Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Köşə
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Köşə
  • Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə
  • Köşə

Lənkəranda kuir həyat: sevgi, qorxu və ümid haqqında dörd hekayə

Qıy Vaar! Sentyabr 23, 2025

Biz Azərbaycanda LGBTQ+lərin problemləri haqqında eşidəndə çox vaxt bu, Bakıdakı hadisələr barədə olur. Amma kuirlər təkcə paytaxtda yaşamır, onlar kiçik şəhərlərdə də, ucqar kəndlərdə də var. Azərbaycanın müxtəlif bölgələrində həyat çox fərqli keçir, amma onların hamısını bir cəhət birləşdirir: ərazinin kiçikliyi və hamının bir-birini tanıması. 

Lənkəran ölkənin cənubunda yerləşən, çay plantasiyalarının yaşıllığına qərq olan, havasında dəniz qoxusu dolaşan günəşli bir şəhərdir. Zənn edərsən ki, burda həyat sakit və rəvan axmalıdır. Amma ənənəvi modelə sığmayanlar üçün hər keçən gün özünlə cəmiyyətin gözləntiləri arasında tarazlığı saxlama cəhdinə çevrilir.

Biz Lənkəran və onun ətrafından olan dörd nəfərlə söhbətləşmişik. Onlar uşaqlıq dövrü və ailə, ilk duyğular və ağrı, həmçinin səmimiyyətin çox baha başa gələ bildiyi bir məkanda özün olmağın nədən ibarət olduğu barədə danışdılar.

Hər hekayə təkcə şəxsi kimlik deyil, həm də özün olmaq hüququ uğrunda mübarizədən bəhs edir.

Necə xoşbəxtsənsə, elə də yaşa

Ləman, 19 yaş, Lənkəran / Moskva

(cis qadın, açıq lezbiyan)

Ləman uşaqlığından kim olduğunu bilirdi və başqa cildə girməyə çalışmırdı. O, XXX kəndində böyüyüb, məktəbi Lənkəranda bitirib, bir il əvvəl isə iqtisadiyyat oxumaq üçün Moskvaya köçüb. İndi isə üzbəüz oturmuşuq, siqaret çəkir və gülümsəyir. Lənkəranda qız xeylağının küçədə siqaret çəkməsi özlüyündə bir sıxıntıdır, amma Ləman çiyinlərini çəkir: “Necə varamsa, eləyəm.” 

“Hələ ibtidai sinifdə bütün rəfiqələrim oğlanlarla maraqlanmağa başlamışdılar. Mən isə biganə qalmışdım. Beşinci sinifdə bir qıza aşiq olmuşdum, amma  heç kimə danışmamışdım. Sonra internet sayəsində öyrəndim ki, mən tək deyiləm. 11-ci sinifdə artıq özüm barədə hər şeyi bilirdim.” – o xatırlayır.

Saçını kəsdirmək onun üçün dönüş nöqtəsi olub.

“Məktəbin direktoru mənə açıq-aydın bullinq edirdi. Sinfə girib barmağı ilə məni göstərirdi və oğlanlardan soruşurdu: “Sən beləsiylə evlənərdin?” Sanki mən bir əşyayam. Mən mübahisə etsəm də, əbəs idi.”

“Anamla danışıq ağır, amma xoşbəxt keçdi”

“Qorxurdum ki, daha məni sevməyəcək. Amma anam dedi ki, “bu, sənin həyatındır, seçim də sənindir. Əsas odur ki, xoşbəxt olasan.” Atamla açıq danışmamışam, amma hər şeyi başa düşür, hətta onun yanında qardaşımla qızlar barədə zarafatlar edirik. 

Qohum-əqrəba ilə daha çətindir. Deyirdilər ki, “Cinsini dəyişəcək”, “Heç kəs sənlə evlənməyəcək”. Anam isə həmişə tərəfimi tutur, “qoy necə istəyir, elə də yaşasın.”

“O, heç vaxt qoymazdı ki, kimsə xətrimə dəysin. İndi anam qız sevgilimlə də tanışdır, bizi dəstəkləyir. Onun sayəsində özümü yanlış və ya fərqli hiss etmirəm. O, məni qəbullanmasa idi, bunun öhdəsindən gələ bilməzdim. Nəyə görəsə açıq homofobiya ilə məhz münasibətdə olduğum şəxslər vasitəsilə qarşılaşıram. Keçmiş sevgilimin atası bizi Bakıda, düz küçənin ortasında döymüşdü. Sakinlər yanımızdan ötüb keçirdilər, çünki buralarda “ailə işinə qarışmaq” yaxşı sayılmır. Sonra hamımızı polis bölməsinə aparmışdılar. İyrənc hadisə idi, yadıma salmaq heç xoş deyil. 

