Gürcüstan hökuməti İstanbul Konvensiyasından çıxa bilər

Gürcüstan hökuməti İstanbul Konvensiyasından çıxa bilər
Irakli Kobakhidze
Irakli Kobakhidze

Gürcüstanın baş naziri İrakli Kobaxidze gender əsaslı zorakılığa qarşı beynəlxalq sənəd olan İstanbul Konvensiyası ilə bağlı hökumətin gələcəkdə müəyyən dəyişikliklərə baxa biləcəyini istisna etməyib. Onun açıqlaması ölkənin bu konvensiyada iştirakının taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu hakimiyyətə yaxın Imedi televiziyasında müzakirə olunub. Veriliş zamanı ultra-mühafizəkar və Rusiyaya yaxın mövqeyi ilə tanınan Gürcüstan üçün Mühafizəkarlar Partiyasının lideri Zurab Maxaradze konvensiyanı tənqid edərək sənədin “ənənəvi gender rollarına zidd” olduğunu söyləyib və Gürcüstanın niyə hələ də bu sənədə qoşulduğunu soruşub.

Baş nazir cavabında bildirib ki, konvensiya və onun əsasında qəbul olunmuş qanunvericiliklə bağlı suallar yaranarsa, hökumət bu məsələnin üzərində işləməyə hazırdır. Kobaxidze həmçinin son illərdə Gürcüstana “müəyyən ideologiyaların tətbiqi üçün ciddi təzyiq göstərildiyini” iddia edib.

Hakim “Gürcü Arzusu” partiyası son illər tez-tez Qərb ölkələrini və beynəlxalq qurumları ölkəyə “saxta liberal dəyərlər” tətbiq etməyə çalışmaqda ittiham edir. Partiya son iki ildə qəbul etdiyi bir sıra məhdudlaşdırıcı qanunları – o cümlədən kuir icmasına qarşı yönəlmiş qanunvericiliyi və bəzi hüquqi sənədlərdən “gender” sözünün çıxarılmasını – ailə dəyərlərinin qorunması kimi təqdim edir.

İstanbul Konvensiyası Avropa Şurasının qadınlara qarşı məişət zorakılığının qarşısını almağa yönəlmiş beynəlxalq müqaviləsidir. Sənədin məqsədi zorakılığı önləmək, bu cür cinayətləri araşdırmaq və qurbanlara dəstək göstərməkdir. Konvensiya həmçinin diskriminasiyaya qarşı mübarizəni və gender bərabərliyinin təşviqini nəzərdə tutur.

Hazırda 40-dan çox ölkə bu sənədi imzalayıb, onların böyük əksəriyyəti onu ratifikasiya edib. Gürcüstan konvensiyanı 2014-cü ildə imzalayıb, 2017-ci ildə isə parlament sənədi təsdiqləyərək müxtəlif qanunlara dəyişikliklər edib.

Son illərdə isə Avropanın bəzi ölkələrində ifrat sağçı və ultra-mühafizəkar qruplar bu sənədə qarşı çıxış etməyə başlayıb. Onlar konvensiyanın ənənəvi ailə modelinə uyğun olmadığını iddia edirlər. Bu kontekstdə Türkiyə 2021-ci ildə sənəddən çıxaraq bunu edən yeganə ölkə olub.

Gürcüstanda qadın hüquqları müdafiəçiləri isə konvensiyanın əhəmiyyətini vurğulayır. “Sapari” təşkilatının rəhbəri Baia Pataraia bildirib ki, bu sənəd qadınların zorakılıqdan qorunması üçün ən müasir beynəlxalq mexanizmlərdən biridir. Onun sözlərinə görə, Gürcüstan konvensiyaya qoşulduqdan sonra qadın və qızların müdafiəsi ilə bağlı qanunvericilik xeyli güclənib.

Pataraia hesab edir ki, baş nazirin açıqlaması sadəcə veriliş zamanı mövzudan yayınmaq üçün verilmiş qeyri-müəyyən cavab ola bilər. Bununla belə, o, əgər Gürcüstan həqiqətən konvensiyadan çıxarsa və onun əsasında qəbul edilmiş qanunları ləğv edərsə, bunun qadınlara qarşı zorakılıqla mübarizəyə ciddi zərbə vuracağını deyib.

Tbilisidə fəaliyyət göstərən Sosial Ədalət Mərkəzi də məsələ ilə bağlı narahatlığını ifadə edib. Təşkilatın bəyanatında qeyd olunur ki, İstanbul Konvensiyası sadəcə beynəlxalq sənəd deyil, dövlətləri qadınlara qarşı zorakılıqla sistemli şəkildə mübarizə aparmağa məcbur edən hüquqi çərçivədir.

Təşkilatın fikrincə, bu sənəddən imtina həm Gürcüstanın beynəlxalq öhdəliklərinə zidd olar, həm də qadınların təhlükəsizliyi və hüquqları üçün ciddi risk yaradar.

Paylaş