Skip to content
Qıy Vaar!

Qıy Vaar!

  • Əsas Səhifə
  • Xəbərlər
    • Yerli
    • Xarici
    • Multimedia
  • Bloqlar
  • Podkastlar
  • Haqqımızda
  • Əlaqə
Son Podkast
  • Home
  • Bloqlar
  • İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”
  • Bloqlar

İİV+ olan trans Bakıda sinə implantı əməliyyatı ola bilmir: “Estetik cərrahlar iki qatı pul istəyir, əksəriyyəti isə yox cavabı verir”

Qıy Vaar! Sentyabr 2, 2025

Azərbaycanda trans olaraq yaşamağın çətinlikləri bir çoxumuza məlumdur. Ölkədə translar təhsil almaq, səhiyyə xidmətlərindən istifadə etmək, işləmək, ev kirayələyib yaşamaq və bəzən sadəcə yaşamaq hüququndan məhrum edilir və ya bu hüquqlardan istifadə etmək istəyərkən maneələrlə üzləşir. Cəmiyyət, əksəriyyət olaraq, transfobdur və bir çox hallarda bu nifrət davranışından qürur duyur. Əksərən özünü “ally” (LGBTQ+ dostu) olaraq bəyan edənlərə və ya sadəcə nifrət etməyənlərə belə “sən də petuxsan” deyə damğalayıcı və aşağılayıcı şəkildə yanaşılır. Belə bir cəmiyyətdə transların xəstəliklərə yoluxması onların əlavə damğalara məruz qalmasına gətirib çıxarır. Bu vəziyyət, birbaşa transların gender kimliyi və səhhətindəki problem qabardılıb əlaqələndirilməklə etiketləmə yolu ilə başlanır.

Bu yazıda cəmiyyətin onsuz da tam doğru maarifləndirilə bilmədiyi, bu işlə məşğul olan qurumların yanlış məlumatlandırma üsulları sayəsində insanların qorxulu və “SON!” olaraq gördüyü İİV kimi bir diaqnozla yaşayan translar haqqında danışılıb. Müsahibimiz, Nurlana İİV pozitiv statuslu olması səbəbindən sinə implantı üçün müraciət etdiyi həkimlərdən ya yüksək qiymət tələbləri, ya da imtina cavabları alıb. Onun hekayəsini sizlərə təqdim edirik.

Nurlana* bildirir ki, artıq 2 ildir ki, İİV ilə yaşayır və cəmiyyətdə mütəmadi olaraq ayrı-seçkiliklə üzləşir. O hələ tranzisiyasını tamamlaya bilmədən bu virusa yoluxduğundan öz əsl bədəninə qovuşmaqda çətinliklər çəkir.

Başqalarına 2000, mənə 3800 manata…

Müsahibimiz qeyd edir ki, sinə implantını harada edə biləcəyi ilə əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzindəki həkimi ilə məsləhətləşib. Həkimi ona Nigar Məmmədovanı məsləhət görüb, bundan sonra o, Nigar Məmmədovanın yanına gedib:

“Getdim yanına. Mənə dəhşətli qiymət oxudu. Həkimdən heç gözüm su içmədi. Həm rinoplastika edir, həm sinə implantı, həm də liposaksiya. Söhbət savadsızlıqdan getmir. Həkim kimi həkimdir. Amma əl işlərini paylaşdılar, artıq bəlkə də rastınıza çıxıb sosial şəbəkələrdə. O paylaşımlarda görünür ki, xəstəxanaya axın edən keçmiş pasiyentlər burnun çökməsindən, yaranın bitişməməsindən şikayət edirlər. Həkim isə çəkiliş zamanı suallardan yayınır və xəstəxananı tərk edir. Bircə o həkim məsləhət görmüşdülər deyə getmək istəyirdim, amma vaz keçdim. 2000–2500-lük əməliyyata 3800–4000 qiymət oxudu. Əl işini də görməmişdim” – Nurlana deyir.

Nurlana sonradan etdiyi araşdırmada adı çəkilən həkim haqqında xəbər saytlarında bir sıra başqa məlumatlara da rast gəldiyini qeyd edir:

“Araşdırma nəticəsində məlum olub ki, “MedAura” klinikasında Nigar Məhəmmədovanın əməliyyat etdiyi Günay Məmmədova və daha bir neçə pasiyentdə ciddi estetik və sağlamlıq problemləri yaranıb.

