
İctimai məkandan təcrid
Tramp transların orduda xidmət etməsini qadağan edən qərar imzalayıb. Həmçinin çıxışlarında eynicinsli evliliklərə qarşı sərt mövqe ortaya qoyub. Amerikanın əsas gündəm mövzularından olan və ölkə boyu kütləvi etirazlara yol açan bu çıxışlar kuirlərin ictimai məkandan təcridinə yönəlib. Trampın komandası ştatlarda keçirilən yerli seçkilərdə kuir namizədlərin seçilməməsi və anti-LGBTQ+ ritorikalı namizədlərin qalib gəlməsi üçün maliyyə vəsaitləri də ayırıb.
Əliyev höküməti isə fərqli formalarda kuirləri ictimai məkandan təcrid etmək üçün bacardığı hər şeyi edir. Məsələn, ölkə idarəetməsində heç bir kiçik vəzifədə belə kuirlərin yer almasına yol verilmir. Hökümət dəstəkli millət vəkilləri hətta məktəb və baxçalarda kuir müəllimlərin yer ala bilməyəcəyini əks etdirən kəskin çıxışlar edirlər. Bu patriarxal mühit içində, kuir kimliyi ictimailəşən istənilən dövlət məmurunun işini itirəcəyi mesajı aydın formada cəmiyyətə çatdırılır.
Əliyev höküməti ictimai məkanda iştirakına imkan tanıdığı LGBTQ+lara isə cəmiyyətə mənfi obrazda təqdim edildikləri üçün bu imtiyazı yaradır. Onların korrupsiyadan bəhrələnən imicdə insanların önünə çıxarılması LGBTQ+ əleyhinə sistemli təbliğatın tərbikində gerçəkləşir.
Patriarxal cəmiyyətdən dəstək alma motivasiyası
Həm Tramp, həm də Əliyev cəmiyyətin mühafizəkar kəsimindən dəstək almağı hədəfləyirlər. Hər ikisi güc sahibi ola bilmələri üçün insan haqlarının dərinləşməsini və demokratik proqresi əhəmiyyətli saymır. Əksinə, patrialxal ərimə yaşayan, sorğulamağa meyilli, tənqid qabiliyyəti inkişaf edən cəmiyyət quruluşu onların iqtidarları üçün təhdid vəd edir.
Trampın son prezidentliyi dövründəki əsas radikal çıxışları seçki kampaniyası zamanı eynicinsli evliliklərinə qarşı konkret mövqe ortaya qoymaqla başlayıb. Həm seçki kampaniyası, həm də prezidentliyi dövründə onun anti-LGBTQ+ ritorikası səngiməyib. Tramp bu yolla cəmiyyəti qütbləşdirərək ağ dərili, kişi, təhsilsiz, mühafizəkar, kəndli kimliklərinin əksəriyyətini və ya tamamını özündə birləşdirən sosial qruplardan dəstək almağa davam edir.
Əliyevin formalaşdırmaq üçün işlədiyi ideal cəmiyyətin xətləri də Trampın xətləri ilə, əsasən, eynidir. Təhsilsiz kəsimdən dəstək alma və kütləvi təhsilsiz yaradma hər iki hökümətin sistemində bir-birini yemləyən qarşılıqlı proses olaraq yerini alır.
Trampda olduğu kimi akademik azadlıqla mübarizə aparan Əliyevin anti-LGBTQ+ mübarizədə başlatdığı yeni mərhələ, hər nə qədər qəribə olsa da, onun Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə etdiyi çıxışdan başlanğıc götürdü.
2017-ci ildə Bakıda “translara qarşı polis reydləri” olaraq yadda qalan və 100-lərlə transın saxlanılaraq günlərlə işgəncə görməsi ilə müşayiət olunan hadisələr yaşansa da, Əliyevin anti-təbliğatı 2019-da etdiyi çıxışdan sonra əsas radikal mərhələsinə keçib. Bu çıxışda Əliyev Avro-inteqrasiya haqqında danışaraq demişdi ki,
“Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.
Məhz bu çıxışdan sonra birbaşa olaraq Azərbaycanda hökümət tərəfindən və onun yönləndirməsi altında olan TV kanalları vasitəsilə LGBTQ+ əleyhinə sistemliliyi ilə seçilən yeni təbliğat mərhələsi başladı. Əliyevin təbliğat sistemində də LGBTQ+ ailə dəyərlərini məhv edən düşmən kimi təqdim edilsə də, o, Trampdan fərqli olaraq bunu demokratik həyata keçiddə baş verəcəklər olaraq təqdim edir, qərbli xarici düşmən yaradaraq avtoritar hakimiyyətinin cəmiyyətdəki dayaqlarını möhkəmlətməyə çalışır.
Müxalifətə və vətəndaş cəmiyyətinə qarşı istifadə
Tramp hakimiyyətə gəldikdən sonra tez-tez öz müxaliflərinə, xüsusilə, Demokratlara qarşı LGBTQ+ təbliğatçısı olmaq kimi ittihamlar səsləndirir. Trampın translar üzərindən müxaliflərinə qarşı etdiyi hücumlarda onların uşaqları “cinsiyyət dəyişdirmə əməliyyətlarına” təşviq etməsi kimi xüsusi vurğular olur ki, bununla öz mühafizəkar dəstəkçilərinin mobilizasiyanı təmin etməyə çalışır.