Elə bu yaxınlarda mən indiki sevgilimə kömək etmək üçün uzaqdan vəkil axtarırdım. Onun atası evdə tiranlıq edir, münasibətimizi öyrənib qızı döyür, onu evə qapadıb və bir də heç vaxt buraxmayacağı ilə hədələyir. Qızın artıq 18 yaşı var. Biz mühafizə orderi almaq, sonra isə onun Bakıya köçməsini təşkil etmək istəyirik.

Bu yaxınlarda Lənkəranda kafenin terrasında oturmuşdum, siqaret çəkə-çəkə dostumu gözləyirdim. Məkanın sahibəsi məni qovmağı tələb etdi: “Məkanımda lezbiyanlara yer yoxdur.” Təbii ki, dostum məni müdafiə etdi və buna görə işdən çıxarıldı.”

Ləman deyir ki, Lənkəranda kuirlər çoxdur, onlar qapalı yaşayırlar və gizli tanış olurlar. 

“Hollandiyaya getməyi arzu edirəm. Orda yəqin ki, hər şey daha azaddır. Öz sevgimi tapmaq, ailə qurmaq, səyahət etmək, xoşbəxt olmaq istəyirəm.”

Kaş, özüm kimi ola bilsəm

Leyli, Viravul kəndi, Lənkəran

(cis qadın, biseksual)

Leyli tibb bacısı işləyir, asudə vaxtında rəsm çəkir və musiqi alətlərində ifa edir. 

“Bu, mənim səs-küydən və xaosdan qaçmaq üsulumdur. Rəsm çəkəndə dünya sükuta qərq olur.” – o deyir.

“Kənddə yaşamaq xoşdur, amma əgər burda doğulmusansa və gözləntilərə cavab verirsənsə. Bircə xırda səhv elədinsə, ailəni rüsvay etmiş olursan. Kənd həyatının ən böyük çətinliyi budur. “

Leyli öz cinsi oriyentasiyasını 17 yaşında dərk edib. 

“Kollecdə yaxın rəfiqəm vardı. O, mənə LGBT bir qız haqda serial göstərmişdi. İzləyəndən sonra başa düşmüşdüm ki, həm oğlanlardan, həm qızlardan xoşum gəlir.”

Ailəm hələ də bilmir. Əvvəla, bunu demək üçün bir səbəbim yaranmayıb, ikincisi isə, məni qəbul etməyəcəklərinə əminəm.

“Onları çox sevirəm, amma homofobluqları məni çox yaralayır. Bir neçə dostumdan başqa hamı üçün ayrı insanam.”

Bölgələrdə LGBTQ+lar üçün nə istəyərdin? 

“İstəyərdim ki, insanlar olduqları kimi açıq yaşaya bilsinlər. Hər kəsin sevmək, sevilmək və azad yaşamaq haqqı var.”

Bir az kişi ol

Çarli, 27 yaş, Boladi kəndi (Lənkəran) – Bakı

(cis kişi, açıq gey)

Çarli Bakıda özəl kurslarda ingilis dili müəllimidir. Boladi kəndində böyüyüb, uşaqlıqdan dini ənənələr adı altında bullinq və alçaldılmalara məruz qalıb. Buna görə də o uşaqlığından bəri Lənkərandan köçməyi arzu edib. 

“Yer özü çox gözəldir, amma çox dindardır. Mən dərk edirdim ki, universitet mənim yeganə şansımdır.”

O, 13 yaşında gey olduğunu başa düşüb və bununla bərabər qorxu hissi də başlayıb. 

“Burada kaminq-autdan sonra hadisələr iki cür ola bilər Səni ya döyürlər, ya da zorakı yolla “düzəltməyə” çalışırlar.”

Çarlinin sözlərinə görə, əktəbdə ona “qızbibi” deyirdilər, adını qız üslubunda təhrif edirdilər, ələ salırdılar. Müəllimlər səslərini çıxarmırdılar. O heç vaxt dəstək ala biləcəyi heç kim tapa bilməyib.