Bundan başqa, həkimin “Mərcan” klinikasında əməliyyat etdiyi Rusiya vətəndaşı Arzu Sadıqova abdominoplastika əməliyyatı zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi plastik cərrahlar siyahısında Nigar Fazil qızı Məhəmmədovanın adı yoxdur” – o, əlavə edir.

Nurlana onu da qeyd edir ki, sonradan müraciət etdiyi bir estetik mərkəzdə isə İİV pozitiv olduğu üçün ondan hətta 8000 manat pul istəyiblər: “Heç bir estetik klinika məni qəbul etmir və ya ağlasığmaz məbləğlər tələb edir. Əməliyyat üçün məşhur həkimlərin hər hansı birinə yaz, anındaca deyəcək, “təəssüf ki, əməliyyata almırıq”.

Türkiyə və İranda da əməliyyat xərcləri ilə maraqlanan Nurlana dəhşətli qiymətlərin oxunduğunu deyir:

“Hepatit B olan xəstələrdən 100–200 manat əlavə pul alıb əməliyyat edirlər, amma bizi etmirlər. Gedib sinəmə dolğu etdirmək də istəmirəm, riskli prosesdir. Bəs gələcəkdə başqa nəsə istəsəm? Artıq vaz keçmişəm. Mənim düşüncəmə görə bədbəxtlikdir. İstəklərimdən vaz keçmişəm. Qəbul edib oturmuşam.”

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununda” İİV-li şəxsləri statusu səbəbindən əmək (maddə 8.1), təhsil (maddə 9.1) və sosial xidmət müəssisələrinə (maddə 9.4) qəbul etməmək ayrı-seçkilik hesab olunur və qanunla qadağan edilir. Həmin qanunun 7-ci maddəsinin 2.1-ci bəndində “İİV infeksiyası ilə əlaqədar diskriminasiyaya (ayrı-seçkiliyə) və stiqmatizasiyaya (şərəf və ləyaqətin alçaldılmasına) yol verilməməsi və onlara humanist münasibət bəslənilməsi” qeyd olunur. Eyni zamanda, bu qanunda “Maddə 24 – Universal təhlükəsizlik tədbirlərinin tətbiqi” və “Maddə 26 – Tibb işçilərinin müdafiəsinin təmin edilməsi” kimi maddələr də öz əksini tapır ki, bu da dövlətin İİV-li şəxslərə xidmət göstərən tibb işçilərinin təhlükəsizliyini və sosial müdafiəsini düşündüyü anlamına gəlir. Yuxarıda qeyd olunan 7.2.1-ci maddə İİV statusu səbəbi ilə qanunla qadağan edilən hallar xaricində ayrı-seçkiliyin bütün formalarını qadağan edir. Həm buna, həm bütün yuxarıda sadalananlara baxmayaraq, qanunda birbaşa tibb müəssisələrində müalicəyə qəbulu qadağan edən bir bəndin olmamasına rəğmən, günümüzdə Nurlananın misalında bu vəziyyətdən əziyyət çəkən çox sayda şəxs var.

“Tək dərdim fiziki görünüşüm deyil, iş həyatı barədə də ümidim yoxdur“

İİV pozitiv olduğu üçün estetik klinikalardan dəfələrlə rədd cavabı alan və ya normasından çox yüksək məbləğlər tələb olunan transgender Nurlananın gələcəklə bağlı ümidlərinin söndüyü tək məsələ fiziki görünüşü deyil. O iş həyatı barədə də hər hansı ümidinin olmadığını bildirir. İİV statusu pozitiv olana qədər hərbi xidmətə genderinə görə aparılmayıb və hərbi biletində “Hərbi vəzifəlilikdən azad edilmə haqqında qeydlər” bölməsində xəstəliyin “Xəstəliklər cədvəlinə” müvafiq maddəsi olaraq 18-B (orta ifadəli, davamlı kompensasiya ilə orta şəxsiyyət pozuntusu və ya yüngül şəxsiyyət pozuntusu olduqda) qeyd olunub. Ümumi olaraq şəxsiyyət pozuntularını ifadə edən bu maddə Nurlananın bir çox sahədə işləməsinə mane olur.

