Dəmir Barmaqlıqlar Arxasında Homofobiya – Xəyalə Ağayeva həbsxanadan yazır

Dəmir Barmaqlıqlar Arxasında Homofobiya – Xəyalə Ağayeva həbsxanadan yazır

Həbsdə olan Meydan TV əməkdaşı Xəyalə Ağayeva 17 May – Beynəlxalq Homofobiya, Transfobiya və Bifobiya ilə Mübarizə Günü ilə bağlı məqalə qələmə alıb. Meydan TV tərəfindən dərc edilən məqaləni olduğu kimi təqdim edirik.

“Mən bayıra çıxanda “içəridə transla oturmuşdum” deyə bilmərəm. Bu, bizim aləmə tərsdir”.

Bakı İstintaq Təcridxanasında saxlanılan Gülnaz (ad şərtidir) özünün olduğu kameraya trans qadının gətirilməsinə necə etiraz etməsindən danışır. Üçüncü həbsidir, üst-üstə 7 ili dəmir barmaqlıqlar arasında keçib. Yenə iş alıb, daha bir neçə ilini gözdən çıxarıb. Özünü kriminal aləmin adamlarından sayır.

Deyir ki, lezbiyanlarla çox rastlaşıb. Onlara münasibəti normal olmasa da, görməzdən gələ bilir. Ancaq transları sevmir, bir insanın niyə cinsini dəyişmək istədiyini beyni dərk eləmir.

“Onlarla bir süfrə arxasında otursam, gərək çöldə heç kimin üzünə baxmayım”, – deyir.

Kamerada digər qadınların hamısı belə düşünmür. Ümumiyyətlə, bu məsələdə qadınlarla kişilərin münasibəti eyni deyil.

Lakin bütün həbsxanalar kişi mərkəzlidir.

Onların dünyasında kişi olmaq təkcə cinsiyyət məsələsi deyil, əməlinlə, rəftarınla da bu sübut olunmalıdır. Sənin şəxsi həyatın, özünü kim olaraq tanıtmaq istəyin vacib deyil. Əsas olan illərə söykənən qaydalara sadiqliyindir.

Həbsxana o yerlərdəndir ki, burada binar yanaşmadan başqa heç nə qəbul edilmir. Sənə qarşı yalnız sənədində yazılan ada, qadın yaxud kişi ünvanına uyğun davranılır. Məsələn, hazırda eyni iş üzrə təqsirləndirilən iki trans qadından biri qadın, digəri kişi korpusundadır. Səbəb də budur ki, onlardan biri tranzisiya əməliyyatı keçirib, digəri isə bu əməliyyatı tamamlamayıb.

Onlar ayrı korpuslarda bənzər aşağılayıcı rəftara məruz qalırlar. Heteroseksual deyillərsə, hetero davranış sərgiləmirlərsə, deməli qüsurludurlar. Ən yaxşı halda “xəstə” münasibəti görürlər.

Homofobiya hər addımda özünü göstərir. İlk baxışdan elə görünür ki, kişilər qandala öyrəşdiyindən əllərini arxada saxlayır. Sən demə, bu həm də rastlaşdığı adamla salamlaşmamaq üçündür. Kimliyinə dəqiq bələd olmadığı adama əl uzatmazlar. İşdir, əllə salamlaşdığı şəxs homoseksualdırsa və bunu gizlədirsə, yazılmamış qaydalara görə həmin şəxs döyülməlidir. Hətta işçilər belə kuirlərlə görüşmürlər. Əks halda “mujiklər” onlara əl uzatmaz.

Xəyalə Ağayeva (sosial media)

Kuirlər bir qayda olaraq kanalizasiya və təmizlik işlərinə cəlb olunurlar. Digər işçi məhkumların bunu etməsi həbsxana aləmində ayıb iş sayılır.

Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasında hətta homoseksuallar iş görəndə bütün kameraların nəfəsliyi qapadılır. Bunu “kişilər onları görmək istəmir” kimi əsaslandırırlar. Hətta orada olan məhbusların dediyinə görə, orada işçi məhkum da keçəndə kuir şəxs divarın yanında yerə çökür, onlar gedəndən sonra ayağa qalxır.

Bakı İstintaq Təcridxanasında da onlarla ünsiyyət qurulmur, görməzdən gəlinirlər. Ayrı-seçkiliyə məruz qalır, xüsusi kameralarda saxlanılır, “üzdəniraq” kimi adlandırılırlar.

Cəzaçəkmə müəssisələrində qaydalar daha sərtdir. Burada təcridxanalardan fərqli olaraq məhkumlar kameralarda qapalı şəraitdə yox, ümumi baraklarda saxlanılırlar. Bu açıq şərait təhlükə üçün daha münbitdir.

“Üzdəniraq” adlanan şəxs digər məhkumlarla eyni barakı bölüşə bilər. Ancaq onlarla eyni süfrə arxasında otura, stola əl uzadıb nəsə götürə bilməz. Ona veriləni isə tualetin yanında düzəldilmiş yerdə yeyə bilər. Ümumiyyətlə, belə baraklarda onların yeri tualetin yanı, yaxud qapının ağzıdır.

“Gey barak” kimi tanınan saxlama yerində olanlarınsa heç də hamısı kuirlər olmur.

Aralarında “türmə dili” ilə desək “tavanı çevrilənlər” də var. Yəni, hansısa qaydanı pozan, borcunu vaxtında qaytarmayan, “kişi söhbəti”ndən haqsız çıxan və s. Məsələn, kimsə qumarda uduzursa və deyilən vaxtda borcunu ödəmirsə, ya ölüncə döyülməli, ya da “gey barak”a keçməlidir. Bu baraka keçən şəxs artıq gözdən çıxarılır. Orada onlarla eyni münasibəti görür. Bu rəftardan həbsdəki həyatı bitəndən sonra da qaça bilmir. Onsuz da həbsə düşmüş şəxsi qəbul etməyən cəmiyyət içəridə bu problemləri yaşayanlara qarşı daha amansız olur.

 Kuirlər üçün isə hekayənin əvvəli də birdir, sonrası da. İncidən, alçaldan, təkləyən nifrət həbsdən öncədən onlara tanışdır.

Yaratdığı insan tragediyaları, törətdiyi şüursuz cinayətlərlə homofobiya təməl insan haqlarına qarşı ən böyük təhdiddir.

Bu yazılanlar dəmir barmaqlıqlar arxasında baş verən reallıqdır.

Bəs beynəlxalq öhdəliklər, Azərbaycanın üzvü olduğu konvensiya və mexanizmlər nəyi nəzərdə tutur?

Azərbaycan BMT və Avropa Şurasının üzv dövləti, Birləşmiş Millətlər Təşkilatının – Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının (İCCPR) və Avropa İnsan Haqları Konvensiyasının tərəf dövlətidir. Bu beynəlxalq və regional mexanizmlərlə Azərbaycan dövlət olaraq müəyyən öhdəliklər götürüb.

Birləşmiş Millətlər Təşkilatının – Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktının ikinci maddəsi (Hər bir iştirakçı dövlət bu Pakt üzrə öz üzərinə öhdəlik götürür ki, öz ərazisi daxilində və yurisdiksiyası altında olan bütün şəxslərin bu Paktda tanınan hüquqlarına hörmət etsin və həmin hüquqları irqi, rəngi, cinsi, dili, dini, siyasi və ya digər əqidəsi, milli və ya sosial mənşəyi, əmlak vəziyyəti, doğumu və ya digər statusuna görə heç bir ayrı-seçkilik etmədən təmin etsin) hüquqlardan ayrı-seçkilik olmadan istifadə edilməsinin təmin olunmasını dövlətlərin üzərinə öhdəlik olaraq qoyur.

