
Gununsesi.info -a süni adalarda kazino fəaliyyətində marixuana leqallaşdırılması ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki: “Kazino elit turizmdir və bunun bizdə fəaliyyət göstərməsinin heç bir mənəvi ziyanı yoxdur. Məsələnin gündəmə gəlməsi ilə bağlı haqlısınız. Ancaq hesab edirəm ki, bizdə belə məsələyə icazə verilə bilməz. Marixuana bizim üçün mənəvi məsələdir. Bu məsələyə ilə bağlı qanunvericiliyimizdə də söhbət getmir. Məsələn, Hollandiya kimi ölkələrdə bu cür məsələlər var, ancaq oxucularımız yaxşı bilir ki, orada başqa dırnaqarası ənənələr də var. Bu, ümumiyyətlə, heç müzakirə predmeti də deyil bizdə”
Söhbət marixuananın leqallaşmasından düşsə də, cümlənin davamı birbaşa olaraq Hollandiya cəmiyyətində fərqli həyat tərzlərinə, xüsusilə də LGBTQ+ hüquqlarına işarə edir. Deputat açıq şəkildə deməsə də, “başqa dırnaqarası ənənələr” ifadəsi Hollandiya haqda Azərbaycanda formalaşmış stereotipi nəzərdə tutur.
Bu baxış mövqesi bizim cəmiyyətdə durmadan təkrar-təkrar vurğulanır: narkotik, qumar, seks azadlığı və qeyri-heteroseksual münasibətlər eyni “mənəvi deqradasiya paketindədir” və bizim mənəviyyatdan kənardır. Belə ümumiləşdirmələr isə çox vaxt əsl müzakirəni, məsələn, real qanunvericilik, zərərsizləşdirici mexanizmlər və azadlıqların sərhədləri barədə rasional debatı boğur.
Halbuki Hollandiya modeli sırf marixuana və ya eynicinsli nikahdan ibarət deyil, həm də, insan hüquqlarına hörmət, fərqli kimliklərin bərabərşəkilli inteqrasiyası və açıq cəmiyyəti bir dəyər olaraq özündə daşıyır. Orada da bunun tətbiq olmasında problemlər var, amma “ənənə” etiketi ilə bunları bir qutuya atmaq yalnız xalqı qorxutmaq məqsədi güdür.
Nə də olsa bizim siyasətçilər və bizi birbaşa Milli Məclisdə təmsil edən, əlində siyasi güc imkanı olan hər bir şəxs üçün mənəviyyat sadəcə asan istifadə olunan bir silahdır. Nədənsə bu anlayış yalnız kimlərinsə maraqları üçün fərqli formalar alır, onun çərçivələrinin ölçüləri bu insanların sözügedən mövzulardan nə qədər xeyir götürdüyünə bağlıdır. Bizlər isə həmişə bu “mənəviyyat” anlayışının sərhədləri içində saxlanılırıq. Kimin əlində güc varsa, o sərhədləri istədiyi kimi çəkir, istədiyi vaxt dəyişir. Xalq üçün bu “mənəviyyat” nə real sosial təminat, nə söz azadlığı, nə də insan ləyaqəti deməkdir. “Mənəviyyatın” mövcudluğu yalnız mövzu dəyişmək, əsas problemləri unutdurmaq və nəzarəti əldən buraxmamaq üçündür. Maraqlıdır, bəs LGBTQ+ və qadın hüquqlarının da “elit” status alması üçün hansı biznes modeli, hansı sərfəli investisiya və nə tip turizm paketi lazımdır? Görəsən, nə vaxtsa kiminsə maraqlarına uyğun gələrsə, bu mövzular da “qadağan olunmuş” mənəviyyatdan çıxıb sevimli bir brendə çevrilə bilərmi?
Müəllif: Nul