
PrEP – pre-exposure prophylaxis sözünün qısaltmasıdır. “Profilaktika” termini bir infeksiya və ya xəstəliyin yayılmasının qarşısını almaq və ya nəzarətdə saxlamaq deməkdir.
ABŞ Qida və Dərman İdarəsi (FDA) PrEP üçün dörd dərmanı təsdiqləyib:
Truvada (və ya onun generiki) – hər gün qəbul edilən tablet
Descovy (və ya generik) – hər gün qəbul edilən tablet
Apretude – iki aydan bir vurulan iynə
Yeztugo – altı aydan bir vurulan iynə
Hansının seçiləcəyi şəxsin sağlamlıq vəziyyətindən və ehtiyaclarından asılıdır amma Azərbaycanda bu PrEP-lərdən yalnız Truvada əlçatandır. 2025-ci ildən etibarən Respublika Qiçslə Mübarizə Mərkəzindən (RQMM) bu vasitəni ödənişsiz şəkildə almaq mümkündür.
PrEP İİV-in orqanizmdə çoxalma dövrünü bloklayaraq, virusla cinsi əlaqə və ya inyeksiya yolu ilə təmas zamanı virusun bədəndə tutunmasının qarşısını alır. Amma bunun effektiv olması üçün dərman mütəmadi və düzgün şəkildə qəbul edilməlidir ki, qanda kifayət qədər dərman səviyyəsi qalsın.
PrEP mənim üçün uyğundurmu?
PrEP – İİV-i olmayan, lakin cinsi əlaqə və ya inyeksiya yolu ilə İİV-ə yoluxma riski yüksək olan insanlar üçündür.
Əgər İİV-iniz varsa, PrEP sizin üçün uyğun deyil.
ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) aşağıdakı hallarda PrEP-i tövsiyə edir:
İİV neqativsiniz, amma son 6 ayda anal və ya vaginal cinsi əlaqə olmuşdursa və İİV-li partnyorunuz varsa (xüsusilə virusa nəzarət olunmursa) və ya daimi olaraq prezervativdən istifadə etmirsinizsə və ya Son 6 ayda cinsi yolla keçən infeksiya (CYKİ) aşkarlanıbsa PrEP-dən istifadə tövsiyə edilir
Bundan başqa İİV-li inyeksiya tərəfdaşı olan və ya iynə, şprisləri və digər avadanlıqları başqaları ilə paylaşan inyeksiya edən insanlara PrEP tövsiyə olunur.
Əgər İİV neqativsiniz, PEP qəbul etmisiniz və riskli davranışlar hələ də davam edirsə və ya bir neçə dəfə PEP kursu almalı olmusunuzsa bu halda da PrEP düşünülməlidir.
PrEP nə qədər effektlidir?
PrEP-in effektivliyi gündəlik qəbul zamanı ən yüksək olur. CDC-yə görə gündəlik PrEP cinsi yolla yoluxma riskini təxminən 99% azaldır. İnyeksiya yolu ilə yoluxma riskini isə ən azı 74% azaldır. PrEP düzgün qəbul olunsa belə, nadir hallarda yoluxma baş verə bilər. Bu halda dərmana qarşı davamlılıq yarana bilər və gələcək İİV müalicə seçimlərini məhdudlaşdıra bilər. PrEP-lə birgə prezervativ istifadə etmək riski daha da azaldır.
PrEP-in yan təsirləri varmı?
Bəzi insanlarda ürəkbulanma, ishal, baş ağrısı, başgicəllənmə, depressiya əlamətləri və yuxusuzluq kimi əlamətlər görsənə bilər. Bunlar adətən yüngül olur və zamanla keçib gedir. Çox nadir hallarda böyrək problemləri və laktik asidoz kimi ciddi yan təsirlər də mümkündür. PrEP başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir və yan təsirlər sizi narahat edərsə, dərhal həkimə xəbər verməlisiniz.
PrEP və hormon əsaslı doğuşa nəzarət üsulları arasında məlum qarşılıqlı əlaqə yoxdur, məsələn, həb, yamaq, üzük, iynə, implant və ya spiral – uşaqlıq içi alət (RİA). Hər ikisini eyni anda istifadə etmək təhlükəsizdir.
PrEP və hormon terapiyası arasında məlum dərman konfliktləri yoxdur. Hər ikisini eyni anda istifadə etmək təhlükəsizdir.
PrEP-in sizə uyğun olduğunu düşünürsünüzsə nə etməlisiniz?
PrEP yalnız həkim tərəfindən təyin oluna bilər. Həkim PrEP-i sizin üçün uyğun hesab edərsə, ilk addım İİV testidir. PrEP başlamazdan birbaşa əvvəl, testinizin mənfi olduğundan əmin olunmalıdır.
PrEP nə qədər tez-tez qəbul edilməlidir?
Tabletlə PrEP (Truvada və Descovy) Hər gün qəbul edilməlidir. CDC və FDA-nın tövsiyə etdiyi yeganə qəbul formasıdır.
Bəzi şəxslər hər gün dərman qəbul etmək əvəzinə On-demand (2-1-1) PrEP yöntəmini istifadə edir. Bəən bu cür epizodik istifadə mümkündür, amma CDC və FDA tərəfindən rəsmi tövsiyə edilmir. Bu istifadə növünün sxemi seksdən 2–24 saat əvvəl 2 tablet, 24 saat sonra 1 tablet, Daha 24 saat sonra yenə 1 tablet şəklindədir. Bu üsulu yalnız həkim tövsiyə edərsə istifadə etmək olar.
İnyeksiya ilə PrEP-də isə Apretude – 2 aydan bir, Yeztugo – 6 aydan bir istifadə edilir. İlk inyeksiyada qısa müddətlik tablet də qəbul edilə bilər. Dərmanın dozası buraxıldıqda effektivlik ciddi şəkildə azalır.
PrEP haqqında başqa nələri bilməlisiniz?
PrEP digər CYKİ-lərdən (gonoreya, xlamidiya və s.) qorumur. Ona görə prezervativdən istifadə etmək çox vacibdir. İnyeksiya edirsinizsə, inyeksiya vasitələrini paylaşmamaq İİV riskini ciddi azaldır. PrEP istifadə edənlər hər 3 ayda bir İİV testi verməlidir. PrEP-i dayandırmağı düşünür və ya qəbulda çətinlik yaşayırsınızsa, bunu həkimlə müzakirə edin. İİV testi pozitiv çıxarsa, PrEP dərmanları artıq işləməyəcək – müalicə üçün ayrı dərmanlar tələb olunur.
