Trans müğənni məktəblilərin önündə oxudu, mediada hədəf oldu

Trans müğənni məktəblilərin önündə oxudu, mediada hədəf oldu

Trans qadın məktəblilər önündə mahnı oxuduqdan sonra mediaların qarayaxmasına məruz qalıb.

Bülbülə qəsəbəsindəki Mirzə Ələkbər Sabir adına Mədəniyyət Evində baş tutan anım tədbirinə trans qadın müğənni Samira Şah dəvət olunaraq mahnılar səsləndirib. Məktəblilər üçün təşkil edilən bu tədbirdə onların valideynləri də iştirak ediblər. Tədbir zamanı izləyicilər müğənninin ifa etdiyi mahnıları normal şəkildə dinləsə də sonradan bir sıra medialar onun mahnı səsləndirdiyi görüntüləri paylaşaraq “ictimai narazılığa səbəb olduğunu” yazıblar.

Qıy Vaar! mediaların paylaşımları ilə bağlı Samira Şahdan müsahibə alıb. Müğənni bildirib ki, yayılan videoda göründüyü kimi bütün tədbir mədəni şəkildə baş tutub və onun ifası da izləyicilərinin alqışları ilə sonlanıb:

“Düşünürəm ki, bilərək mənim ifamın əvvəlinə aid hissəni paylaşıblar və sondakı alqışlar olan hissəni yayımlamayıblar. Neqativ insanlar da həmin paylaşımların altını öz neqativ rəyləri ilə doldurublar” – o, deyib.

Samira Şah, həmçinin, qeyd edib ki, Azərbaycan hər kəs kimi onun da ölkəsidir və o, vətənini çox sevir, bu səbəbdən bəzi mediaların onu bu formada çıxdaş etməsini qəbul etmir:

“Mən bu ölkədə dünyaya gəlmişəm, vətənimdir Azərbaycan. Mənim sevgilim müharibədə döyüşüb, medallar qazanıb. Şükür, sağ-salamat qayıdıb müharibədən. Yəni, müharibə vaxtı mən də hər Azərbaycan vətəndaşı kimi, hər Azərbaycan qadını kimi yaxınım, sevdiyim döyüşən əsgərimə görə narahat idim” – müğənni əlavə edir.

Samira Şah onun mədəniyyət sahəsində təmsil olunmadığına dair iddiaları qəbul etmədiyini, mədəniyyət sahəsi ilə, yaradıcılıqla tamamən iç-içə olduğunu da bildirib. O, qeyd edib ki, yaradıcılığı ilə peşəkar məşğuldur və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti məzunudur.

Paylaş