

Azərbaycanda azyaşlıların erkən nikaha cəlb olunması halları üzə çıxıb
Son günlər Azərbaycanda azyaşlıların erkən nikaha məcbur edilməsi ilə bağlı iki hadisə qeydə alınıb.
Sabirabad rayonunun Əsədli kəndində 14 yaşlı qızın 20 yaşlı oğlanla nişanlanması barədə məlumat yayılıb. Polis idarəsinə çağırılan tərəflər arasında mübahisə yaranıb. Hadisə ilə bağlı qızın atası Hikmət Fərzəliyev və Elvin Məmmədli inzibati qaydada 8 sutka müddətinə həbs ediliblər. Fərzəliyev sonradan qızını nişanlamaq niyyəti olmadığını, məclislərin birində sərxoş halda “Həri” dediyini bildirib. Qızın anası isə ümumiyyətlə nişan mərasiminin keçirilmədiyini iddia edib.
Digər oxşar hadisə isə Quba rayonunda qeydə alınıb. Burada 15 yaşlı qızın 1990-cı il təvəllüdlü bir şəxsə ərə verilməsi cəhdinin qarşısı alınıb. Quba Rayon Polis Şöbəsi tərəfindən faktla bağlı cinayət işi açılıb və qanunsuz nikahın təşkilində iştirak edən şəxslərin məsuliyyətə cəlb olunacağı bildirilib.