Deputat: demokratiya təhsilin başına daş salıb

Deputat: demokratiya təhsilin başına daş salıb

Deputat Səyyad Aran RTV-də yayımlanan “Qaranlıqda həqiqət” verilişinin efirində uşaqlara qarşı zorakılığı təbliğ edən fikirlər səsləndirib.

“Uşaqlara çox sərbəstlik verilir. “Demokratiya”, “uşağın haqqını tapdalamaq olmaz”, “uşağı vurmaq olmaz” kimi ifadələr maarifin və təhsilin başına daş salıb”, – deputat deyib.

O, həmçinin, fəaliyyəti dayandırılmış ANS telekanalını qınayaraq həmin TV-nin məktəbdə şagirdə şillə vuran müəllimlə bağlı hadisəni yersiz qabartdığını söyləyib:

“Bir kişi müəllimi uşağa şapalaq vurduğuna görə ANS onun üstünə düşdü, cəmiyyət də o adamı qınadı. Müəllimi televiziyada üzr istətdilər. Müəllimi üzr istəyən millətin təhsilinin xoş mənada gələcəyinin kökü, sambalı olmaz. Sən niyə onu üzr istətdirirsən? İndi bir şapalaqdı vurub uşağa… Siz bilirsiniz, məktəblərdə nələr olur?! Hamı döyülüb, çünki hamının səhvi olub”.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisdə uşaqlara qarşı zorakılığı önləmək məqsədilə yeni cəzaların gətirilməsi təklif olunub. Təklifə əsasən, əgər valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılıq törədərsə 200 manat məbləğində cərimə olunacaqlar.

Paylaş