

Heç sülhdən danışılarkən kuir perspektivlərin də əlavə edildiyini görmüsünüz? Hətta bunlar qərb nümunələri deyil, tam bu regionun özündən gələn hekayə və təsvirlərdir. 20-ci əsrin əvvəllərində satirik “Molla Nəsrəddin” jurnalı erməni və müsəlman (azərbaycanlı) kişilərin döyüşdən qucaqlaşmaya, oradan da öpüşməyə keçdiyi illüstrasiya ilə sülhdən danışmışdı.

Aradan yüz ilə yaxın vaxt keçdikdən sonra da bu vizual cəsarətin başqa bir forması 2009-cu ildə Əli Əkbərin “Artuş və Zaur” romanı ilə davam etdirildi. Bu dəfə mövzu daha açıq formada: azərbaycanlı Zaur və erməni Artuş arasındakı sevgi hekayəsi həm Ermənistan – Azərbaycan münaqişəsinin yaratdığı sərhədləri, həm də cəmiyyətin içindəki qəlibləri sorğulayırdı. Kitabın mövzusu Azərbaycan və Ermənistan cəmiyyətlərində güclü reaksiyalar doğurmuş, nəşr olunduğu dövrdə geniş tənqidlərə və senzuraya məruz qalmışdı. Müəllif deyib ki, kitab Azərbaycanda dərc olunduqdan sonra polis tərəfindən satışdan yığışdırılmış, kitabı satan mağaza müvəqqəti bağlanmış, sahibi polisə çağrılıb sorğu-sual edilmişdi. Elə bundan bir qədər sonra İsveçrəyə mühacirət etmiş yazıçı Əli Əkbərin romanı Hollandiyada çap olunmuşdu. Hərçənd, yazıçı daha sonra militarist və homofob fikirlər səsləndirdi.

2020-ci ildə, İkinci Qarabağ müharibəsinin ilk zamanlarında Gündüz Ağayevin paylaşdığı bu illüstrasiya da geniş rezonans doğurmuşdu. Təsvirin mərkəzində iki kişi əsgərin çılpaq və silahsız şəkildə bir-birini qucaqlayıb öpüşməsi göstərilir. Onların ətrafındakı amfiteatr isə nifrət, zorakılıq və fanatizm simvolu olan azğın tamaşaçılarla doludur.

