LGBTQ+ haqları Afaq Bəşirqızının hədəfində: “Nə qadındır, nə kişi”

LGBTQ+ haqları Afaq Bəşirqızının hədəfində: “Nə qadındır, nə kişi”

Aktrisa Afaq Bəşirqızının “Otaq 9” adlı yutub verlişində LGBTQ+lara qarşı qurduğu cümlələr geniş müzakirə olunur. O, çıxışında dolayı yollarla kuirləri hədəfə gətirib. Cəmiyyətin gəldiyi bu vəziyyəti isə demokratiyanın inkişafı ilə ələqaləndirdiyini deyib.

Afaq Bəşirqızı müsahibəsində deyib:

“Mentalitet var? Oğullu qızlı hamısı döymənin içindədir. Qızların paltarları elədir ki, vallah-billah, onlar elə əncir yarpağı ilə çıxsalar bayıra o geyindiklərindən abırlıdır. 

Əgər mən Qərb vətəndaşı olsaydım yenə də belə olardım. Yenə də mən qızların geyiminə, oğlanların o…(burada sözlərini saxlayır). Nə vəziyyətdəyik biz bilirsiz? Günü-gündən artan bir bəla bizim başımızdadır.

Mənim bir tamaşam var. Deyirəm ay bala orda dayanan kimdir? Deyir filankəsdir. Deyirəm vallah mən bunun nə arvadlığını görmürəm, nə də kişiliyini. İndi bizim 99%-miz o vəziyyətdədir. Niyə? Nə üçün? Çünki, qətiyyət, o zəhm, o möhkəm qeyrət və tədbir bizdə yoxdur. Çox humanistik. Bu demokratiya düşəndən sonra tamamilə evimiz yıxıldı. Ona görə də bizim çox çox bəlalı illərimiz, günlərimiz hələ qabaqdadır.”

Afaq Bəşirqızının heteronormativlik və patriarxal dəyərləri aşılayan çıxışı ilə biz ilk dəfə qarşılaşmırıq. Hökümət əli ilə mədəniyyət sahəsinin dizayn edilməsində uzun illər fəal iştirakçı olan Bəşirqızı, mədəniyyət sahəsinə bu müdaxiləni ayaqda saxlamaq üçün formalaşdırılan elitanın nümayəndəsidir. Ölkədəki hökümət dəstəkli elitaların bütün nümayəndələri kimi, o da mühafizəkar cəmiyyətə xas olan gender streotiplərinin, tək tipli vətəndaş anlayışının və mövcud siyasi sistemi ayaqda saxlayan kişi hegomoniyalı yanaşmanın təbliğatçılarından biridir.

Dövlət dəstəkli mədəniyyət işçilərinin heteronormativlik aşılayan çıxışlaı və LGBTQ+ləri xüsusi hədəfə gətirmələrinin əsas səbəbləri nələrdir?

Gender mövzulu çıxışlarda cəmiyyət tərəfindən tanınmış dövlət dəstəkli fiqurların ilk məqsədi, demokartik olmayan idarəetmənin özünü ayaqda saxlamaq üçün formalaşdırdığı mühafizəkar və sorğulamayan cəmiyyət sisteminin hakim olmasına xidmət etməkdir. Bu sistemdə kişi əsas qərarvericidir və qadın onun xidmətçisi rolunda çıxış edir. Qadın, əsasən, şəxsi sahənin nümayəndəsidir və ona ictimai sahədə ya geniş yer verilmir, ya da bu vitrin fəaliyyəti olaraq həyata keçirilir. LGBTQ+lər və marginallaşdırılan cinsi münasibətlər isə tamamilə şeytanlaşdırılır. 

Bu çıxışlardaki daha bir digər hədəf saxta gündəm yaradaraq cəmiyyətin diqqətini ölkədəki hüquqsuzluqlardan uzaqlaşdırmaq və ictimai diskursu məişət mövzularının içinə həbs etməkdir. Beləliklə, şüurlu şəkildə kütləvi təhsilsizliyə sövq edilmiş və gündəlik həyat qayğısı daşıyan və bundan dolayı çoxsaylı sosial problemlər içində boğulan yoxsul insanların danışmalı olduğu mövzu müəyyənləşdirilir: “LGBTQ+ təbliğatından qorunun, qadın kişinin köləsidir, ailənizdəki qadınlara söz haqqı verməyin” və digər bu kimi digər mövzular. İctimai diskursa dövlət əli ilə daşınan bu mövzuların təqdimetmə formaları məsələlərin həqiqi mahiyyətini sorğulamağa və üfuqaçıcı müzakirəlin qurulmasına imkan tanımayacaq üsulda formalaşdırılır.

Demokratik olmayan idarəçilik anti-LGBTQ+ təbliğatında tamamilə mühafizəkar dəyərlər üzərindən öz hakimiyyətini qorumağı hədəfləsə də, bu təbliğatı məişət əsaslı mövzularla təqdim etməklə yanaşı, cəmiyyətə xarici düşmən göstərərək öz ömrünü uzadmağa çalışır. Burada Qərb ölkələri və onların təmsil etdiyi demokratik dəyərlər cəmiyyətə, xüsusilə korrupsiya ilə yoxsullaşan kütlələrə qorxulacaq və onların əxlaqını əllərindən alacaq bəla kimi təqdim edilir. Eyni ritorika və təbliğat xətti Afaq Bəşirqızının LGBTQ+ haqlarının proqressi ilə bağlı demokratiyanı günahlandırdığı ifadələrində də aydın seçilir.

Müəllif: Ploretar Ördək

Paylaş