
2008-ci ildən Azərbaycanda “Drag Queen” tərzində səhnə performansları göstərən Lady Slim səhnə ləqəbli artist növbəti performansını göstərmək üçün İsveçrəyə gedərkən ölkədən çıxışına qadağa qoyulması səbəbindən Bakı hava limanından geri qaytarılıb. O, haqqında belə bir qadağanın olmasını ilk dəfə hava limanında öyrənib.
Kuir sənətçi Lady Slim Azərbaycanda Drag Queen performansları ilə tanınan sənətçidir. O, öz performanslarında müxtəlif dünya ulduzlarının təqlidini edir. Amma həm də bildirir ki, son dövrlər bəstəkarlara öz performanslarına məxsus olan musiqilər hazırlatmağa başlayıb. Lady Slim deyir ki, ötən 17 ildə Azərbaycanla yanaşı İsveçrənin müxtəlif şəhərlərində, Moskvada, Kiyev və Odessada, İstanbulda, Dubayda, Budapeştdə, Kişinyovda performanslar göstərib. Ən çox performans göstərdiyi xarici ölkə isə İsveçrədir və orada 10 dəfədən artıq səhnəyə çıxıb.
Qıy Vaar, Lady Slimdən bu qadağanın səbəbi haqqında soruşub və fürsət yarandığı üçün ondan geniş müsahibə alıb.
Lady, siz ölkədən çıxışınıza qadağa qoyulduğu haqda məlumatı necə aldınız?
–Mənim iyulun 14-də İsveçrəyə performans göstərmək üçün səfərim var idi. Orada keçirilən bir şənlik məclisində səhnə alacaqdım. Bakı hava limanındakı pasport yoxlanış məntəqəsinə yaxınlaşanda əvvəlcə pasportuma çıxış möhürü vurdular. Yoxlanış məntəqəsində əyləşən nəzarətçi son anda çıxışıma qadağa olduğunu monitorda gördü və çıxış möhürünün üzərinə “ləğv olundu” möhürü vuruldu. Daha sonra oradaki əməkdaşlar məni bir otağa apardılar. İzahat yazdım və baqaja verdiyim çamadanı geri gətirərək mənə təhvil verdilər. Qadağanın səbəbi ilə bağlı mənə heç bir məlumat verilmədi.
Bəs səbəblə bağlı sizin versiyanız varmı?
-Sonra mənə məlum oldu ki, bu 2024-cü ilin yanvar ayında baş verən bir anlaşmazlıqla bağlıdır. Həmin vaxt yanlışlıqla məni bir cinayət işi ilə əlaqədar şüphəli bilib saxlamışdılar. Lakin bir neçə saata bir yanlışlıq olduğu və səhv adamın saxlanıldığı aydınlaşmışdı. Beləcə, mən sərbəst buraxılmışdım. Mənə aid bir məsələnin olmadığı və yanlışlıqla saxlanıldığım tam dəqiq olduğu üçün bir neçə saatlıq saxlanılma ilə bağlı heç bir şikayət vermədim. Həm də indiyədək heç bir qanunu pozmamış, bu kimi şeylərdən uzaq olan sakit təbiətli bir insanam. Ona görə də “adi bir yanlışdıqdır” deyib keçdim. Səhvi burada etmişəm.
Tam olaraq nəyi nəzərdə tutursunuz?
-2024-ün yanvarında bu hadisə baş verəndən sonra mən həmin ilin iyulunda, yenə, bir şənlikdə performans göstərmək üçün bir neçə günlük İsveçrəyə getdim. Bakıya qayıtdıqdan bir neçə həftə sonra isə məni yenidən saxlayıb polis idarəsinə apardılar. Orada öyrəndim ki, məgərsə həmin cinayət işindən mənim adım silinməyib. Bir gün saxlanıldıqdan sonra, yenə, məni yanlışla saxladıqlarını bildirib sərbəst buraxdılar. Yəni, 2024-ün yanvarında başlayan bu məsələdən sonra mən xaricə səfər də etmişdim, çıxışıma heç bir qadağa yox idi. Belə çıxır ki, ölkədən çıxışıma səbəbi bəlli olmayan bu qadağa keçən yay İsveçrədən Bakıya qayıtdıqdan sonra qoyulub. Mənə isə bu haqda heç bir məlumat verilməyib və qadağanı indi hava limanında öyrənmişəm.

