
Sovet dövründə LGTIQ+ hüquqlarına qoyulan məhdudiyyətlər və kuir icmaya qarşı təqib həmişə aktual olub. Lakin Sovetlərdə icmaya qarşı yanaşma həmişə birmənalı olmayıb. Real mənzərə daha mürəkkəbdir.
Qeyd: Bu məqalədə “Sovet dövrü” ifadəsi təkcə Rusiyanı deyil, 1922–1991-ci illərdə mövcud olmuş Sosialist Sovet Respublikaları İttifaqını (SSRİ) nəzərdə tutur. SSRİ-yə Rusiya ilə yanaşı Azərbaycan, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan və digər respublikalar daxil idi. Lakin qanunvericilik və onun tətbiqi bütün ittifaq üzrə tam eyni deyildi. Məsələn, 1917-ci ildən sonra Rusiyada homoseksual münasibətlərin dekriminallaşdırılması baş versə də, Azərbaycan və bir sıra digər respublikalarda həmin müddəa yerli cinayət məcəllələrində qüvvədə qaldı. Bu səbəbdən “Sovet dövründə LGBTIQ+ hüquqları” ifadəsi ümumi çərçivəni göstərsə də, konkret hüquqi vəziyyət respublikalar arasında fərqlənirdi.
1917-ci il inqilabı və ilk liberal addımlar
(Bolşeviklərin ilkin mərhələdə liberal yanaşması, homoseksuallığın dekriminallaşdırılması)
1917-ci ilin oktyabr ayında, Bolşevik inqilabının ilkin mərhələsində Fransa inqilabından sonra ilk dəfə homoseksuallıq dekriminallaşdırılıb. Kanadalı-ingilis tarixçi və slavist Den Hili (Dan Healey) Rusiyada homoseksuallıq tarixinin pioneridir.
Onun tədqiqatına əsasən, bolşeviklər 1917-ci ildə hakimiyyətə gələndə gender məsələlərində radikal və liberal mövqeyə istiqamətlənən xəttə üstünlük verirdilər. O, qeyd edir ki, bolşeviklər arasında LGBTIQ+ mövzuda vahid xətt mövcud deyildi. Lakin onlar gender məsələsində ənənəvi yanaşmadan yayınmağa çalışırdılar. Bu proses 1917-1922-ci illərdə yeni Cinayət Məcəlləsinin qəbul edilməsinə və bununla yetkin şəxslər arasında könüllü eynicinsli əlaqənin dekriminallaşdırılmasına gətirib çıxartdı. Yəni yetkinlərin könüllü homoseksual münasibətlərinə görə cinayət məsuliyyətinin və cəzanın tətbiqi aradan qaldırıldı. 1922-ci ildə qəbul edilmiş Cinayət Məcəlləsi ilə homoseksual münasibətlər dekriminallaşdırıldı. Bunu qeyd edək ki, qadağanın ləğvi kişi homoseksuallığına aid idi. Qadın homoseksual münasibətlərinə dair məsələlər Çar Rusiyası dövründə də cinayət qanunvericiliyi ilə tənzimlənmirdi.
1920-ci illərin qısamüddətli tolerantlıq mühiti, gey toyu
(Dekriminallaşdırmanın praktik nəticələri, sosial reallıqlar, Afanasy Shaur hadisəsi)
Sovetlərin ilk Cinayət Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayanların cinsi istismara və zorlamaya məruz qalmasına dair hüquqi qadağalar cinsi oriyentasiya fərqi qoyulmadan müəyyənləşdirildi. Hilinin tədqiqatına əsasən, eyncinsli və əkscinsli münasibətlərə dair əvvəlki dövrün özbaşına qadağaları tamamilə aradan qaldırıldı. Hili qeyd edir ki, Sovet Rusiyasının bu təcrübəsi Fransa inqilabından sonra LGBTIQ+ hüquqlara münasibətdə ilk ciddi nümunə sayıla bilər. Həmin dövrdə Böyük Britaniya və Almaniya kimi ölkələrdə könüllü yetkin homoseksual münasibətlərə dair mürtəce qanunvericilik qüvvədə idi və kuir icmanı cəzalandırmaqla marjinallaşdırılmış qruplara neqativ təsir göstərməyə davam edirdi.
