

Çində aparılan yeni bir sorğu göstərib ki, vətəndaşların yarıdan çoxu LGBTQ+lərin ləyaqətlə rəftar görməli olduğunu düşünür. Bu isə ölkənin bəzi məhdudlaşdırıcı qanunları ilə ziddiyyət təşkil edir.
UCLA Hüquq Məktəbi nəzdindəki Williams Institute tərəfindən keçirilən sorğuya görə, respondentlərin 53 faizi kuirlərin cəmiyyətdə qəbul edilməli olduğunu, eyni sayda iştirakçı isə eynicinsli cütlüklərin evlənə bilməli olduğunu bildirib. 46 faiz eynicinsli toyda iştirak edəcəyini, 48 faiz isə gey cütlüklərin yaxşı valideyn ola biləcəyini deyib. Araşdırma həmçinin göstərib ki, LGBTQ+ tanışları olanlar icmaya daha çox dəstək göstərirlər.
Sorğuda iştirak edənlərin 62 faizi LGBTQ+ şəxslərə iş yerində ədalətli münasibət göstərilməli olduğunu, 68 faizi isə hökumətin kuir tələbələr üçün müdafiə tədbirlərini gücləndirməli olduğunu bildirib.
Tədqiqatın müəllifi və ictimai siyasət üzrə baş tədqiqatçı Ian Meyer qeyd edib:
“Çin əhalisinin LGBTQ+lərə münasibəti barədə çox az məlumat var. Bu sorğu göstərir ki, əhalinin əhəmiyyətli hissəsi LGBTQ+ hüquqlarını və müdafiəsini açıq şəkildə dəstəkləyir, bu da ümumi yanaşmalara təsir edə bilər.”
Araşdırma həmçinin müəyyən edib ki, çinlilərin azı 70 faizi açıq şəkildə kuir olduğunu bildirən ən azı bir nəfəri tanıyır.
Çində LGBTQ+ hüquqlarının vəziyyəti
Çin Xalq Respublikasının senzura qanunları səbəbindən LGBTQ+ mövzusunda ictimai rəy barədə məlumatlar məhduddur. Lakin Equaldex adlı monitorinq platformasına görə, Çin 197 ölkə arasında 58-ci yerdədir.
Homoseksuallıq 1997-ci ildən qanunidir, lakin eynicinsli evliliklər hələ də tanınmır və LGBTQ+ icması üçün geniş hüquqi müdafiə mövcud deyil. 2017-ci ildən bəri eynicinsli cütlüklər vasilik təyinatı (guardianship appointment) üçün müraciət edə bilirlər ki, bu da onlara mirasın paylaşılması kimi hüquqlar verir, amma hələ də eynicinsli cütlüklərin övladlığa götürmək icazəsi yoxdur.
Trans vətəndaşlar rəsmi sənədlərdə genderlərini yalnız cinsiyyət dəyişdirmə əməliyyatından sonra dəyişə bilirlər. Bu əməliyyat üçün 18 yaşdan yuxarı olmaq, gender disforiyası diaqnozu almaq, azı beş il ərzində müraciət etmiş olmaq, məhkumluğun olmaması və evli olmamaq tələb olunur.
Çin LGBTQ+ icması üçün ən repressiv ölkələrdən biri hesab olunmasa da, ötən ay LGBTQ+ erotik mətnlər yazdığına görə azı 30 nəfərin saxlanılması ifadə azadlığının və kuir görünürlüğün hələ də ciddi nəzarət altında olduğunu göstərir.
Mənbə: PinkNews