Hava limanından evə qayıtdıqdan sonra nə etdiniz?
-Mən hava limanından evə yox, birbaşa keçən il saxlanılıb aparıldığım polis idarəsinə getdim və orada müstəntiqə yaxınlaşdım. Orada müstəntiq mənə bildirdi ki, xaricə səfərdən 3 gün öncə ona məlumat versəydim çıxış qadağasını götürərmişlər. Lakin, mən heç bir halda başa düşmürəm, mənim aidiyyatım olmadığı tamamilə aydınlaşan həmin cinayət işi ilə bağlı əlaqəmə nə üçün xitam verilməyib? Ümumiyyətlə nə üçün mənə çıxış qadağası qoyulub və bu haqda mənə məlumat verilməyib?
XARİCDƏ PERFORMANS GÖSTƏRƏ BİLMƏSƏN DOLANIŞIĞIMI QARŞILAYA BİLMƏRƏM
Bəs ötən 10 gündə proseslə bağlı bir yenilik yaşanıbmı?
-Bir neçə gün sonra müstəntiqin köməkçisi ilə əlaqə saxladım. O mənə bildirdi ki, onlar artıq çıxış qadağasını götürüblər və bir neçə gündən sonra rahat hərəkət edə bilərəm. Lakin qeyd etdi ki, yenə də ASAN Xidmətə yaxınlaşaraq çıxış qadağamın qalıb-qalmadığını yoxlatdırım. Burada mənə aydın deyil ki, əgər çıxış qadağası götürülübsə nə üçün elə həmin gün yox, bir neçə gün sonra sərbəst hərəkət edə bilərəm. Normalda mənə deyilə bilərdi ki, qadağa artıq götürülüb və istədiyim kimi səfər edə bilərəm. Amma deyilir ki, bir neçə gün sonra səfər etməyim mümkündür. Müstəntiqin köməkçisinin belə deməyindən onu başa düşürəm ki, o, tam dəqiq bilmir çıxış qadağası götürülüb, yoxsa, yox. ASAN Xidmətdə isə mənə dedilər ki, onların bu kimi məlumatlara çatımlılığı olmur.
Xaricə səfər edə bilməmək sizin gündəlik həyatınıza hansısa çətinlik yaradır?
-Budəfəki gedişdə mənim 1120 manatlıq biletim və viza üçün ödədiyim rüsum batdı. Həm də qazancımın çox hissəsi xaricdə hansısa şənlikdə səhnə almaqdan gəlir. Yenə harasa getmək istəsəm hava limanında çıxış qadağasını öyrənib geri qayıtmaq istəmirəm. Bu dəfə performans göstərməyə gedə bilmədiyim üçün indi ciddi maddi çətinliklə üzləşmişəm. Düşündüm ki, ən düzgünü məsələ ilə bağlı DİN-ə müraciət etmək olar və onlara yazdım. İnanıram ki, heç bir qanunu pozmağa meyilli olmayan, ümumiyyətlə, hansısa cinayət işinə cəlb olumaqdan çox uzaq bir vətəndaş kimi mənim müraciətimi dəyərləndirib həll edəcəklər.
Burada pul qazanmağınız mümkün deyil ki, xaricə gedib orada performans göstərirsiniz?
-Burada performans göstərmək üçün çox az dəvət alıram. Əslində 14 gün sonra İsveçrədə ikinci bir şənlik keçirildi və çatdırıb onda iştirak edə bilərdim. Amma həm səfirlik mənə dedi ki, səfərdən ən geci 15 gün öncə yeni viza üçün müraciət etməliyəm, həm də çıxış qadağasının götürülüb-götürülmədiyini dəqiq bilmirəm. Bu səbəbdən ikinci şənlikdə performans göstərmə şansını da qaçırdım.
Hüquqi yardım ala bilirsinizmi?
-Təəssüf ki, vəkil tutmaq üçün mənim maddi imkanım yoxdur. Təkcə 300 manat vəkillik orderinin rüsumudur. Bundan əlavə vəkilə də zəhmət haqqı ödəmək lazımdır. Mən indi bunları qarşılaya biləcək gücdə deyiləm.
