Bakıda azyaşlı lezbiyan polis bölməsində seksual qısnamaya məruz qalıb

Bakıda azyaşlı lezbiyan polis bölməsində seksual qısnamaya məruz qalıb

Bakı şəhərində yaşayan və təhsil alan Dəniz (ad şərtidir) polis bölməsində seksual qısnamaya məruz qaldığını, bu səbəbdən elə bölmədəcə panik atak keçirib özündən getsiyini bildirir. O, deyir ki, hadisə oktyabr ayının ortası baş versə də son günlər kuir dostu gecə klubuna edilən polis reydini ictimailəşdirən icma yoldaşlarını gördükdən sonra o da başına gələnləri danışmaq qərarı verib.

“Bir gün axşam vaxtı ailəmlə mübahisə etdim və sonra telefonu söndürdüm. Ailəmdən ayrı yaşadığım üçün də onlar narahat olub polis şöbəsinə məlumat verdilər ki, məndən xəbər ala bilmirlər. Sonra ailəm qaldığım evə gəlib mənim evdə olduğumu gördükdə polisə zəng edərək artıq məni tapdıqlarını bildirdi. Ancaq bizə dedilər ki, övladınız artıq itkin olmasa belə gəlib itkin olmadığı haqqında bölmədə izahat yazmalıdır. Nə oldusa ora gedəndən sonra oldu” – Dəniz deyir.

Onun sözlərinə görə, izahat yazmaq üçün getdikdə bölmənin rəisi onları kabinetinə çağırtdırıb. Daha sonra rəis Dənizlə tək danışmaq istədiyini deyərək valideynlərini otaqdan çölə çıxarıb. Bu zaman isə onunla seksual söhbətlər edərək cinsi əlaqə təklif edib:

“O, heç mənim 18 yaşımın tamam olmamasına da əhəmiyyət vermirdi. Mən onun təkliflərindən və sətiraltı sözlərindən bezib özümü təhlükəsizliyə almaq üçün lezbiyan olduğumu, oğlanlara marağımın olmadığını da bildirdim. Bundan sonra bölmə rəisinin açıq seksual ifadələri və təklifləri daha da şiddətləndi. Özümü toparlayıb bu etdiyinin düzgün olmadığını, onu şikayət edəcəyimi və valideynlərimə hər şey danışacağımı dedikdən sonra o, özünü sanki belə söhbətlər olmayıbmış kimi apardı və mövzunu dəyişərək başqa şeylərdən danışdı. Sonra mən, təbii olaraq, panik atak keçirib özümdən getdim”.

Dəniz deyir ki, evə gələndən sonra hər şeyi ailəsinə danışıb və səhəri gün ailəsi polis bölməsinə gedərək rəisdən açıqlama tələb edib:

“Ailəm polisin üstünə gedərək onun dərsini versə də belə bir mövzuda adımın hallanmamağı, universitet həyatımın zərər görməməsi üçün şikayət etmək fikrindən daşındı. Mən də elə bu səbəbdən üzləşdiyim qısnamanı ictimailəşdirmədim. Rəis ailəmə mənim psixi problemlərim olduğunu və yalan danışdığımı desə də onlar yaxşı bilirdilər ki, mən düz deyirəm və buna görə də məni müdafiə etdilər”.

Paylaş