
Son günlərdə hüquqşünas və yazıçı Müşfiq Abbasovun sosial şəbəkələrdə səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Abbasov bildirib ki, “ölkədə kütləvi şəkildə geyləşmə prosesi gedir” və bu prosesin əsas səbəblərindən biri orta məktəblərdə kişi müəllimlərin çatışmazlığıdır.
Onun sözlərinə görə, sosial mediada və televiziya kanallarında LGBTİ+lərin getdikcə daha çox görünməsi və onların “bahalı həyat tərzi” ilə təqdim olunması bu tendensiyanı gücləndirir.
Müşfiq Abbasov qeyd edib: “Geyləşmənin ən böyük səbəblərindən biri orta məktəblərdə kişi müəllimlərin olmamasıdır. Məsələn, mənim anadan olduğum Tovuz rayonunun Əyyublu kəndindəki 4 məktəbdə 250-dən çox müəllim var, onların cəmi 15-i kişidir. Artıq kişi müəllimlər abır-həya edib müəllimlər otağına da girmirlər, çünki bir-iki kişi 50 qadın müəllim arasında nə edə bilər? Təhsil Nazirliyi bu məsələni ciddi şəkildə nəzərə almalı və həll yolları axtarmalıdır. Oğlan uşaqları qadın müəllimlərin arasında kişi kimi yetişə bilmirlər.”
Abbasovun bu çıxışı sosial şəbəkələrdə geniş tənqidə məruz qalıb. İctimaiyyətin bir qismi onun LGBTİ+ şəxslərə qarşı ayrı-seçkilik yaratdığını və qadın müəllimlərin peşəkarlığını təhqir etdiyini bildirir.
Bəs bu fikirlər nə qədər əsaslıdır və arxasında hansı cəmiyyət problemi gizlənir? Bu açıqlamanın arxasında yalnız bir şəxsin fikri deyil, həm də cəmiyyətin köklü problemləri, yanlış yanaşmaları və qorxuları gizlənir. Gəlin, bu məsələni daha dərindən araşdıraq.


1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Elm və Təhsil Nazirliyi sosial şəbəkə hesabında əlində çərpələng tutan bir uşağın şəklini paylaşmışdı. Sadə, zərərsiz, bayram ovqatlı bir təsvir. Lakin çərpələng göyqurşağı rənglərində idi. Bəli, məsələnin “faciəsi” də məhz buradan başladı.
Təhsil eksperti Kamran Əsədov dərhal məsələni “açıb” bizə göstərdi: Nazirlik “nəyi təbliğ etdiyini bilmir”, “uşaqları nə kimi görmək istədiyini sual altına salır” və görünür ki, LGBT ideologiyasının agentinə çevrilib. Yox, bu zarafat deyil. Əsədov bunu açıq şəkildə feysbuk hesabında yazdı. Göyqurşağının rənglərini bir çərpələngdə görən kimi təcili ideoloji həyəcan siqnalı çalındı. Nəticədə, Nazirlik isə paylaşdığı şəkli dəyişdirdi.
Burada bir neçə məsələ var və onların heç biri çərpələng və ya LGBT təbliğatı ilə bağlı deyil. Bu reaksiya, hər şeydən əvvəl, elmi yox, qorxunu rəhbər tutan insanların hansı dərəcədə qərar verici mövqelərdə olduğunu göstərir. Optik bir təbiət hadisəsi olan göyqurşağı artıq bizim cəmiyyətimizdə şübhəli hesab olunur. Biz təbiətin özünü “təbliğat” aləti elan edəcək qədər cahil və qərəzli olmuşuq.
Bu mənasız isteriyanı satirik dillə ifşa etməyə çalışanlar da oldu. Məsələn, kitab mağazası rəhbəri Nigar Köçərli təklif etmişdi ki, göyqurşağı birdəfəlik qadağan edilsin. AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elyar İslamoğlu isə kinayəli şəkildə “göyqurşağı çıxmağa cəsarət etsə, həbs olunsun” dedi. Əlavə olaraq, cəmiyyət də sosial mediada Əsədovun fikirlərini gülünc qəbul edib. Bütün bunlar göstərir ki, insanlar bu savadsız ritorikanın absurdluğunu və qərəzini aydın şəkildə görməyə başlayır.
Lakin bu ironiyalar artıq bizi güldürə bilmir. Elm Nazirliyinin əlində çərpələng tutan uşaq şəkli paylaşmasına görə rüsvay edilməsi və şəkli silməyi artıq bir simvollaşmış reallığı göstərir: Biz təhsil deyil, qorxu siyasəti yürüdürük.
Amma məsələ bununla da bitmir. Bu diskursun içində başqa bir təhlükəli ritorika da gizlənir. Hüquqşünas və detektiv yazıçı Müşfiq Abbasov iddia edir ki, ölkədə “kütləvi şəkildə geyləşmə prosesi gedir”. O, kişi müəllimlərin say azlığını və “gey”lərin bahalı həyat tərzini nümayiş etdirməsini arqument kimi göstərib.
Əvvəlcə qeyd edim ki, bir insanın cinsi oriyentasiyası və kimliyi məktəbdəki müəllimin cinsi ilə formalaşmır. Əgər bu iddia doğru olsaydı, bəs niyə sadəcə kişilərin və ya qadınların olduğu təhsil binalarında (məsələn, dini məktəblərdə) zorla əksi təlqin edilsə belə, kişilər arasında geylik müşahidə olunur? Əksinə, tarixi və müasir nümunələr göstərir ki, hətta ən qapalı, kişi-dominant strukturlar (seminarlar, hərbi məktəblər, mollaxanalar) homoseksual davranışların tamamilə yox olduğu məkanlar ola bilmir.