Maddədə konkret olaraq oriyentasiya və ya gender kimliyi sözü keçməsə də, bu, həm də seksual oriyentasiyaya, gender kimliyinə görə də ayrıseçkiliyi nəzərdə tutur. Yəni, belə şərh edilir.

Məsələn, Toonen v. Australia qərarında BMT İnsan Haqları Komitəsi bu maddəyə istinad edərək müəyyən edib ki, “digər status” anlayışına seksual orientasiya da daxildir.

Yəni Azərbaycan bu pakta qoşulub, paktda ayrı-seçkiliklə bağlı maddə var və BMT İnsan Haqları Komitəsi bu maddəni həm də seksual oriyentasiyaya görə ayrı-seçkiliyin qadağan edilməsi kimi şərh edir.

Eyni qaydada Avropa İnsan Haqları Konvensiyasını da nümunə göstərə bilərik.

Konvensiyada bu məsələni əhatə edən üç əsas maddə mövcuddur:

  • Maddə 3 – işgəncə və qeyri-insani rəftarın qadağası
  • Maddə 8 – şəxsi və ailə həyatı hüququ
  • Maddə 14 – ayrı-seçkiliyin qadağası

Avropa İnsan Hüquqları Məhkəməsi praktikasına görə seksual orientasiya və gender kimliyi üzrə ayrı-seçkilik bu maddələrə ziddir. Bu ayrı-ayrı qərarlarda təyin olunub. Məsələn, Identoba and Others v. Georgia (2015), Smith and Grady v. United Kingdom (1999). Yəni maddələrin mətnində konvensiyada ayrıca qeyd olmasa da, məhkəmə qərarları bu maddələrlə pozuntunu şərh edəndə həm oriyentasiyanı, həm gender kimliyini nəzərə alır.

Öz gender identikliyini əks etdirməyən həbsxanalarda saxlanılan şəxslər üçün bunun nəticələri dağıdıcı ola bilər.

Yaratdığı insan faciələri, törətdiyi şüursuz cinayətlərlə homofobiya təməl insan haqlarına qarşı ən böyük təhdiddir. Azərbaycan da bu təhdidə qarşı beynəlxalq öhdəliklər götürüb. Dövlətin üzv olduğu konvensiya və mexanizmlər seksual oriyentasiyaya görə ayrı-seçkiliyi qadağan edir.

Avropa Şurasının İşgəncələrə Qarşı Mübarizə Komitəsi tövsiyə edib ki, trans şəxslər özlərini identifikasiya etdikləri genderə uyğun həbsxanalarda yerləşdirilsinlər. Əks halda həmin şəxslər üçün bunun nəticəsi dağıdıcı ola bilər. Həmçinin Avropa Şurası Nazirlər Komitəsinin tövsiyəsi də gender kimliyinə görə ayrı-seçkiliyin qadağan edilməsi, həbs yerlərində təhlükəsizliyin təmin olunmasını nəzərdə tutur. Yəni, Avropa Şurası üzv dövləti olaraq bu tövsiyə həm də Azərbaycana aid edilir. Lakin bu qapalı sistemdə nə öhdəliklər yerinə yetirilir, nə də tövsiyələr nəzərə alınır.

17 May yalnız homofobiya, transfobiya və bifobiyaya qarşı mübarizəni xatırladan simvolik tarix deyil. Bu gün həm də görünməz saxlanılan, susdurulan insanların həyatına baxmaq üçün çağırışdır. Həbsxanalar cəmiyyətin ən qapalı məkanları olsa da, orada baş verən ayrı-seçkilik və zorakılıq cəmiyyətdən ayrı deyil, – onun birbaşa davamıdır. Dövlətin öhdəliyi hər kəsin həyatını, təhlükəsizliyini və hüquqlarını qorumaqdır; gender kimliyindən və seksual oriyentasiyasından asılı olmayaraq. Əks halda, həbs yalnız azadlıqdan məhrum etmə yox, həm də sistemli alçaltma və insanlıqdan çıxarma mexanizminə çevrilir.

Paylaş