2024-cü İl Qlobal Seçkiləri: Kuir İcmalara Qarşı Anti-LGBTİQ+ Ritorika və Siyasi Təhlükəsizlik

2024-cü İl Qlobal Seçkiləri: Kuir İcmalara Qarşı Anti-LGBTİQ+ Ritorika və Siyasi Təhlükəsizlik

2024-cü il dünya siyasətində seçkilərin intensivliyi ilə yadda qaldı. Outright International təşkilatının sentyabr 2025-ci ildə dərc etdiyi “Queering Democracy: The Global Elections in 2024 and How LGBTIQ People Fared” hesabatına görə, ilin 89 ölkəsində seçki keçirildi və təxminən 1,5 milyard seçici səs verdi. Təşkilat 2024-cü ili “super seçki ili” adlandırır, bu da həm seçkilərin miqyasını, həm də kuir icmaların hüquqları üçün yarana biləcək riskləri göstərir.

Anti-LGBTIQ+ ritorikanın yayılması

Hesabatda qeyd olunur ki, araşdırılan 61 ölkənin ən azı 51-də siyasətçilər seçki kampaniyalarında açıq şəkildə anti-LGBTIQ+ ritorikadan istifadə edib. Bu ritorika bir neçə formada müşahidə olunub: homofob və transfob çıxışlar, kuir hüquqlarını inkar edən qanunvericilik təşəbbüsləri, və medianın ritorikanı gücləndirməsi. Siyasətçilər “ailə” və “ənənə” diskursunu əsaslandırıcı arqument kimi, “gender ideologiyası” terminini isə qorxu və nifrət yaratmaq vasitəsi kimi istifadə ediblər.

Outright International təşkilatı bu ritorikanın yalnız ictimai rəyə təsir etmədiyini, həm də kuir fərdlərin siyasi iştirakını risk altında qoyduğunu bildirir. Belə atmosferdə kimlik bəyanı (coming out) etmiş siyasətçilər və aktivistlər tez-tez hədəf seçilir, bəzən hüquqi və fiziki təzyiqlərlə qarşılaşırlar. 

Qlobal səviyyədə iştirak və müqavimət

Hesabat həmçinin göstərir ki, 36 ölkədə coming out etmiş kuirlər siyasi vəzifələrdə iştirak ediblər. Bu, kuir icmaların siyasi görünənliyinin artdığını və gələcəkdə hüquqlarının müdafiəsi üçün platforma yarandığını göstərir. Məsələn, bəzi Avropa ölkələrində və Latın Amerikasında kuir namizədlər tarixi qələbələr qazanıblar, bu isə ictimai rəyin dəyişə biləcəyini nümayiş etdirir. 

Analiz göstərir ki, anti-LGBTIQ+ ritorika və kuir siyasətçilərin iştirakı bir-birini qarşılıqlı təsir edən proseslərdir. Ritorika kuir icmaların fəaliyyətini qorxu altında saxlayır, lakin siyasi görünürlük və  prosesi həmin ritorikanın ictimai müzakirəyə çıxmasını təmin edir. Beləliklə, 2024-cü il seçkiləri demokratiya və insan hüquqları arasındakı mürəkkəb balansı açıq şəkildə göstərir.

Tövsiyələr və çağırışlar

Hesabatın tövsiyələri praktik və çoxşaxəlidir:

  1. Monitorinq və hesabatlılıq: Seçkilər zamanı nifrət nitqinin izlənməsi və məsuliyyət mexanizmlərinin tətbiqi.
  2. Seçki administrasiyasının gücləndirilməsi: Səsvermə məntəqələrində inkluziv təlimlər və gender-çeşidliliyə dair maarifləndirmə.
  3. Vətəndaş cəmiyyəti və beynəlxalq dəstək: LGBTIQ+ təşkilatlarına hüquqi və təhlükəsizlik yardımı, informasiya kampaniyaları və seçicilərin maarifləndirilməsi.
  4. Qanunvericilik müdafiəsi: Nifrət nitqi və seçkidə manipulyasiyaya qarşı hüquqi tədbirlər, insan hüquqları standartlarına uyğun şəkildə tətbiq olunmalıdır.

Nəticə

2024-cü il seçkiləri göstərdi ki, ifrat sağın anti-kuir ritorikası yalnız kuir icmalar üçün deyil, demokratiya və insan hüquqlarının ümumi sağlamlığı üçün də ciddi təhdid yaradır. Eyni zamanda, kimlik bəyanı (coming out) etmiş siyasətçilərin görünürlüğü və uğurları göstərir ki, ictimai dəstək və siyasi iştirak hüquqların qorunmasında həlledici rol oynayır.

Hesabat həmçinin ortaya qoyur ki, gələcəkdə kuir hüquqlarının müdafiəsi yalnız fərdi səylərlə mümkün deyil; bu, beynəlxalq həmrəylik, dövlət dəstəyi və vətəndaş cəmiyyətinin fəal iştirakı ilə təmin olunmalıdır. Qlobal səviyyədə seçkilərin izlənməsi və kuir icmaların hüquqlarının qorunması 2024-cü ilin təcrübəsindən çıxarılan əsas dərslərdəndir.

İstinadlar:

Queering Democracy: The Global Elections in 2024 and How LGBTIQ People Fared  

Politicians in at least 51 countries used anti-LGBTQ+ rhetoric during elections, NGO finds

EU Election results: The challenges & opportunities

Müəllif: Nərmin Şahmarzadə

Paylaş