Kişi müəllimin rolu, uşağa “kişilik öyrətmək” deyil. Məktəb müəllimi uşağa tənqidi düşünmək, bilgi və empatiya qurmaq bacarığı öyrətməlidir. Bu bacarıqlar cinslə yox, peşəkarlıqla ölçülür.
Bundan əlavə, Abbasovun qadın müəllimlərin arasında kişi müəllimlərin “abır-həya edib müəllimlər otağına belə girmədiyi” kimi ifadələri isə, təkcə mövcud gender balansının problemi deyil, eyni zamanda qadın müəllimlərin peşəkarlığına açıq-aşkar hörmətsizlikdir. Bu yanaşma qadınları müəllim yox, sadəcə “dişi varlıq” kimi görən patriarxal zehniyyətin məhsuludur.
Eyni dərəcədə problemli olan digər iddia isə “bahalı gey” stereotipinin ictimaiyyətə təqdimatıdır. Geylərin “bahalı həyat tərzi” sürməsi isə tipik bir stereotipin üzərində qurulmuş populist yanaşmadır. Bəli, bəzi geylər istədiklərini nümayiş etdirə bilirlər. Amma bu onların gey olması ilə yox, kapitalın onlara verdiyi imtiyazlarla bağlıdır. Əgər bir hetero şəxs lüks maşın sürürsə, bu, “təbliğat” sayılmır, amma bir gey eyni şeyi etsə, bu, “cəmiyyətin pozulması” hesab olunur.
Əslində isə bu görüntülər cəmiyyətdəki reallığın çox kiçik və imtiyazlı bir təbəqəsidir. Azərbaycanda və regionda minlərlə gey var. Onların əksəriyyəti bahalı maşınlarda yox, iztirab içində yaşayırlar. Onlar məktəbdə bullinqə məruz qalır, ailədən qovulur, depressiyaya düşür, təhsil və iş imkanlarından məhrum olurlar. Hər il Azərbaycanda LGBTİ+lər zorakılığa, təhqirə, hətta qətllərə məruz qalır. Təəssüf ki, onlar televiziya ekranlarında deyil, ya anonim sosial şəbəkə profillərində, ya da məzarlarda öz yerini tapır. Əgər cəmiyyətdə “geylik” artıbsa, bunun səbəbi təbliğat yox, insanların nəhayət gizlənməkdən imtina etməyə başlamasıdır.
Fikrimcə, Azərbaycan cəmiyyəti təhsil sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunu çoxdan dərk edir. Həm valideynlər, həm müəllimlər, həm də şagirdlər illərdir bu sistemdəki problemləri yaşayır, gündəlik olaraq narazılıqlarını bildirir və müvafiq qurumlara, xüsusilə Elm və Təhsil Nazirliyinə bu barədə iradlar yönəldirlər. Lakin bütün bu real, sistematik problemlər ətrafında konstruktiv müzakirə aparmaq əvəzinə, məsuliyyəti marjinal qrupların, xüsusilə də cəmiyyətdə onsuz da ayrı-seçkiliyə və zorakılığa məruz qalan LGBTİ+lərin üzərinə atmaq, açıq şəkildə məsuliyyətdən yayınmaq cəhdidir.
Bu məsuliyyətsizlik həm LGBTİ+lər üçün, həm də digər bütün şagirdlər üçün dərin çətinliklər yaradır. Çünki problemə fokuslanmaq əvəzinə, ictimai nifrəti yönləndirmək üçün “günah keçisi” yaradılır. Dövlət orqanlarının qərarvericiləri, struktur problemlərə dair cavabdehlik daşıyan şəxslər tənqid edilməli olduğu halda, diqqət məqsədyönlü şəkildə sosial zəif və müdafiəsiz bir qrupa yönəldilir. Bu isə nə təhsili yaxşılaşdırır, nə uşaqları qoruyur, nə də cəmiyyəti inkişaf etdirir. Sadəcə, məsuliyyətsiz siyasətin və ictimai manipulyasiyanın növbəti halqası olur.
Nəticə olaraq, bütün bu diskursun ortaq bir xüsusiyyəti var: cəmiyyəti qorumaq adı ilə qorxunu ideologiyaya çevirmək. Əsədov və Abbasov kimi simalar cəmiyyətə qorxu təlqin edərək təhsili ideoloji bir sipərə çevirmək istəyir. Onların “kişi böhranı”na cavabı qadın müəllimləri hədəfə almaqdır. Onların “uşaq müdafiəsi” isə uşaqları göyqurşağı rəngli çərpələngdən qorumaqdan ibarətdir. Halbuki həqiqi təhsil problemi (müəllim maaşları, keyfiyyətsiz kurikulum, məntiqsiz imtahan sistemi, bullinq məsələləri) bu ritorikanın səs-küyü içində itib gedir.
Əgər bir çərpələngin rənglərindən bu qədər qorxuruqsa, deməli problem o çərpələngdə deyil, öz dəyər sistemimizdədir.
Təhsil sistemindəki problemlər barədə daha çox məlumat almaq üçün Qıy Vaar!-ın “Təhsil sistemi və LGBTİQ+lər“ adlı podkastını dinləyin:
Müəllif: Ploretar Ördək