
TGEU (Transgender Avropa və Mərkəzi Asiya) təşkilatı Türkiyə hökümətinə trans gənclərin hormon dərmanlarına çıxışını 21 yaşadək qadağan etdiyi üçün çağırış edib.Məsələn, bu yeni qanunlara görə, əgər bir trans tibbi gender adaptasiya prosesinə başlamaq (hormon terapiyası, cərrahi əməliyyat) istəyirsə, mütləq əvvəlcədən dövlətin icazəsini almalıdır. Əgər bu icazə alınmadan müdaxilə edilərsə, bunu edən həkim və ya şəxs cinayət törətmiş sayılacaq. Bu dəyişikliklər insan hüquqlarını pozur və Türkiyənin Aİ-yə üzvlük hədəfləri ilə ziddiyyət təşkil edir.
Trans insanların hüquqlarına qarşı yeni bir hücum olaraq, Türkiyə Səhiyyə Nazirliyinə bağlı Dərman və Tibbi Cihazlar Agentliyi translara yönəlik tibbi xidmətlərə çıxışı məhdudlaşdıran yeni qaydalar tətbiq edib. Artıq 21 yaşdan aşağı trans gənclər translara yönəlik tibbi xidmətlərdə istifadə olunan hormon preparatlarına çıxış əldə edə bilməyəcəklər. Bu məhdudiyyət yeni qanunla birbaşa translara yönəlib, çünki eyni dərmanlar digər tibbi sahələrdə (xərçəng müalicəsi, sonsuzluq, erkən yetkinlik və endometrioz kimi hallar) istifadədə qalacaq.
Türkiyə Mülki və Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər
2025-ci ilin fevralında mətbuata sızan qanun layihəsinə daxil olan dəyişikliklər aşağıdakılardır:
- Hüquqi cinsin tanınması üçün yaş həddinin 21-ə qaldırılması (halbuki Türkiyədə rəsmi yetkinlik yaşı 18-dir);
- Hüquqi cinsin tanınması üçün məcburi sterilizasiyanın yenidən tətbiq olunması (yəni uşaq sahibi ola bilməyəcək şəkildə cərrahi müdaxilə, yumurtalıqların və ya toxumluqların alınması) bu isə Avropa Məhkəməsinin Y.Y. Türkiyəyə qarşı işi də daxil olmaqla, Avropa İnsan Haqları Məhkəməsinin və Türkiyə Konstitusiya Məhkəməsinin qərarlarına ziddir;
- Translara yönəlik tibbi xidmətlər təqdim edə biləcək xəstəxanaların sayının əsasız şəkildə azaldılması və bu səlahiyyətin yalnız Səhiyyə Nazirliyinə verilməsi;
- “Cinsiyyət dəyişikliklərinə dair heç bir tibbi müdaxilə edilə bilməz” şərtinin qanuna salınması, yalnız əvvəlcədən rəsmi icazə olduqda istisna hallar olunması;
- Bu cür tibbi müdaxilələrə əvvəlcədən icazəsiz şəkildə yol verənlərə və həkimlərə qarşı ən azı 3 il həbs cəzası daxil olmaqla, cinayət sanksiyalarının tətbiqi.
Türkiyə qanunlarına görə, translar müəyyən tibbi müdaxilələr üçün əvvəlcədən məhkəmə icazəsi almalıdırlar. Lakin TGEU üzvlərinin dəstəklədiyi analizlər göstərir ki, “tibbi müdaxilə” anlayışı, bu icazənin alınması üçün hansı mərhələlərin izlənməsi və icazəni kimin verəcəyi məsələlərində ciddi hüquqi qeyri-müəyyənlik mövcuddur.
Təklif olunan bu müddəalar, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarları ilə ziddiyyət təşkil edir. AİHM zorla sterilizasiyanın Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsini pozduğunu dəfələrlə bəyan edib və sürətli, şəffaf, əlçatan hüquqi cinsin tanınması prosedurlarının zəruriliyini vurğulayıb.
2015-ci ildə AİHM Türkiyəni, məcburi cərrahi müdaxilə və sterilizasiyanı tələb etməsinə görə, şəxsi həyata hörmət hüququnu pozmaqda günahkar hesab edib (Y.Y. Türkiyəyə qarşı). 2017-ci ildə isə Türkiyə Konstitusiya Məhkəməsi Mülki Məcəllədə yer alan və sterilizasiyanı hüquqi cinsin tanınması üçün ön şərt kimi göstərən müddəanı ləğv edib.
Bundan əlavə, 2024-cü il üzrə Aİ-nin Türkiyə ilə bağlı Genişlənmə Hesabatı da qeyd edir ki, Türkiyə hələ də hüquqi cinsin tanınması üçün sterilizasiya və digər tibbi müdaxilələri tələb edir. Bu isə beynəlxalq insan hüquqları standartlarına ziddir.
Əgər bu dəyişikliklər qəbul olunarsa, Cinayət və Mülki Məcəllədəki dəyişikliklər transların vacib tibbi xidmətlərə çıxışını və rəsmi sənədlərini dəyişməsini çətinləşdirəcək:
- Translar lazımsız tibbi prosedurlara məcbur ediləcək,
- Həkimlər cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxaraq bu xidmətləri göstərməkdən çəkinəcəklər,
- İcazə alma sistemləri hüquqi cinsin tanınmasına və tibbi xidmətlərə çıxışda ciddi gecikmələr yaradacaq.
Türkiyənin Aİ-yə üzvlük hədəfindən geriyə addım
“Bu təkliflər Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyinə ziddir. Çünki əsl üzvlük üçün demokratiya, insan hüquqları və azlıqların müdafiəsi kimi fundamental Avropa dəyərlərinə sadiqlik vacibdir.”
Təcili çağırış
“Türkiyə Ədliyyə Nazirliyini bu qanun layihəsini və 21 yaşdan aşağı trans gənclər üçün hormon dərmanlarına çıxışa qoyulan yeni məhdudiyyəti dərhal geri çəkməyə çağırırıq. Türkiyədəki translar daha güclü insan hüquqları və qanuni müdafiə vasitələrinə ehtiyac duyurlar. AİHM və Konstitusiya Məhkəməsinin bu sahədə verdiyi qərarlara hörmət olunmalıdır.
Eyni zamanda, Avropa Şurasının İnsan Hüquqları Komissarını və Avropa İttifaqı Komissiyasını Türkiyə hökuməti ilə bu məsələni müzakirəyə başlamağa və qanun layihəsinin geri çəkilməsini tələb etməyə çağırırıq.”