Özünün 2017-2021-ci illəri əhadə edən hakimiyyəti dövründə kişilərin qadınlara aid idman növlərində yarışa bilmədiyi, Demokratların lideri Bidenin prezidentliyi dövründə isə bunun baş tutduğu, onun müxalifətə qarşı əsas tənqidləri arasındadır. O, təhsil sistemində translara tualetlərdə istədiyi genderə uyğun ictimai qovşaq seçmə haqqı verilməsi kimi mövzuları əxlaqi deqredasya elan edərək Demokratlar üzərinə yüklənir, onları Amerika mədəniyyətinə və dəyərlərinə hücum edən siyasi qrup olaraq damğalayır.
Azərbaycanda da hökümət, uzun illərdir ki, müxalifət partiyalarından birinin sədri olan Əli Kərimlini gey olmaqda, bu səbəbdən ölkə siyasətində və idarəçiliyində yer almağa haqqı çatmamaqda ittiham edir. Onun höküməti Əli Kərimli ətrafında yaratdığı kuirlik müzakirələrini səs-küylü, cəmiyyətdə şaiələr yayılacaq formada təşkil edib. İlk dəfə 2003-cü ildə Əli Kərimlinin də yer aldığı parlament sessiyasında başqa bir hökümət dəstəkli deputat çıxış edərək, onun gey olduğunu səsləndirib. Həmin vaxt parlamentdə yaranan qızğın müzakirə televiziya kanallarından yayımlanaraq geniş kütlələrə gündəlik müzakirə mövzusu kimi servis edilib.
Növbəti illərdə də hakimiyyətin Əli Kərimliyə qarşı “gey olduğu üçün siyasi məkandan kənarlaşmalıdır” kampaniyası səngiməyib. Onun Türkiyə səfərində translar əllərində çiçəklərlə hava limanında onu qarşılamağa göndərilib. Evinin önündə hökümətin tələbələri cəlb edərək təşkil etdiyi aksiyalarda isə Azərbaycanda ənənəvi ritorikada geylik ilə simvollaşdırılan xoruzlar gətirib havaya qaldırılaraq nümayiş etdirilib. Həmçinin, ötən illərdə polisin transları təhdid edərək Əli Kərimliyə dəstək aksiyası keçirməyə məcbur etməsi halı da yaşanıb. Əli Kərimliyə yönəlmiş bu kimi addımlar Azərbaycanda LGBTQ+ları şeytanlaşdırmaq, onları utanılacaq kimlikli insanlar kimi təqdim etmənin siyasi məkandaki birincil nümunəsidir. Bu iddiaların əsas motivi müxalifətin siyasi güc əldə edəcəyi halda bir geyin hakimiyyəti gələcəyi və ölkəni kuirləşdirəcəyi olub.
Vətəndaş cəmiyyəti də LGBTQ+ mövzusunda hər iki liderin hədəfindədir. Tramp bir sıra QHT-ləri, mediaları və sosial media platformalarını, universitetləri kuir təbliğatda ittiham edir və trans haqlarını dəstəklədiyi üçün bir sıra beynəlxalq insan haqları təşkilatlarına ABŞ-ın maliyyə ayırmasını dayandırıb.
Əliyev də eyni formada vətəndaş cəmiyyətini trans haqları dəstəkçisi olaraq görsə də, onların bu yöndəki fəaliyyətini qərbdən və beynəlxalq təşkilatlardan gələn sifariş kimi təqdim edir. Beləliklə, ölkənin kültürünün və əxlaqının dağıdılmaq istəndiyi Trumpla eyni xətt üzrə bəyan edilir. Trump USAID-i xarici ölkələrdə LGBTQ+ haqlarını dəstəkləyən vətəndaş cəmiyyəti təsisatlarına qrant ayırmaqda ittiham edirdi və onun indiki hakimiyyəti dövründə dövlət bu quruma maliyyə ayırmağı dayandırıb. Əliyev höküməti isə eyni səbəblə bu qurumun Azərbaycandaki fəaliyyətini qadağan edib.
Xatırlatma
Trumpın paylaşdığı videoda Əliyev, onun qələbəsini heç vaxt proqnozlaşdırmadığını, lakin, seçkidən öncə Azərbaycanın Trampın prezidentliyinə üstünlük verəcəyini bəyan etdiyini deyib: “Cənab Tramp Azərbaycan xalqı kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşür”.
“Tramp müharibəyə başlamayan yeganə ABŞ prezidentidir. O, müharibələrə son qoymağı hədəfləyir. Biz, şəxsən ona, digər qlobal təhlükəsizlik məsələləri səbəbindən sıx məşğul olmasına baxmayaraq, Ermənistan və Azərbaycanın yekun razılığa gəlməsinə kömək etmək üçün göstərdiyi şəxsi səylərinə görə xüsusilə minnətdarıq” – Əliyev deyib.