İZLƏYİCİLƏRİMİ İTİRMƏK MƏNİM ÜÇÜN ÇOX AĞIR OLDU
Ola bilər ki, burada şənliklərə dəvət almamağınızın səbəbi insanların sizin performanslarınıza maraq göstərməməsidir?
-Mən əsla elə düşünmürəm. Misal üçün deyə bilərəm ki, 2010-cu ildə Space TV-də yayımlanan “Kim Nə Bacarır” verlişində yarışmaçı ikən izləyicilərdən mənə böyük səs dəstəyi var idi. Kuir olduğum açıq formada bilinirdi və 3 ay boyunca hər həftə digər iştirakçılar yarışmadan kənarlaşsalar da daha çox SMS dəstəyi aldığım üçün mən yarışmaya davam edirdim.
Verlişin irəliləyən vaxtlarında rəhbərlik mənə bildirdi ki, sırf cinsi oriyentasiyama görə yarışmaya davam etməyimi istəmirlər və beləcə məni verlişdən kənarlaşdırdılar. Ancaq bunu elə formada etdilər ki, guya mənə az SMS dəstəyi gəldiyi üçün yarışmadan kənarlaşdırılıram. Xəbərdarlıqdan sonraki ilk verlişdə yarışmadan çıxarıldım. Həmin vaxt bilirdim ki, izləyicilər həmişə olduğu kimi mənə çoxlu səs göndəriblər, ancaq bu səslər azaldılıb. İzləyicilərin sevgisini hiss edə-edə onlara performans göstərmək şansını itirmək mənim üçün çox kədərli idi. Yarışmadan çıxarılacağımı bildiyim halda həmin gün heçnə olmamış kimi performansımı göstərmişdim.
Mən yarışmadan kənarlaşdırıldıqdan 2 həftə sonra isə həmin verliş bağlandı. Bu özünü bəyənmişlik deyil, obyektivlik üçün deməliyəm ki, yarışmaya mənə görə çox maraq göstərildi. Mən ayrıldıqdan sonra isə artıq izləyici marağı qalmadı.
Bu yarışmadan başqa digər TV kanallarında çıxışlarınız olubmu?
-Bu yarışmadan sonra məni performans göstərmək üçün dəvət edən televiziya kanalları da bir dəfə efirə çıxdıqdan sonra ikinci dəfə dəvət etmirdilər. 2010-cu illərin əvvəllərindən belə xoş olmayan xatirələrim qalıb. Sonuncu dəfə 2013-cü ildə ATV telekanalında “Drag Queen” performansı göstərə bilmişdim. Düşünürəm, əslində, şərait yaradılsa mən öz performanslarımı göstərərəm və insanlar mənim yaradıcılığımdan zövq alarlar.
Günəlik həyat necə gedir bəs? Yəni, öz yaradıcılığınızdan kənarda hansı işlərlə məşğul olursunuz?
-Mənim bütün foksum sənətimlə bağlıdır. Sakit yaşayan, heç vaxt heç kimlə mübahisə etməyən bir adamam. Elə bir sosial çevrəm də yoxdur. Demək olar, zamanımın tamamını sənətimi inkişaf etdirməyə ayırıram. Hər performans üçün öncədən hazırlaşmalısan. Mahnının sözləri var, o sözləri hiss etmək üçün çox hazırlaşmalısan. Rəqs elementləri var, paltarlar var. Dərziyə getmək lazımdır. Adi bir səhnə paltarını ərsəyə gətirmək üçün 20 gün, bəzən 1 ay vaxt lazım olur. Səhnə paltarının tikilməsi üzərində uzun iş gedir hər zaman. Mən hər xırda detala günlərlə vaxt ayırıram ki, izləyicilərimə bacardığım ən mükəmməl perfomansı göstərə bilim. Son dövrlər bəstəkarlara təkcə mənim performanslarım üçün nəzərdə tutulmuş musiqilər hazırladmağım da yaradıcılığımda yeni bir mərhələdir.
İSTƏRDİM ÖZ PERFORMANSLARIMI, ƏSASƏN, BAKIDA GÖSTƏRİM
Sizin xaricdə səhnə aldığınız tədbirlər nə ilə bağlı olur? Bunlar sırf kuir mövzulu tədbirlərdir?