“Evdə problemlərimi danışmırdım. Əvvəla, anamı məyus etmək istəmirdim, ikincisi, bizdə tərbiyə üsulları çox qəribə idi. Mən atasız böyümüşəm və yaxınlarımdan daima eyni sözü eşitmişəm: “Özünü yaxşı apar, yoxsa dayın səni öldürər.” Dayım tez özündən çıxırdı və mən uşaqlıqdan gizlənməyə, özümü ortaya atmamağa, bacardığım qədər görünməz olmağa çalışırdım. Bu, psixoloji zorakılıqdan yayınmağa imkan verməsə də, heç olmasa, fiziki zorakılıqdan qaçmağın yeganə yolu idi. Hətta məktəb psixoloqu da bir dəfə mənə dedi ki: “Çalış, özünü kişi kimi apar, onda hər şey düzələcək.” 

Anasının vəfatından sonra o, qohumlarla bütün əlaqələri kəsib. “Mən onlar üçün üz qarasıyam.” – deyir.

O, sosial şəbəkələrdə çılpaq fotosessiyasını paylaşanda kənddə qalmaqal yaşanıb. Tanışlardan, keçmiş sinif yoldaşlarından hədə-qorxular alıb: “Bura gəlmə, yoxsa səni peşman edərik.” – dediklərini xatırlayır. 

“Bir sözlə, Lənkəranda hamı məni tanıyır. Tanışlarımdan eşitmişəm ki, uşaqlarına “onun kimi olma”, “Allah eləməmiş, ona oxşayarsan” deyirlərmiş. “Allah qorusun” və s.  Əslində qohumlara ehtiyacım yoxdur, onlarsız daha yaxşı, daha azad hiss edirəm. Bakıdakı həyatımdan razıyam, azadam, açığam və s. Dostlarım çoxdur, onların arasnda homofob yoxdur.“

Bakıda homofobiya ilə qarşılaşmısanmı? 

“O qədər də yox. Bəzən yoldan keçənlərdən iyrənc atmacalar olur, amma öyrəşmişəm və fikir vermirəm. Bu yaxınlarda bir hadisə oldu, mən “Formula-1” könüllüsü olmaq üçün müsahibədən keçirdim. Güman ki, zahiri görünüşümə görə, müsahibəçi soruşdu ki, əgər gey əcnəbi mənə əxlaqsız təklif etsə (seks təklifi), nə cavab verərəm. Bu sualı təkcə mənə vermişdilər. Təbii ki, məni könüllü kimi götürmədilər, heç bir səbəb də göstərmədilər. Marşal vəzifəsinə də seçilmədim.”

Səncə, nəyinsə dəyişəcəyinə ümid varmı?

“Hə, əgər təhsildən başlasaq və kuirlərin görünənliyini artırsaq. Mənə öz bölgəmdən gənclər yazırdılar və deyirdilər ki, sosial şəbəkələrdəki səhifəm onlara çox kömək olub. Bu məsələdə tək olmadığını başa düşmək çox vacibdir. Bilirəm ki, mənim paylaşımlarım da başqalarının tək olmadıqlarını dərk etməyə yardım edir. Mənim üçün ideal gələcək budur ki, kaminq-aut etməyə ehtiyac qalmasın, insanın cinsi oriyentasiyası isə müzakirə olunmasın.” 

Heç kim mənim uşaqlarıma heç nə deyə bilməz!

Fərid, 26 yaş, Lənkəran – Polşa

(trans kişi)

Fərid Lənkəranda, hərbçi ailəsində doğulub və böyüyüb. Yerli universiteti bitirib, amma 24 yaşında Polşaya köçüb. Vətənini sevsə də gender adaptasiyasını tamamladıqdan sonra qayıtmağı xəyal edərək ölkəni tərk edib. 

“Hələ məktəb vaxtı yaşıl gözlü bir qıza aşiq olmuşdum, amma ona heç vaxt etiraf etməmişdim. Aybaşı olmadığım üçün 13 yaşımda anam məni həkimə aparmışdı. Həkim dedi ki, mənim, demək olar, qadın hormonlarım yoxdur. Mən 3 ay hormon içdim, təbii ki, heç nə dəyişmədi. Anam isə bir daha bu mövzu olmamış kimi davrandı.”

Ailən necə reaksiya verdi?

“Bacım çox dəstək olur, miqrasiya etməyimə də kömək edib. Atam hər zaman mənim tərəfimdədir. O, mənim dayağımdır. Hətta qohum-əqrəbam mənə qarışmaq və görünüşümə, həyat tərzimə söz demək istəyəndə atam məni qoruyur, “heç kim uşaqlarımın xətrinə dəyə bilməz” deyir. Anam isə daha mühafizəkardır,  amma onu başa düşürəm. Onun məişət zorakılığı ilə dolu çox ağır uşaqlıq dövrü olub. 

