

Avstraliya istehsalı Together adlı qorxu filmi Çində nümayiş edilmədən əvvəl süni intellekt vasitəsi ilə məhdudlaşdırılıb. Tamaşaçılar filmin orijinal və Çində yayımlanan görüntülərini müqayisə edərkən bəzi hissələrin rəqəmsal olaraq dəyişdirildiyini aşkar ediblər.
Ən çox müzakirə olunan məqam isə gey cütlüyü göstərən bir səhnənin heteroseksual cütlüklə dəyişdirilməsi olub. Orijinal versiyada iki kişi arasındakı münasibəti əks etdirən kadrın Çin versiyasında obrazlardan birinin üzü süni intellekt vasitəsilə qadın üzünə çevrilib. Həmçinin eyni cinsli münasibətə işarə edən dialoqlar da silinib.
Bundan başqa, bəzi seksuallıq və çılpaqlıq səhnələrində əlavə “rəqəmsal buxar” effektləri ilə aktyorların bədənləri gizlədilib.
Filmin beynəlxalq distribyutoru Neon, Çinli tərəfdaş Hishow tərəfindən edilən dəyişiklikləri kəskin tənqid edərək bunun icazəsiz baş verdiyini açıqlayıb. Şirkət, bu versiyanın dərhal geri çəkilməsini tələb edib. Hishow isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyib.
Hadisə sosial mediada da geniş reaksiya doğurub. Çinli izləyicilər populyar “Douban” platformasında bunun artıq sadəcə senzura yox, filmin məzmununun “dəyişdirilməsi” olduğunu deyirlər.
Çində LGBTİ+ məzmunlara senzura halları illərdir davam edir. Daha əvvəl “Bohemian Rhapsody” və “Oppenheimer” kimi filmlərdə də oxşar müdaxilələr edilmişdi. Hazırda ölkədə eynicinsli münasibətlər qanuni tanınmır, media və mədəniyyət sahələrində isə LGBTİ+ ifadələri ciddi məhdudiyyətlərlə üzləşir.