-Xeyr, qatıldığım şou-proqramlar əyləncə fokuslu olur və hər kəsə açıq keçirilir. İsveçrənin milli günləri, özəl bayramları ilə əlaqədar təşkil edilən şou-proqramlarda daha çox çıxış etmişəm. Onu da deyim ki, istərdim öz performanslarımı, əsasən, Bakıda göstərim. Məsələn, qonşu ölkə Türkiyədə drag artistlər üçün hər cür şərait var. Onlar xaricə getmək yerinə öz ölkələrində performanslar göstərə bilirlər. İstərdim mən də Bakıda klublarda, şou-programlarda davamlı olaraq performans göstərə bilim. Həm də təəssüflənirəm ki, ölkədə tək drag artist mənəm. İstərdim ki, başqa artistlər də olsun.
Əgər burada pul qazana bilmirsinizsə və başqa ölkələrdə sizə səhnə verirlərsə niyə xaricə köçmürsünüz?
-Mən öz ölkəmi, doğma Bakımı çox istəyirəm. Buradan heç vaxt getməyi düşünməmişəm. Həta viza alanda da bir həftəlik və ya bir neçə günlük alıram. Xaricə gedib performansımı göstərib bitirən kimi geri qayıdıram. 3 gün Bakıdan kənarda qalan kimi, artıq hədsiz darıxıram. Doğma şəhərimdən uzaqda yaşamaq mənim üçün çətindir.
Heç vaxt getmək haqqında düşünməmisiniz?
-Əvvəllər düşünürdüm. Universitet illərində. Düşünrdüm ki, universiteti bitirib xaricə köçərəm. 2008-də məzun oldum. Universiteti bitirəndən sonra xaricə gedib-gəlməyə başladım və başa düşdüm ki, Bakıdan kənarda 3 gündən artıq qala bilmirəm.
Televiziya proqramlarına təkrar qayıtmaq istəyirsinizmi?
-Hal-hazırdaki TV efiri məkanlarına geri qayıtmaq istəmərəm. Çünki çox bərbad vəziyyətdədir efir məkanları. Kimin pulu varsa gedib çıxıb oxuyur. Təbii, aparıclara pul verərək bunu edirlər. Aparıcılar da bərbad səviyyədədir. Əvvəlki efir keyfiyyətindən artıq əsər-əlamət qalmayıb. Yəni ki, çox biabırçılıqdır. İndiki televiziya ilə yox.
Verilişlər aparan kuir aparıcılar var. Onların verilişlərinə dəvət alsanız gedərsinizmi?
-Bizim TV kanallarında kuir aparıcılar olsa da onlar öz kuir kimliklərini danırlar. Açıq kuir olaraq özlərini nümayiş etdirmirlər, qapalıdırlar. Onlardan bu dəqiqə oriyentasiyalarını soruşsan deyəcəklər ki, “mən kişiyəm”. Halbuki, hər kəs öz kimliyi ilə qürur duymalıdır. Özün olmaq və səmimiyyət bütün insani münasibətlərin özəyidir.
Musiqi sahəsindəki yerli sənətçilər arasından bəyəndikləriniz varmı?
-Əvvəllər var idi. Hazırda yoxdur. Düşünürəm illər keçdikcə yerli sənətçilərin profili aşağı düşür. Həm də zövqüm Qərb incəsənəti tərəfə yönəldikdən sonra, əsasən, onları izləyirəm, məni daha çox onlar cəzb edir.
Son olaraq əlavə etmək istədikləriniz varmı?
-Hazırda nə yerdəyəm, nə göydə. Bilmirəm çıxış qadağası götürülüb, yoxsa, yox. Məni tək düşündürən bu qadağa və dolanışıq dərdidir. Əgər xaricdəki şoularda performanslar göstərə bilməsəm xərclərimi başqa cür qarşılaya bilmərəm. Kuir olduğum üçün burada başqa iş tapmaq şansım da çox azdır. Bilirsiniz ki, çox adam kuirlərə iş vermir. Ona görə də ümidlə gözləyirəm ki, hüquqi proses tam yekunlaşar və mən öz performanslarımı göstərmək üçün gedə bilərəm.
Müəllif: Ploretar Ördək