1921-ci ilin yanvarında Rus Baltik Donanmasının matrosu Afanasy Shaur Peterburqda həmin dövr üçün fövqəladə nümunə sayılan gey toyu keçirmişdi. Həmin dövrdə rus gey icması qısamüddətli tolerantlıq mühitinə düşmüşdülər.
Repressiyanın geri dönüşü: Stalin dövrü və 121-ci maddə
(1930-cu illərdə repressiyanın güclənməsi, kütləvi həbslər və yeni qanunlar)
Lakin vəziyyət heç də tam ürəkaçan deyildi. Homoseksuallıq dekriminallaşdırılsa da, kuir icma hələ də təqiblə üzləşirdi. Gey kişilər, adətən, döyülür; ya kimlikləri ilə bağlı şantaja məruz qalırdılar, ya da işdən qovulurdular.
Lakin 1920-ci illərin tolerantlıq mühiti uzun sürmədi. 1930-cu illərdən kuir icma hüquqlarını itirməyə başladı. 1933-cü ilin iyulunda 175 gey kişi Leninqrad Homoseksualların İşi kimi bilinən cinayət işində həbs edildilər. Cinayət işinin detalları məxfi saxlanılsa da, həbs olunan şəxslər Britaniya kəşfiyyatına işləməklə ittiham olunmaqla yanaşı, “Qırmızı Ordunun əxlaqi pozğunlaşmasına” rəvac verməklə və “şər əks-inqilabçı” olmaqla günahlandırıldılar.
Həmin dövrdən başlayaraq homoseksual subkultura “ictimai zərərli element”lər sırasına aid edildi. Kuir icmaya qarşı böyük şəhərlərdə reydlər təşkil edildi.
1933-cü ilin sentyabrında NKVD-nin (sovet məxfi polisi) rəhbəri Yaqoda bütün sovet respublikalarında “uşaqbazlığ”a (“pederastlığa”) qarşı yeni qanuna ehtiyac olduğunu Stalinə təklif etdi. Yaqoda “pederast aktivist”lərin Sovetlərə qarşı casusluqla məşğul olduğunu iddia edirdi. Onun təklifi əsasında homoseksuallığın yenidən kriminallaşdırılmasına dair təşəbbüs Stalin tərəfindən dəstəkləndi. Yeni qanun tezliklə hazırlandı. 07 mart 1934-cü ildə yeni Cinayət Məcəlləsinin məşhur 121-ci maddəsi qəbul edildi. Bununla da yetkin şəxslər arasında könüllü homoseksual münasibətləri qadağan edən və buna görə cəza nəzərdə tutan “uşaqbazlıq” (“pederastlıq”) cinayəti yenidən aktuallaşdı. Homoseksual münasibətlərə görə 5 il müddətinə kimi azadlıqdan məhrum etmə cəzası müəyyən edildi.
Qeyd:“pidaraz” sözü tarixi olaraq rus dilindəki “pederast” ifadəsindən gəlir və homoseksual kişilərə qarşı işlədilən alçaldıcı, homofobik termin idi. Sovet dövründə bu söz homoseksualları pedofillərlə eyniləşdirmək və onları “əxlaqi təhdid” kimi göstərmək məqsədilə istifadə olunurdu. Stalin dövrü propaqandasında “pederast aktivistlər” ifadəsi homoseksualları Qərbin təsiri altında olan, Sovet cəmiyyətinin “əxlaqını pozmağa çalışan” qruplar kimi təqdim edirdi. Beləliklə, bu termin həm ideoloji, həm də cinsi azlıqlara qarşı repressiv siyasətin bir hissəsi kimi formalaşmışdı.
