
Hengaw İnsan Hüquqları Təşkilatının məlumatına görə, Kərəc şəhərindən olan 24 yaşlı trans kişi Abdi İranda hakimiyyətə qarşı kütləvi etirazlar və üsyan zamanı İran hökumət qüvvələri tərəfindən birbaşa ürəyinə açılan atəş nəticəsində öldürülüb. Hadisə 2026-cı il yanvarın 8-də, cümə axşamı baş verib.
Təşkilat yazır ki, Abdi mühasibatlıq üzrə orta ixtisas təhsili almışdı və Kərəcin Bağestan bölgəsində yerləşən iri istehsalat müəssisələrindən birində çalışırdı. O, müstəqil yaşayırdı və maddi cəhətdən özünü təmin etmək üçün zavoddakı işinə əlavə olaraq taksi sürücüsü kimi də çalışırdı.
Hengaw-a yaxın bir mənbə əlavə edib ki, Abdinin yaşadığı məhəllə onun kuir kimliyini qəbul etmirdi. Lakin dəfn mərasimi zamanı məzarına qoyulan fotoşəklin feminin olmaması ailəsinin sonda onun gender kimliyini tanıdığını və qəbul etdiyini göstərir.
Abdinin qətlindəb sonra İranda fəaliyyət göstərən Simurq kuir icma təşkilatı (Simorgh Queer Community NGO) paylaşdığı bəyanatda onlara başqa ölüm xəbərlərinin də çatdığını bildiriblər.
“Bu gün vətənin bədəni qana bulanmışkən, İranın meydanları və ara küçələri ölümsüzləşən övladlarının yasını tutarkən; böyük xalq sevdiklərinin məzarları başında ağı demək əvəzinə, əllərini çırpıb, ayaqlarını yerə vuraraq cəlladı mübarizənin davamına çağırarkən; gün keçdikcə yurdumuzun dörd bir yanından göyqurşağı yoldaşlarımızın da qana bələndiyinə dair xəbərlər Simurq (Simorgh) çatır.”