Yaxın zamanda təkrar müayinə üçün verilmiş 3 illik müddət bitir və Nurlana İİV statusu səbəbindən bu maddəni 5-B (İİV pozitiv olduqda) ilə əvəzləyə bilər, amma o, İİV pozitivlərin işə müraciət zamanı yaşadığı problemlər haqqında məlumatlı olduğundan bunun da çıxış yolu olduğunu düşünmür.

Nurlana hazırda vokal təhsili alır. Zamanla təhsil və bəzi xərclərini qarşılamaq üçün işləmək istəsə də bütün bu səbəblərdən dolayı risk etməyib. O, təhsilini bitirdikdən sonra öz sahəsi üzrə işləmək istəyir və ümid edir ki, nə İİV statusu, nə də gender kimliyi ona mane olar. Amma işləri uğurlu getməsə və səhnələr ala bilməsə, hərbi biletində yazılan maddə səbəbindən hər hansı alternativ ideyası yoxdur.

Transların səhiyyə əlçatanlığı

Qeyd etmək faydalı olar ki, ümumilikdə İİV statusu fərq etmədən Azərbaycanda transgenderlərin səhiyyə xidmətlərinə əlçatanlığı çox aşağıdır. Onlar bir çox hallarda ölkədə hormon terapiyası üçün həkim tapa bilmirlər. Həkim tapdıqda isə həkimin tövsiyə etdiyi hormonları tapmaq ya mümkün olmur, ya da digər ölkələrə nisbətən dəyərindən çox baha qiymətə o dərmanların alternativləri tapılır. Ona görə əksər transgenderlər digər ölkələrə səfər edən dost-tanışları vasitəsilə ehtiyacı olan hormon preparatlarını ölkəyə gətirtməli olur. Bu da hormon qəbulunda bir çox hallarda böyük fasilələr yaranmasına səbəb ola bilir. Davamlı olmayan hormon qəbulu öz effektini zəiflədir və tranzisiyanı gecikdirir.

Transların səhiyyə sistemi ilə yaşadığı digər bir problem bəzi hallarda ən təməl tibbi yardımdan belə məhrum qalmalarıdır. 2020-ci ilin iyunun 30-da trans qadın evinə gələn müştərisi tərəfindən 5 bıçaq zərbəsi ilə bıçaqlanır. Qonşu otaqda olan rəfiqələri gəlib onu bıçaqlayan şəxsin əlindən aldıqdan sonra təcili tibbi yardım çağırırlar və qadın Respublika Klinik Xəstəxanasına aparılır. Orada onun bu vəziyyətinə baxmayaraq, etinasız yanaşılır və yaraları sarıldıqdan sonra dərhal evə buraxılır. Rəfiqələrinin etirazından sonra təkrar xəstəxanaya gətirilir və yalnız onların təkidlərindən sonra o, reanimasiyaya alınır və müalicə edilir.

* Respondenti qorumaq üçün ad dəyişdirilib.

Müəllif: Murad Miri

Paylaş

Continue Reading

Previous: Burkina Fasoda homoseksuallığı cinayət elan edən qanun qəbul edilib
Next: İndoneziyada LGBTQ+ məzmununun mediada qadağan olunması müzakirə edilir

Related Stories

Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?
  • Bloqlar

Müstəqillik tarixində LGBTQ+ haqları üçün yeni mərhələ: 2000-ci ildə eynicinsli münasibət cinayət məcəlləsindən necə çıxarılmışdı?

Avqust 25, 2025
İnqilabi öpüşlər
  • Bloqlar

İnqilabi öpüşlər

Avqust 12, 2025
İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?
  • Bloqlar

İİV+lərin İş Tapmaq Çətinlikləri, İşəgötürənlər Gizliyiyi Nə üçün Pozur?

Avqust 5, 2025

Son Postlar

  • Azərbaycanlı trans fəal Kişinyov aeroportunda saxlanılaraq transfob rəftara məruz qalıb
  • Azərbaycandan olan iki film Londonda Kuir Film Festivalında nümayiş olunacaq
  • Qazaxıstanda LGBTİ məzmunlarının yayımı qadağan oluna bilər
  • Naxçıvanda 3 hərbi qulluqçu azyaşlı oğlana təcavüz edib
  • Trump dövründə LGBTQ+ hüquqları: ABŞ-da azərbaycanlı translar nə yaşayır?

KateqorİYALAR

  • Yerli
  • Xarici
  • Podkast
  • Multimedia
Qıy Vaar! (c) 2025 | DarkNews by AF themes.