Özüm yəqin ki, atamın sayəsində başqa insanlardan homofobiya görməmişəm. Amma bəxti daha az gətirən tanışlarım çoxdur. Lənkəranda lezbiyan olan bir tanışımı evə qapadıb hansısa iynələr vururdular. 

Deyirdilər ki, “müalicə üçündür.” Mən özüm bir neçə dəfə müxtəlif qzların qaçmasına bir neçə dəfə kömək etmişəm. Bir dəfə bir qıza kömək etdim, Lənkəranda ona ev tapdım. Elə həmin axşam polis qızın atası ilə birlikdə evimə axtarış və hədə-qorxu ilə gəldi. Xoşbəxtlikdən qız daha ağıllı çıxdı və Bakıya getdi, Lənkərandakı ev isə izi itirmək üçün idi. Atası əliboş qayıtmalı oldu. 

Homofobiya ilk növbədə ailədən başlayır. Ən qorxulusu da budur. Ev özünü təhlükəsizlikdə hiss etməli olduğun yerdir, ailən sənin dayağın, dəstəyindir. Amma Azərbaycanda kuirlər üçün ailə ən böyük təhlükədir. Daha da qorxulusu, hökumətin və ailənin gücünün ölkə hüdudlarından kənara çıxa bilməsidir. Tanıdığım bir trans kişi ailəsi tərəfindən işgəncə və zorakılıqdan sonra Lənkərandan qaçmışdı. Atası öz tanışları vasitəsilə onun ölkədən çıxışına qadağa qoymağa nail oldu. O, Türkiyəyə qaçmağı bacardı, amma atasının tanışları onu orda da axtarırdılar. İndi o, Avropadadır, amma hələ də ailəsindən təhdidlər almağa davam edir.” 

Niyə ölkədən getdin?

“Hər gün rol oynamalı olurdum. Özüm barədə qadın cinsində danışmalı, “xanım” xitabına cavab verməliydim. Bütün bunlar çox narahat edici idi və məni depressiyaya salırdı. Başa düşdüm ki, belə yaşamaq istəmirəm.” 

Polşada yaşamaq necədir?

“Burada millətçilik çox güclüdür, iş tapmaq çətindir, transfobiya da az deyil. Əvvəl-əvvəl çox çətin idi, özümə zərər vermək barədə düşünürdüm. Amma dostlarım və psixoloqum mənə dəstək oldular. Burda çox qalmağı düşünmürəm. Hələ ki, özümə yer tapmağa çalışıram, güman ki, hələ çox köçməli olacam.”

Arzun nədir?

“Danışdığım hər şeydən sonra bəlkə də gülməli görünəcək, amma mən Lənkərana qayıtmağı arzu edirəm. Əlbəttə ki, əməliyyat olunduqdan və tam keçid etdikdən sonra, əslində olduğum bir insan kimi. Özüm olaraq doğma şəhərimə qayıtmaq istəyirəm. Orda yeni həyata başlamağı, açıq və xoşbəxt yaşamağı arzulayıram.”

Paylaş

Continue Reading

Previous: Berlində Fidan Axundovanın “Barmaqlıqlar Arxasındakı Qadınlar” sərgisi keçirilib
Next: Modern.az-dan homofob başlıq, homofob müsahib

Related Stories

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti
  • Köşə

ACT-UP-ın “Queers read this” (Kuirlər bunu oxuyur) manifesti

Sentyabr 25, 2025
Modern.az-dan homofob başlıq, homofob müsahib
  • Köşə

Modern.az-dan homofob başlıq, homofob müsahib

Sentyabr 24, 2025
Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri
  • Köşə

Ad dəyişməsində yeni məhdudiyyətlər və transların çətinlikləri

Sentyabr 17, 2025

Son Postlar

  • TikTok-da təhlükəli “Szon Patrol” trendi: uşaqlar hədəfə çevrilir
  • Bakıda daha bir trans qadın küçədə hücuma məruz qaldı
  • Azərbaycanlı veqan feminist aktivist Xanım Babazadə 1 aydan çoxdur ki, İstanbulda saxlanılır
  • Rusiyada qadın 5 il əvvəl paylaşdığı lezbiyan şəkilə görə cərimələnib
  • Slovakiyada konstitusiya dəyişikliyi: Yalnız iki cins tanınacaq

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.