
Rusiyada abort hüquqlarının məhdudlaşdırılması ilə bağlı ilk real məhkəmə presedenti yaranıb. Mordoviya Respublikasında bir kişi hamilə partnyorunu aborta razı salmağa çalışdığı üçün 5 min rubl (107 manat) cərimələnib. Bu, “aborta meylləndirmə” maddəsi üzrə ölkə üzrə verilən ilk cəza kimi qeydə alınıb.
Məlumata görə, qadın əkizlərə hamilə olduğunu öyrəndikdən sonra bunu uşaqların atasına deyib. Kişi isə uşaq istəmədiyini bildirərək abort təklif edib və prosedurun pulunu ödəməyə hazır olduğunu söyləyib. Qadın razılaşmayaraq münasibəti bitirib və məhkəməyə müraciət edib. Kişi ilk öncə qadını aborta meylləndirməyə çalışdığını etiraf etsə də sonra dediklərindən boyun qaçırıb. İyul ayında isə qadın əkizlərini dünyaya gətirib.
Onların yaşadığı Mordoviya 2023-cü ildə aborta meylləndirməni qadağan edən qanunu qəbul edən ilk regiondur. Hazırda Rusiyanın 30-dan çox bölgəsində, həmçinin, ilhaq olunmuş Krımda oxşar məhdudiyyətlər qüvvədədir.
Hüquq müdafiəçiləri və yerli feminist fəallar çıxarılan bu yeniqərarı Rusiya hökumətinin əhalini artırmağı planlayan milliyətçi-mühafizəkar siyasəti ilə əlaqələndirdiklərini deyirlər. Onların sözlərinə görə, yeni qanunvericiliklə qadınların bədənləri daha çox müzakirə mövzusu olacaq, onların azadlıqları və gələcəkləri haqqında qərar vermələri əvvəlkindən daha çox ictimai və siyasi təsirlərə məruz qalacaq.
