ədliyyə Nazirliyinin 21 yanvar tarixində rəsmi veb saytında yerləşdirdiyi açıqlamada bildirilir ki, Rusiya vətəndaşları və qurumları üçün bu cür təşkilatlarla hər hansı əməkdaşlığı qadağan edən qanuna əsasən, dünyada LGBTQ+ hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlardan biri olan ILGA World ölkədə “arzuolunmaz təşkilat” elan edilib. Həmin açıqlamada eyni gün daha 8 beynəlxalq təşkilatın da “arzuolunmaz təşkilat” elan edildiyi qeyd olunur.

ILGA World-un məsələ ilə bağlı bəyanat yayıblayaraq bildirib ki, Rusiyanın bu qərarı LGBTİ insan hüquqları müdafiəçilərinə və icmasına qarşı davam edən təqib və kriminallaşdırma siyasətində daha bir addımdır. Bu əməl Rusiyanın on ildən artıqdır LGBTİ fəallığına qarşı mübarizə aparmaq üçün istifadə etdiyi müddəaların arsenalına əlavə olunur.

Qanun, həmçinin Rusiya hakimiyyətinin Ukraynaya qarşı davam edən işğal və müharibə də daxil olmaqla, hökumətə yönəlmiş bütün tənqidləri susdurmaq və vətəndaş cəmiyyətini fəaliyyətsiz hala gətirmək üçün tətbiq etdiyi repressiv vasitələrdən biridir.

Qeyd edək ki, ILGA World 170-dən çox ölkədən 2000-dən artıq təşkilatı birləşdirən qlobal federasiyadır və Qıy Vaar! platforması da üzv təşkilatlardan biridir. Birliyin Avropa və Mərkəzi Asiya üzrə regional bölməsi olan ILGA-Europe yazır ki, təxminən 15 ildir Rusiyada LGBTİ fəalları və təşkilatları davamlı repressiyalar qarşısında cəsarət, yaradıcılıq və qətiyyət nümayiş etdirirlər. ILGA-Europe bütün bu müddət ərzində onların yanında olub, onları dəstəkləyib və bu öhdəlik dəyişməyib.

ILGA-Europe, daha yaxşı və daha azad Rusiya üçün çalışan LGBTİ icmalarını, təşkilatçılarını və qruplarını dəstəkləməyə və gücləndirməyə davam edəcəyini, vəziyyət daha təhlükəli hala gəldikcə isə iş üsullarını qayğı və təhlükəsizlik prinsiplərinə uyğun şəkildə formalaşdırdıqlarını bildirib.

Təşkilat onlarla əlaqələrinə görə risk altında ola biləcək fəalların və təşkilatların şəxsi qərarlarına hörmətlə yanaşdıqlarını, təhlükəsizlik və mühafizəyə üstünlük verən yanaşmaları dəstəklədiklərini qeyd edib.

Paylaş