Bu təsvirlər sadəcə estetik və ya romantik təzahürlər kimi deyil, həm də mövcud siyasi və ideoloji strukturlara yönəlmiş reaksiyalar kimi oxunmalıdırlar. Onlar zorakılıqla legitimləşdirilən rejimlərin təməlini sarsıdan bir ehtimal olan, alternativ münasibət və yanaşma formalarıdır.
İnqilabi öpüşlər
Müharibənin özü çox vaxt patriarxal güc strukturları və avtoritar rejimlər tərəfindən təşviq edilir. Diktatorlar və patriarxal sistemlər çox zaman münaqişələri körükləmək üçün xalqların “damarına” basmağa hazırdırlar. Xalqlar “əxlaq”, “vətəni qorumaq” adı altında manipulyasiya edilir və sistemlər bu tələblərə uyğun gəlməyən hamını ikinci kateqoriyadakı insanlar olaraq görməyə başlayırlar. Xalqın həssas mövzularından öz mənafeləri üçün istifadə edən fürsətçilər isə, bədənlərini və beyinlərini işlədə bilməyəcəkləri bütün poensialları çıxdaş etməyə başlayırlar.
Bu proses İkinci Qarabağ müharibəsi dövründə də eyni mexanizmlə özünü göstərib. Müstəqil sülh tərəfdarlarının, feministlərin və kuir fəalların səsləri hökümətyönlü media və troll şəbəkələri tərəfindən məqsədli şəkildə boğuldu. “Xain”, “erməni tərəfdarı” kimi damğalar yetmirmiş kimi, bu insanlara qarşı əlavə olaraq “LGBT-çi” ifadəsi dövriyyəyə salındı.
Bu termin, əslində, hakimiyyətin və ona yaxın qrupların çoxdan qurduğu düşmən obrazlarının birləşdirilmiş, həm “milli əxlaqa zidd” elan edilən, həm də “qərb tərəfindən maliyyələşdirilən” kimi təqdim edilən fantom təhlükə forması idi. Medianın dili və sosial şəbəkələrdəki koordinasiyalı hücumlar, sülh çağırışı edən hər kəsi sanki “xarici qrup ideologiyalarının daşıyıcısı” və “əxlaqsızlıq təbliğatçısı” kimi göstərirdi. Bu dövrlərdə də gözlədiyimiz kimi kuir icması yalnız mövcudluğuna görə yox, həm də siyasi manipulyasiya aləti kimi hədəf seçildi. Əsl məqsəd isə müharibəyə qarşı çıxan hər kəsi legitimlikdən salmaq, onların dediklərini dinləməyi belə dəyərsiz kimi göstərmək idi. Beləcə, ictimai müzakirə meydanı daraldı, tənqidçi mövqelər “kriminal” və ya “qeyrətsizlərin sözününün kəsəri yoxdur” kimi damğalanaraq təcrid edildi.
Bu səbəbdən LGBTQ+ hərəkatının sülh tərəfdarı olması həm də bu cür güc strukturlarına qarşı çıxması, patriarxal zorakılığa və avtoritar idarəetməyə meydan oxuması deməkdir. Sülhün simvollarından biri kimi görülmək LGBTQ+ icması üçün coğrafiyamızda təhlükəli olsa da, bu, eyni zamanda LGBTQ+lərin fiziki və sosial təhlükəsizlik, bərabərlik və ləyaqətli həyat uğrunda verdiyi mübarizəni təmsil etdiklərini, cəmiyyətin daha inklüziv və ədalətli gələcəyi uğrunda aparılan mübarizənin ön cəbhəsində dayandıqlarını da göstərir. Yəni biz həm də ədalət istəyən hərəkatın bir parçasına çevrilmişik.
Sadəcə ideoloji prinsiplərə görə yox, həqiqətən də münaqişəsiz, zorakılıqsız bir mühit LGBTQ+ icmalarının özlərini daha təhlükəsiz hiss etməsinə, açıq və rahat yaşamasına, eyni zamanda cəmiyyətdə daha inklüziv və qəbul olunan bir mövqeyə sahib olmalarına imkan verir. Hər nə qədər dünyada sülh istəmək marginallaşdırılan bir tələb kimi göstərilsə də bu insanlığın səsidir. Məsələn, İkinci Qarabağ müharibəsinin birinci mərhələsi başlayanda, xalqın böyük çoxluğu müharibəni dəstəkləyirdi. Həmin anda “vətəni qorumaq üçün edilir” ritorikası o qədər güclü idi ki, onun xaricində danışmaq, fərqli perspektiv təklif etmək demək olar ki, mümkünsüz idi. Lakin ikinci dəfə müharibə başladıqda vəziyyət dəyişdi, insanlar artıq sosial problemlərindən, müharibə sonrası verdikləri qurbanların unudulmasından və gündəlik çətinliklərin həll olunmamasından yorulmuşdu. Bu yorğunluq, tədricən, “düşmən” obrazlarının əvvəlki qədər təsirli olmamasına, bəzilərinin “hər şeyin həlli müharibə deyil” deyə düşünməsinə yol açdı.
Axır-əvvəl insanlar alternativ yolları görməyə başlayır və kor-koranə müharibəni dəstəkləməkdən başqa yolların olduğunu inkar etmirlər. Bu dəyişimin özü, cəmiyyətin sərt qəliblərdən və zorakı ritorikalardan yavaş-yavaş uzaqlaşdığını göstərir. Belə bir proses boyu LGBTQ+ icmasının əvvəldən doğru tərəflə: zorakılığa qarşı, bərabərlik və ədalət tələbi qoyanlarla assosiasiya edilməsi müsbət haldır. Biz yalnız “əxlaq mübahisəsinin bir predmeti” kimi deyil, ictimai məkan, konstitusional hüquqlar, polis zorakılığı və ifadə azadlığı məsələlərində də tərəf qoyan, sülh və insanlıq uğrunda mübarizənin fəal iştirakçıları kimi görülürük.
Müəllif: Ploretar Ördək