Cəmiyyətdə kuir icmaya qarşı stereotiplərin dərinləşməsi
(Homoseksualların damğalanması, məcburi psixiatriya müalicəsi və uzunmüddətli təsirlər)
Nəticədə, kuir icmanın Sovet dövründə qısamüddətli tolerantlıq nəfəsliyi aradan qalxdı. Həmin dövrdən sonra icma SSRİ-nin sonuna qədər daha sərt təqib olunmağa başladı. Homoseksuallığın kriminallaşdırılması ilə cəmiyyətin kuir icmaya qarşı olan stereotipləri daha sərt şəkildə ifadə edildi. Homoseksuallar cəzalandırılmaqla yanaşı, psixatrik müəssisələrdə məcburi müalicəyə məruz qalırdılar. Hazırda post-sovet ölkələrində hakim olan anti-LGBTIQ+ stereotiplər Stalin dövrünün qalığıdır.
Azərbaycan konteksti: mühafizəkarlıq və davamlı qadağalar
(Azərbaycan SSR-də qanunların sərtliyi, tolerantlıq dövründən kənarda qalma)
Qeyd edək ki, Sovet Rusiyasının kuir icmaya qarşı qısamüddətli tolerantlığı Azərbaycan kimi mühafizəkar ölkələrə aid edilmədi. Rusiyadan fərqli olaraq, homoseksuallıq Azərbaycan kimi Cənubi Qafqaz, eləcə də Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrində cinayət əməli kimi qalmağa davam etdi. Sovet Rusiyasından fərqli olaraq, Azərbaycan SSR-in 1922-ci il Cinayət Məcəlləsində “uşaqbazlıq” cinayəti hələ də qadağan idi və buna görə cəza nəzərdə tutulurdu. Başqa sözlə, Azərbaycanın LGBTIQ+ icması Sovet dövrünün müxtəsər tolerantlıq nəfəsliyindən heç vaxt faydalana bilmədi.
Sovet sonrası dövr: gecikmiş dekriminallaşdırma
(2000-ci ildə Avropa Şurasına üzvlük şərtləri və hüquqi dəyişiklik)
Kuir icmanın məruz qaldığı yetkin homoseksuallar arasında könüllü cinsi münasibətlərə qoyulan qadağa və cəza yalnız Sovet rejimi dağıldıqdan bir müddət sonra aradan qalxdı. Azərbaycanda homoseksuallığın kriminallaşdırılması 2000-ci ilə kimi davam etdi. Yalnız Avropa Şurasına üzv olmaq üçün qoyulan şərtlərdən biri kimi Azərbaycan hökuməti bu homoseksuallığın dekriminallaşdırılmasına razılaşdı.
Bu gün: qanuniliyə baxmayaraq təqiblər
(Müasir Azərbaycanda kuir icmaya qarşı dövlət və polis təzyiqləri, ILGA Europe-un qiymətləndirməsi)
Hazırda Azərbaycanda homoseksual münasibətlər qanuni cinayət əməli sayılmasa da, faktiki olaraq kuir icma dövlət, xüsusilə də polis tərəfindən təqiblərlə üzləşir. ILGA Europe-un araşdırmasına görə, Azərbaycan 49 Avropa ölkəsi arasında kuir hüquqlarının qorunması baxımından ən aşağı göstəriciyə malikdir.
Sovet hakimiyyətinin müəyyən bir mərhələsində, təxminən 12 il ərzində, LGBTIQ+ hüquqlarına qismən proqressiv yanaşma mövcud idi. Lakin Azərbaycanda həmin dövrdə də homoseksuallıq qanunla qadağan edilmişdi və LGBTIQ+ icma bu qısa tolerantlıq imkanından yararlana bilmədi.
Müəllif: Nərmin Şahmarzadə